Siyasət 11:02 03.10.2023

Saakaşvli Ruben Vardanyanın həbsindən danışdı: "Xeyirlə şər..."

"Ətrafımızda xeyirlə şər arasında qarşıdurma gedir. Azərbaycan Rusiyanın Ukraynadakı təcavüzünə fəal dəstək verən milyarder Ruben Vardanyanı həbs edib. "Artsaxın xarici işlər naziri” - qondarma dövlətlər "Cənubi Osetiya" və "Abxaziya Respublikası” ilə münasibətlərini fəal şəkildə inkişaf etdirən Davit Babayan da saxlanılıb”.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili bildirib.

Saakaşvili qeyd edib ki, bu gün artıq yuxarıda adı çəkilən işğal olunmuş ərazilər - "Cənubi Osetiya" və "Abxaziya Respublikası” öz tərəfdaşlarını itirib. Çünki qondarma "Artsax” özünü ləğv etdiyini açıqlayıb.

"Bu arada ukraynalılar əvvəlcə 58-ci ordunun komandirini, generalı (bu, 2008-ci ildə bizə təcavüz edən 58-ci ordudur) öldürdülər, ondan əvvəl isə onun ikinci komandirini ağır yaraladılar, həmçinin "Cənubi Osetiya batalyonu”nu məhv etdilər, Donbassda onlarla abxaz sıradan çıxarıldı. Bir sözlə, bizdən başqa hamı bizim işimizi görür. Geosiyasi qatarda biletsiz səyahətimizə davam edəcəyimizi və hansısa kəskin döngədə bu qatardan düşməyəcəyimizi düşünmək yalandır”.

Saakaşvili bildirib ki, Gürcüstanın qarşısında unikal imkanlar açılır:

"Gələcək nəsillər bu imkanları əldən verdiyimizi bizə bağışlamayacaqlar. Ukraynadakı böyük müharibənin tarixlərini dəqiq deyə bilmədim, amma hansısa qüvvə məni Gürcüstana gətirdi, 50 günlük aclıq aksiyası zamanı və xüsusən də zəhərlənmə zamanı məni xilas etdi, bu məni inandırdı ki, Gürcüstanda qaldığım bu gün ən çətin zamanın özünəməxsus məqsədi var və bu məqsəd sona çatdırılmaqdır.

Bu missiya Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək və tam milli qurumla Avropaya daxil olmaqdır”.