
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) işçilərin ixtisarı prosesi davam edəcək.
Apa-nın xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib: «Çünki şirkət işini müasir standartlarla həyata keçirir. Şirkət müəssisələrini bu standartlara uyun olaraq qurduqca, müəyyən işçilərin ixtisara düşməsi baş verir».
R.Abdullayev qeyd edib ki, şirkət SSRİ dövründən qalan bir quruluş olub: «Müəssisədə mənzil istismar idarəsindən tutmuş mədəniyyət evinə qədər bir çox idarələr olub. Amma istehsalat şirkətinin bu cür sahələrə sahib olmasını hətta beynəlxalq auditor təşkilatları qəbul etmir. Odur ki, tabeliyimizdə olan müəssisələr üzrə təhlil aparılır. Bu işə başlamışıq və bu, davam edəcək. Şirkətin mükəmməl beynəlxalq standartlarla işləməsi üçün müəyyən ixtisarlar aparılacaq».