Xəbər lenti

Veteran futbolçu: “Bir nəfərlə danışırdım, arxasınca 5 adam zəng vururdu...”
İdman07:56 18.11.2021

Veteran futbolçu: “Bir nəfərlə danışırdım, arxasınca 5 adam zəng vururdu...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin sabiq futbolçusu, SSRİ idman ustası Vladislav Qədirov iki gün öncə 51 yaşını tamamladı. Futbolçu karyerası dönəmində 17 yaşında Azərbaycan çempionu adını qazanmış Qədirov ölkəmizdə  "Standard”, "Muğan”, "Rəvan” kimi komandaları da çalışdırıb. Hazırda klubsuz olan sabiq futbolçu öz açdığı futbol akademiyasında fəaliyyət göstərir.
Qaynarinfo-ya müsahibə verən Qədirov həm çalışdığı akademiyadan, həm də futbolumuzun və son vaxtlar Avropada bərbad nəticələrlə yadda qalan yığmalarımızın durumu ilə bağlı fikirlərini bilirib. O, vaxtilə futbolçu kimi çıxış etdiyi "Neftçi”dən də danışıb.
- Ad gününüzü necə keçirdiniz?
- Normal, ad gününü harda keçirərlər? (gülür) Evdə, ailəmlə birlikdə qeyd etdim. Allah qoysa, dostlarla da qeyd edəcəyəm. Yəni, yaxın dostları nəzərdə tuturam. Çünki elə də böyük bir məclis keçirməyi planlaşdırmıram.
- Təbrik edənlər çox oldu?
- Bəli, sağ olsunlar, hamısına təşəkkür edirəm ki, yaddan çıxarmayıblar. Telefonla, Feysbuk vasitəsilə təbrik edənlər oldu.
- Məşqçilik karyeranızda hansı yenilik var? İş məsələsi ilə bağlı durumunuz necədir?
- Özünüz də görürsünüz ki, Azərbaycan Premyer Liqasında 8 komanda var. Amma PRO kateqoriyası almış 100-ə yaxın məşqçimiz var. Onlar işsiz qalıblar. Mənim şəxsi məktəbim var. "Arsenal Bakı” futbol məktəbində başımı qatıram, işləyirəm. Məşqçilər uşaqlara məşq keçir. Əslində məktəbi 2001-ci ildə açmışdım. Sonradan yaxın dostum İqor Ponomaryov dəvət etdi, onunla birlikdə "Qarabağ”da işlədim. Sonradan "Standard”da, "Rəvan”da çalışdım. Məktəb üçün vaxt ayıra bilmədim. Çatdırmaq olmurdu. 2017-ci ildən yenə məktəbdə fəaliyyətə başladım. Gördüm ki, çalışmağa komanda yoxdur. Nə iləsə məşğul olmalıyam.
- Məktəbdə işlər necə gedir?
- Şükür Allaha, yaxşıdır. Son 3 il ərzində "Neftçi”yə 3 nəfər 15 yaşlı futbolçu vermişəm. Bu iş elədir ki, vaxt lazımdır. Çünki uşaqlar 9-10 yaşından məşqlərə gəlirlər. İnşallah, millidə də oynayacaqlar. Hiss edirəm ki, istedadlıdırlar. Yeri gəlmişkən, baxıram millidə "vuran ayaq”, sürətli futbolçular yoxdur. Bu uşaqlarda isə hər şey var. Sadəcə, onlarla işləmək lazımdır. 
- Özünüz də məşq keçirsiniz?
- Əlbəttə, "paslanmamaq” üçün özüm də məşq keçirəm. Amma böyük və uşaq futbolu tam başqadır. Çətin deyil, özümü rahat hiss edirəm. Düzdür, uşaqları başa salanda müəyyən çətinliklər olur. Böyüklərlə işləyəndə, onların təkcə gözlərinə baxanda özləri hər şeyi başa düşürlər. Uşaqlarla çalışmaq xoşdur. 
- Məktəbinizdə neçə uşaq futbolun sirlərini öyrənir?
- 60 uşaq var. Müxtəlif yaş qruplarında oynayırlar. 
- Xarici ölkələrdən də gələnlər var?
- Bəli, məsələn Moldovadan gələn var. Atası, anası burada çalışdığı üçün özü də bizim məktəbdə futbol öyrənir. Moskvadan, Qazaxıstandan da gələnlər var idi. 
- Əsas yığmamızın son tsikldəki çıxışını necə qiymətləndirirsiniz? Uğursuzluğun səbəbi nə idi?
- Əvvəla onu deyim ki, bu tsikl üçün yığılan uşaqlar çox xoşuma gəldi. Gənc və perspektivli uşaqlardan ibarət yaxşı komanda formalaşdırılmışdı. Rəhim Sadıxov, Emin Mahmudov pis deyil. Sadəcə, bəzi məqamlar var. Müəyyən taktiki, texniki problemlər ola bilər. Məsələn, Lüksemburqla oyunda əsas heyətin 4 üzvü ilk 11-likdə meydana çıxmadı. Çünki Portuqaliya ilə matça hazırlaşırdılar. Sən Portuqaliyanı uda bilərsən? Xal götürülməsi lazım olan oyunda meydana ən yaxşı heyət çıxarılmalı idi. Baş məşqçini dəyişdirmək istəyirlər. Xarici məşqçi gətirmək istəyirlərsə, De Byazini saxlasınlar. Pis mütəxəssis deyil. İndiyə qədər gələn əcnəbilərin hamısından yaxşısı elə De Byazidir. Foqtsdan, Yurçeviçdən, Prosineçkidən də yaxşıdır. Sadəcə, vaxt tələb olunur. Düzdür, səhvlər də etdi. Amma mən olsam, onu baş məşqçi kimi saxlayardım.
- Ümumiyyətlə, bu tsikldə neçə xal toplamaq mümkün idi?
- Hər kəs Lüksemburqu zəif görürdü. Fikirləşirdilər ki, 6-cı yer tutacaq. Ancaq belə deyil. Lüksemburq inkişaf edir. Siz onların futbolçularına baxın. Millətlər Liqasında Bakıda bizi 2:1 hesabı ilə məğlub etdikləri oyunda həm taktiki, həm də digər cəhətdən çox yaxşı oynadılar. Heyətin hər bir futbolçusu, yarımmüdafiəçisi, müdafiəçisi öz işini bilir. Kollektiv olaraq qəşəng görünürdülər. Məşqçinin, komandanın nə etmək istədiyi görünürdü. Bizdə isə belə deyil. 90 dəqiqə ərzində strategiyan olmalıdır. Nə istədiyini, oyunu necə dəyişdirmək lazım olduğunu bilməlisən. Problem sistemdə, taktikadadır. Düşünürəm ki, udmaq istəyirdilər, amma alınmadı.
- Əksəriyyət düşünür ki, De Byazinin əvəzinə yerli məşqçi gətirilsə, daha yaxşı olar. Sizin fikirləriniz necədir bu yöndə?
- Mən də yerli məşqçilərin gətirilməsinə müsbət yanaşıram. Amma hər şey belə asan deyil. Məsələn, deyirlər ki, Samir Abasovu, Rəşad Sadıqovu gətirsinlər. Abasov yekə-yekə danışırdı. Onun komandasının Avrokuboklardakı çıxışını izlədik. Dərhal nəyin necə olduğu göründü. Bu, milli komandadır. Baxın, serblər Portuqaliyanı məğlub edir. Özü də səfərdə. Sən bunları bacarmalısan. Hay-küylə heç nə etmək olmaz. Sistem dəyişməlidir. Uşaq futboluna diqqət ayrılmalıdır. Almeydanın 35 yaşında "milliləşdirilməsi” və ona ildə 400 min verilməsi nəyimizə lazımdır? Bu pulu məktəblərə buraxsınlar da. Ancaq o şərtlə ki, həmin məktəblərdə yeyinti olmasın. Çempionatda "Qəbələ”nin oyunlarından zövq alıram. Çünki strategiyanı 10 il əvvəl düzgün qurublar. Demək istəyirəm ki, uşaq futboluna düzgün yanaşmaq lazımdır. 
- Düşünürsünüz ki, Azərbaycanda millini o səviyyədə çalışdıracaq məşqçilər yoxdur?
- Dostum olduğuna görə demirəm. Yığmaya baş məşqçi kimi İqor Ponomaryovu məsləhət görərdim. Həm səviyyəsi, həm də hərtərəfli düşüncələri var. Olimpiya çempionu olub. Avropada tanınır. Yığmaya layiqli insandır. Qurban Qurbanovun "Qarabağ”da qalmasını istərdim. Çünki nailiyyətləri yaxşıdır. Arzulayardım ki, "Mançester Yunayted”i çalışdırmış Aleks Ferqüssonun, "Arsenal”da işləmiş Arsen Vengerin 30 illik rekordunu qırsın. Qurban "Qarabağ”da nə qədər çox işləsə, o qədər də uğur gətirəcək. Mən belə düşünürəm. Millidə çalışmaq asan deyil.
- Son vaxtlar türkiyəli məşqçilərin adı yığmamızla hallanır. Onlar bizə nə verə bilər?
- Mətbuatda oxuyuram, yazırlar ki, mentalitetimiz uyğundur. Hamısı boş söhbətlərdir. Onlar da gələcək, vaxt istəyəcək. Avropadan gələnlərin dediklərini deyəcəklər. Yəni, özlərindən Amerika kəşf etməyəcəklər. Sadəcə, yerli məşqçilər futbolçularımızı tanıyır. Türkiyəlilərdənsə elə yerli məşqçilərə şans vermək daha yaxşıdır. Millidə səviyyə söhbəti var. Qruplara Portuqaliya kimi komandalar düşür. Onlar sənin üçün "Zirə” deyil ki, nəsə taktiki sxem qurasan. Demirəm sırf xarici məşqçi gəlməlidir. Amma gələnlər də çox təcrübəli olmalıdır, başa düşürsünüz? Bu "yüklənmə” elə belə, yüngül deyil. Özümü misal çəkim, klubda işləyəndə telefonum dayanmırdı. Bir nəfərlə danışırdım, arxasınca 5 adam zəng vururdu. İndi siz bir də millidə işləyəndə bunu təsəvvür edin. Təzyiq böyük olur. 
- Vaxtilə U-21 millimizdə çalışmısınız. Aşağı yaş qrupları üzrə yığmalarımızın durumları ilə bağlı nə düşünürsünüz?
- Obradoviç nə edir ki? Heç nə. Norveç yığması ilə oyuna baxdım, norveçlilər cəmi 20-30 faiz oynadılar. Sona yaxın bizimkilər oynamağa başladı ki, bu da artıq gec oldu. Oyun zamanı hakimlə mübahisə edirdilər. Futboldu, səhvlər olur. Lap hakim həmin vaxt penalti təyin etsəydi və bizimkilər qol vursaydılar, nə olacaqdı ki? 2016-cı ildə Prosineçkinin baş məşqçi olduğu dönəmi xatırlayırsınız? Çexiya ilə heç-heçə oynadılar. Hətta qısa müddət ərzində Almaniyanın da olduğu qrupda birinci yerdə getdik. Gülürdük, sevinirdik. Sonda neçənci yeri tutduq? San-Marino sonuncu, biz də 5-ci olduq. Futbolçulara 150-200 min manat pul mükafatı verdilər. Hər oyun futbolçulara mükafat verirdilər, belə şey olar? "Ölü” San-Marinoya 5 qol vurdular. Hər qola görə futbolçulara 10 min manat mükafat verildiyi deyilirdi. 
- Bu gün bizim U-21-ə xarici məşqçi lazımdır?
- U-17, U-19, U-21-də yerli məşqçilər çalışmalıdır. O zaman məşqçilərə nə üçün PRO kateqoriyası verirlər? Bəs onlar harda işləsinlər? Bəziləri var ki, karyeralarını bitirib gedib fəhlə işləyirlər. Məsələn, Ramazan Abbasov millidə oynayıb, yaxşı insandır. Ancaq gedib taksi sürür. Belə olmamalıdır. Onun kimi kənarda qalanlar bilirsiniz nə qədərdir? Qadınlardan ibarət millimizin çıxışı isə faciədir. Siyasətlərdir, alimlərdir, bilmirəm nədir. Bunlar kimdir ki? Futbola haradan gəliblər? Futboldan anlayışları yoxdur, gəlib yığmada işləyirlər. O adamları neynirik?
- Çempionatımızla bağlı düşüncələriniz necədir?
- Qarşıda hələ 15-16 tur var. Ancaq indidən deyirəm, bu mövsüm "Qarabağ” çempion olacaq. "Neftçi”ni iki dəfə məğlub ediblər, bundan sonrakı oyunlarda da udacaqlar. Çünki "Neftçi”də o potensialı görmürəm. 
- Sabiq klubunuz, "Neftçi” niyə bu vəziyyətdədir?
- Əvvəla, klubda qeyri-futbol adamları çoxdur. "Neftçi” bizim flaqmandır, futbol adamları, bu oyunu başa düşən insanlar çalışmalıdır. Baxın, komanda çempion olub və Çempionlar Liqasına vəsiqə qazanıb. Yayda klubdan bir neçə nəfər getdi, əvəzində heç kimi götürmədilər. Yalnız Çempionlar Liqasında uduzandan sonra bir hücumçu transfer etmişdilər. İndi də aldıqlarından birini göndərdilər. Çempionatda onlar ancaq "Qarabağ”la oyun üçün lazımdır. "Qarabağ” sadəcə, ötən mövsüm çox yorulmuşdu. Sonuncu, çempionluğun taleyi həll olunan matçda qələbə qazana bilərdilər. Həmin vaxt, bəxt, hər şey "Neftçi”nin tərəfində idi. Onların günü idi. Amma "artırmaq”, yaxşı transferlər lazım idi. Finlandiya komandasını məğlub etməli idilər. Onlar nə komanda idi ki? Keçmək olardı. 
- Uğursuzluqlardan sonra Samir Abbasov da tənqid olunan adamlardan idi...
- Məşqçi ilə bağlı heç nə demək istəməzim. Amma ümumilikdə danışıram, "Neftçi” flaqmanımızdır. Açığı, məni "Neftçi”də baş məşqçi işləməyə dəvət etsələr, ora gedib-getməməyimlə bağlı qərarı yüz ölçüb, bir biçərəm. Çünki orada işləmək çox çətindir. "Neftçi” böyük "yük”dür. Hara getdiyini bilməlisən. Milli komanda kimidir. Düzdür, şəraiti yaxşıdır. Amma müqaviləyə qol çəkdinsə, bunun məsuliyyətini daşıyırsan. "Neftçi”yə gedən məşqçi, savadlı, hərtərəfli olmalıdır.
- "Neftçi”də ən narazı olduğunuz məqam nədir?
- "Neftçi”nin futbolçusu olmuşam, bu komanda ürəyimdir. İstərdim ki, ardıcıl çempion olsun. Ötən mövsüm çempionluq yaşayandan sonra, yayda transfer etməli idilər. Halbuki bir-iki ay əvvəl futbolçu aldılar. O zaman artıq gec idi. Yeni futbolçuları altı ay əvvəl gətirməlidirlər ki, komandaya uyğunlaşsınlar. "Qarabağ”ın yeni hücumçusunu görürüsünüz? Çox yaxşı futbolçudur. Əsl hücumçu belə olmalıdır.
Səbuhi Həsənov