
Bu gün "Qəbələ" klubu Avropa Liqasının pley-off mərhələsində Sloveniya nəhəngi "Maribor"la qarşılaşacaq. Saat 21:00-da başlayacaq görüşdə qazanılacaq sərfəli nəticə Avroliqanın qapılarını aralamaq imkanı verəcək.
Əslində 2 il əvvəl iyunun 26-dan bu komandalar bir-birini tanıyır. Belə ki, "Qəbələ" Sloveniya təlim-məşq toplanışı zamanı bu komandanı Ruslan Abışovun ötürməsi ilə Rafael Santosun 14-cü dəqiqədə vurduğu qolla məğlub edə bilib.
Ümumiyyətlə, "Qəbələ"nin həmin oyunda meydana çıxmış start heyətindən yalnız Rafael Santosla Elvin Camalov komandada qalıb. Braziliyalı Rafael mətbuata qapalı olduğundan müsahibə vermək istəməyib.
Bununla belə, "Maribor"u tanıyan şəxslərdən biri də hazırda AZAL-a məxsus olan Ruslan Əmircanovdur. Ancaq o, sabiq klubu "Qəbələ" ilə yox, "İnter"lə "Maribor"a qarşı oynayıb. Hazırda Avstriyada oynayan Rayko Repin 53-cü dəqiqədə vurduğu qol "Maribor"a 1:0 hesablı qələbə qazandırıb.
Əmircanov da 4 il əvvəl baş tutmuş bu yoxlama oyununda iştirak etmiş futbolçulardan olub. Ona görə Qaynarinfo.Az Ruslanın bu oyunla bağlı fikirlərini öyrəndik: "Həmin oyunda yaxşı oynasaq da, uduzduq. Amma rəqib çox güclü komanda idi. Təsadüfi deyil ki, həmin vaxt "Maribor" Sloveniya çempionu idi. Çox sürətli oynayırdılar. Standard vəziyyətlərdə təhlükəli olduqları yadımdadır. Ucaboy futbolçuları hər an qol vura bilərdi. Səhv etmirəmsə, biz Avstriyada təlim-məşq toplanışında idik. Bu matçdan ötrü qonşu Sloveniyaya keçmişdik. Dediyim məqamlara fikir verilsə, "Qəbələ" mərhələ keçər".
Sonda 2012-ci ildə baş tutmuş "Maribor" - "İnter" oyununun videosunu təqdim edirik:
Qaynarinfo.Az