
Yaxın günlərdə Rüstəm İbrahimbəyovun Azərbaycan Kinematoqrafiya İttifaqından istefa verəcəyi gözlənilir. Bu barədə Qaynar.info-ya daxil olan məlumatda bildirilir.
Məlumata görə, yaxın günlərdə Kinematoqrafiya İttifaqında qurultay keçiriləcək və Rüstəm İbrahimbəyov könüllü istefa verəcək. Onun bu məsələdə hakimiyyətdə müəyyən şəxslərlə razılaşdığı da iddia olunur.
Qeyd edək ki, bir müddət öncə Rüstəm İbrahimbəyovun təşkilatına alternativ olaraq Şəfiqə Axundovanın rəhbərliyi ilə yeni Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılmışdı.
Ziyalılar Forumunun üzvü, tanınmış kinorejissor Eldəniz Quliyev isə Qaynar.info-ya açıqlamasında bildirdi ki, bu haqda heç bir məlumatı yoxdur: "Mən bu xəbəri nə təsdiq, nə də təkzib edirəm. Bu barədə dəqiq məlumatım yoxdur. Amma belə bir şey olarsa, bunun üçün İttifaqın növbədənkənar qurultayı çağırılmalıdır. Kino ittifaqı böyük ittifaqdır, oradan elə-belə istefa vermək olmur ki. Amma onu da deyim ki, Rüstəm İbrahimbəyova hakimiyyət tərəfindən edilən təzyiqlər heç bir nəticə vermədi. Ola bilsin ki, onun istefa məsələsinin gündəmə gətirilməsi də növbəti uydurmalardan biridir".
E.Quliyev yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının da fəaliyyətinə və bu alternativ qurumun özünü doğrultmadığını da vurğuladı: " Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilata alternativ qurum yaratdılar. Təzyiqlər bundan sonra daha da intensivləşdi. Bundan sonra aktyor və rejissorların bir qismi yeni ittifaqa keçdi. Bu da hakimiyyət tərəfindən həyata keçirildi, ona görə də Rüstəm İbrahimbəyovun hakimiyyətin hansısa qanadı ilə anlaşması absurddur. Bu, qar topası ilə qızınmağa bənzəyir. Rüstəm İbrahimbəyov dünya şöhrətli şəxsiyyətdir və heç vaxt əqidəsini dəyişən adam deyil".
Qaynar.info