İdman 11:25 15.04.2023

"Sabah”ın “qırmızı” sevgisi - Daha bir baş məşqçi…

Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan "Səbail" - "Sabah" matçından sonra qonaqların baş məşqçisi Murad Musayev qırmızı vərəqə ilə cəzalandırldı. Hakimlərə qarşı emosional davranan rusiyalı mütəxəssis sonradan İntizam Komitəsinin iclasında çıxarılan qərarla 1 oyunluq cəzalandırıldı. Bu da o anlama gəlir ki, mütəxəssis 30-cu turda əsas rəqibi "Qarabağ"la baş tutacaq matçda texniki zonada olmayacaq. 

Məsələ burasındadır ki, "Sabah"da hakimlərə qarşı aqressivliyə görə cəzalanan baş məşqçi təkcə Murad Musayev deyil. Görünür, klubda yaranan gərginlik aşağı yaşlılardan ibarət komandalara da sirayət edib. "Sabah"ın U-17 komandasının baş məşqçisi Saşa Yunisoğlu da eyni səbəbdən cəza alıb. Ötən gün baş tutan AFFA-nın İntizam Komitəsinin iclasında çıxarılan qərara əsasən millimizin sabiq futbolçusu, aprelin 9-da U-17 liqasında "Şamaxı" ilə oyunda meydana daxil olaraq hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Yunisoğlu ilə yanaşı komandanın futbolçusu Niyazi Osmanov da oyun bitdikdən sonra rəqibinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun şərti olmaqla 3 oyun cəza alıb. Cəzanın sınaq müddəti isə 3 (üç) ay təyin edilib.

Bəs U-17 liqasında baş tutan "Şamaxı" ilə oyundan sonra nə baş vermişdi? Yunisoğlunu əsəbiləşdirən və qırmızı vərəqə almasına səbəb nə olub? Bununla bağlı keçmiş müdafiəçi Qaynarinfo-ya açıqlama verib:

"Qələbə qazanmışdıq, futbolçumuz "udduq" sözünü qeyri-etik şəkildə ifadə etdiyi üçün hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılmışdı. 0:1 hesabı ilə geridə olanda futbolçumuz hirslənmişdi. Sonda nəticəni öz xeyrimizə dəyişib 4:1 hesabı ilə qələbə qazananda sevindiyindən "udduq" sözünü bir qədər fərqli formada dedi. Əslində, heç pis şəkildə söyüş söyməmişdi. Sadəcə, hakim onu təhqir kimi qəbul etdi və qırmızı vərəqə göstərdi. Meydançaya çıxıb "niyə qırmızı vərəqə göstərirsən, uşaq sevinir, milli üzvüdür, bombardirdir" deyəndə, hakim məni də cəzalandırdı. O, kimisə döyüb söysə, belə cəza ilə razılaşardım. Hətta, meydana çıxanda əvvəlcə öz oyunçumuzu tənbeh etdim. Daha sonra "Şamaxı"nın uşaqlarına narazılığımı bildirdim. Çünki uşaqlar bir-birilərinə söz atırdı. Hakim də gəlib məni cəzalandırdı. Düzdür, futbolçumuzun ifadəsi bir qədər qeyri-etik idi, amma ciddi söyüş söyməmişdi. Uşaqlara çox oynamaq üçün şərait yaradılmalıdır. Bəzi məqamlarda hakimlər vərəqələrə tez-tez əl atırlar. Milli üzvünə cəza verirlər, 4-5 oyun buraxır. Bəs, uşağı necə yetişdirək? Hakimlər həddən artıq vərəqə göstərirlər, uşaqları sıxışdırırlar. Düzdür, bəzən uşaqlarda da günah olur. Bizdə intizamla bağlı heç bir problem olmayıb”.

Yunisoğlu bir müddət öncə "Səbail”lə matçdan sonra qırmızı vərəqə alan "Sabah”ın əsas komandasının çalışdırıcısı Murad Musayevin də üzləşdiyi cəza ilə bağlı fikirlərini bölüşdü:

"Hər şey emosiyalardan irəli gəlir. "Sabah” elə-belə klub deyil, ən yaxşı futbolçuar yığılır. Məsələn, bizim yaş qrupunda 7 milli üzvü var. Hamısı qələbə istəyir. Hakimlərin belə qərarlarını görəndə adam əsəbiləşir. Uşağa boş yerə qırmızı verildiyi üçün əsəbiləşdim. Murad Musayev kimi mən də emosionalam. 1 dəqiqə sərbəst şəkildə futbola baxmaq olmur. Nəsə uyğunsuzluq görəndə istər-istəməz danışırsan. Sonra peşmalıq olsa da, hər şey meydançada qalır. Bunları əvvəl futbolçu kimi yaşamışam. İndi də məşqçi kimi üzləşirəm. Musayevi yaxşı tanıyıram. Çox səmimi, yaxşı insandır. Nə komandasında, nə məşqçilər korpusunda, nə özündə intizamla bağlı problem var. Onların işindən çox razıyam. Çalışırıq əsas komandandan nələrisə götürüb akademiyada tətbiq edək”.

Səbuhi Həsənov