
Qulaq və boğazında yaranan problemlərlə bağlı müalicə alan sabiq prezidentin həkimi azərbaycanlıdır
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Bakıda müayinə olunub. “Yeni Müsavat”ın məlumatına görə, sabiq prezident Əhmədli qəsəbəsində yerləşən “Diaqnoz” tibb mərkəzini ard-arda iki gün ziyarət edib. Saakaşvilinin Bakıdakı tibb mərkəzinin ziyarət etməkdə məqsədi isə həm həkim dostu Qəmbər Qocayevi ziyarət etmək, həm də, müayinədən keçmək olub.
Əldə etdiyimiz məlumata görə, Saakaşvilinin həkimi məşhur otolorinqoloq Qəmbər Qocayevdir. Məlumatda həmçinin qeyd olunur ki, həkim Qəmbər Qocayev Gürcüstanın sabiq prezidentinin səhhətində yaranana problemlərlə bağlı tez-tez Tiflisə gedib-gəlir. Ötən ay Bakıda keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün ölkəmizə gələn Mixail Saakaşvili “Diaqnoz” tibb mərkəzinə gedərək yenidən müayinədən keçib. Sabiq prezidentin qulaq və boğazında yaranan problemlərlə bağlı müalicə aldığı qeyd olunur.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə aprelin 27-də Bakıya gəlib. Bu Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri olub.
Qaynar.info



