"Sabah"ın aparıcı futbolçusu Coy Lens Mikels qəfil ayrılığın səbəblərini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, futbolçu belə addımı narazılıq səbəbindən atdığını bildirib. Səudiyyə Ərəbistanı klubu "Əl-Faysal”a transfer olunan almaniyalı futbolçu şəxsi sosial şəbəkə səhifəsində "Sabah" rəsmilərindən narazılığını dilə gətirib:
"Komanda yoldaşlarım və sevimli "Sabah” ailəsi qarşısında vidalaşmaq istəyim rədd edildi. Kaş, hər şey başqa cür olaydı. Amma həyat bəzən belə gətirir. Sağollaşmaq həmişə çətindir və vidalaşma tərzim təsəvvür etdiyim kimi deyildi. İki il meydanda qan-tər axıtdıqdan sonra bəzi insanlar bu hərəkətimin xoş qarşılanmadığını dedilər. Həmin insanlarla "döyüşmək” fikrində deyiləm. Məni günahkar göstərmək, heç vaxt klubda olmamışam kimi paltardəyişmə otaqlarından və dəhlizdən şəkillərimi çıxarmaq böyük zəiflikdir. Hekayəmi deyə bilmədim, çünki bunu etmək şansım olmadı”.
29 yaşlı hücumçu Azərbaycan üçün çox darıxacağını, yenidən görüşmək arzusunda olduğunu açıqlayıb: "Bu, həmişə belə də qalacaq. Sizin üçün çox darıxacağam. Çünki mənə heç vaxt unuda bilməyəcəyim ailə bəxş etdiniz. Bu, indiyə qədər keçirdiyim ən yaxşı iki ilim idi. İnanılmaz komanda yoldaşlarım, mənə sonsuz güvənən məşqçilər, klub işçiləri, media komandası var idi. Orada əlimdən gələnin ən yaxşısını etdim. Ölkədə dostlar qazandım, səmimi qarşılandım. Həm futbolda, həm də şəxsi həyatda heç vaxt gözləmədiyim bir insana çevrildim. Hər birinizə təşəkkür edirəm. Bu sözləri qəlbimin dərinliklərindən yazıram. Sizdən gördüyüm sevgi sözlə ifadə edilə bilməz. "Sabah” ömrümün sonuna qədər ürəyimdə yer tutacaq. İnşallah, yenidən görüşərik. Heç vaxt "heç vaxt” demə! Sizi sevirəm”.
2021-ci ildən "Sabah”da çıxış edən Coy Lens Mikels 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.
Səbuhi Həsənov