
Türk dünyasının ustad sənətkarı, məşhur darbuka ifaçısı Misirli Əhmədin azərbaycanlı tələbəsi Rövşən Cabbarın yaradıcısı və rəhbəri olduğu “Rövşən Ritm” qrupunun Bakı Caz Mərkəzində “Ritm bir dünyadır” adlı solo konserti keçirilib.
Xatırladaq ki “Rövşən Ritm” qrupunun bu artıq Bakı Caz Mərkəzində sayca ikinci konsertidi.
Qrupun ifa etdiyi ritmlərin əksəriyyətinin bəstələri qrupun rəhbəri Rövşən Cabbara aiddir.
Konsertdə qrupun 7 kompozisiyası və Rövşən Cabbarın solo ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Konsertdə Əməkdar artist Zaur Əmiraslanov və gənc müğənni Həyat Həsanzadə də öz musiqi töhvəsi ilə çıxış edib.
Konsertin möhtəşəm keçməsinin səbəbi isə canlı ifalar idi. 1 saat davam edən konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Canlı ifalardan doymayan tamaşaçılar, konsert bitsə də, zalı tərk etmədən qrupu alqışlamaqdan yorulmurdular.
Konsertə dəvət olunan qonaqlar arasında dəyərli sənətçilər: Arif Qazıyev, Xalq Artisti Flora Kərimova, aktrisa Ofelya Məmmədova, şairə Sevinc Çılğın və teleaparıcı Zemfira Adıgözəlova da vardı.
Onu da qeyd edək ki, konsertin tarixinin 24 noyabr seçilməsi heç də təsadüfi deyildi. Bu tarix qrupun rəhbəri Rövşən Cabbar üçün çox əhəmiyyətli bir gündür. Çünki 24 noyabr, Rövşən Cabbarın ustadı Misirli Əhmədin anadan olduğu gündür. “Ritm bir dünyadır” adlı solo konserti isə Rövşən Cabbar məhz ustadının doğum gününə həsr etmişdi.
Konsertdən eksklüziv fotoları sizlərə təqdim edirik.
Qaynar.info













