"Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin son matçında "Bazel”lə üz-üzə gəldi. Ağdamlılar Bakıda baş tutan və 0:0 hesabı ilə bitən ilk görüşdə oyun baxımından xeyli üstələdiyi bu rəqibə İsveçrədə uduzdu. Təbii ki, hakim ədalətsizliyi, sayılmayan qol komandanın oyununa təsirsiz ötüşmədi. Bəs ağdamlılar daha hansı komponentlərdə nisbətən zəif çıxış etdi? Bu barədə mütəxəssislərdən cavab aldıq.
Şahin Diniyev
"Acınacaqlı məğlubiyyətdir. Oyuna və hesaba baxdıqda üst-üstə düşməyən, mütənasib olmayan nəticədir. Çox şeylərin üzərində dayanmıram, oyunun qırılma anı qolun sayılmaması oldu. Əks halda tamam başqa oyun görəcəkdik. "Bazel” irəli atılacaqdı, belədə müdafiələrində boşluqlar yaranacaqdı. İndividual səviyyədə güclü olan "Qarabağ”ın futbolçuları da bundan istifadə edəcəkdilər. Qolun sayılmaması onu göstərdi ki, VAR futbolun nə qədər probleminin üstünü bağlayan, ədalətin olmasında rol oynayan çox əhəmiyyətli bir sistemdir. Həm futbolçuların, həm azarkeşlərin, həm də məşqçinin əməyi yerə vuruldu. Uduzulası olmayan bir oyun idi. Bir çox qol vəziyyətlərindən istifadə edə bilmədilər. Hansı ki, həmin məqamlarda qol vura bilməmək daha asan idi, nəinki vurmaq. Deyə bilmərik ki, Vadjinin və yaxud Zubirin ustalıq səviyyəsi aşağıdır. Sadəcə, şanssızlıq bəxtsizlik vardı. Həmin gün "Qarabağ”ın günü deyildi. Əlbəttə, burada hakimlərin də böyük rolu oldu. Futbolda belə ədalətsiz nəticələr görürük, amma az olur. "Qarabağ” qələbəyə uyğun futbol oynadı. Qapıya zərbələrlə və oyunla qələbəyə layiq olduqlarını faktiki göstərdilər. Amma faktlardan biri doğru olmadı ki, o da hesabdır. "Qarabağ” üstün oynadı. Ümumiyyətlə, bu matçda komanda hücumda oynamağa məcbur idi. Çünki yalnız qələbə və birinci yer "Qarabağ”ı 1/8 final mərhələsinə aparacaqdı. Belədə müdafiədə boşluqar yarandı. Bu boşluqlardan, "Omoniya” və "Kayrat”dan fərqli, "Bazel” daha yaxşı istifadə etdi. Müdafiədə böyük problemlər oldu. Komanda irəli atılıb müdafiəni boşaltmalı, ya da geriyə çəkilib şansını gözləməliydi. "Qarabağ” da birincini seçdi. Ümumiyyətlə, komandanın oyununda böyük irəliləyiş var. Əvvəl hücumu qapıdan, yəni, öz zonalarından başlayırdılarsa, indi tamam fərqli yol seçiblər. Qapıya ən qısa yoldan hücum edirdilər, rəqibdən pressinq sayəsində topu alıb dərhal irəli atılırdılar. Bunu da məharətlə yerinə yetirirdilər. Sadəcə, "Bazel” boşlulqardan istifadə etdi. "Qarabağ” bu gün başını dik tutmalıdır. Çünki Konfrans Liqasında 6 oyunun hamısını eyni tempdə, oyun üslubunda, hücumda keçirdi. Komanda balanslaşdırılmış futbol oynadı. Bütün matçlarda topa sahibolmada böyük üstünlükləri vardı. Bu da "Qarabağ”ın 65 faiz qola yaxın olması deməkdir. Qol sayılmasa da, başqa təhlükəli vəziyyətlər yaratdılar. Sadəcə, futbolda belə bir şey var ki, top qapıya daxil olmadıqca, bəxtsizlik hökm sürdükcə gərginlik, stress yaranır. İkinci hissənin əvvəlində də "Qarabağ” qol vəziyyətləri yarada-yarada gedirdi. "Bazel” əlinə düşən cüzi bir şansdan istifadə edən komanda idi. "Qarabağ”ın qol vurmaq problemləri vardı, bunu da psixologiya ilə bağlamazdım. Motivasiya böyük idi, meydançaya qələbə üçün çıxmışdılar. Oyunda sona qədər eyni temp nümayiş etdirdilər. Sadəcə, müdafiədə boşluqlar vardı. "Qarabağ”ın sol cinahında həm Toral Bayramovun həm də Zubirin daha çox irəlidə oynaması, müdafiənin boşalması demək idi. Onların da hücumları faiz etibarı ilə daha çox bu cinahdan gəlirdi və bundan məharətlə yararlandılar”.
Azər Bağırov
"Qol məsələsində hakimin kobud səhvi vardı. Böyük ölçüdə oyuna təsir edə biləcək səhv idi. Düzdür, bu, ilk dəqiqədə olmuşdu. Oyunun sonunda nəyin necə olacağı hələ bilinmirdi. Üslub olaraq "Bazel” oyunu daha düzgün qurmuşdu. Bəzən iki nəfər öndə pressinq edir, qalan 8 oyunçu arxada qalırdı. Bununla da "Qarabağ”ı təhlükədə saxamaq istəyirdilər. Belədə komanda sığortalı müdafiə yaratmağa çalışırdı. Kənardan gördüyümüzə görə, "Qarabağ” ikinci hissədə üstünlüyü əldən buraxdı. Məncə, bu, məşqçinin taktikasından irəli gəlirdi. Düzdür, Vadjinin qol vəziyyətləri vardı, yaralansaydı, necə olacağı bilinmirdi. Amma məşqçi iki oyunçunu eyni zamanda Zubirin olduğu mövqeyə buraxandan sonra, demək olar, rəqib üstünlüyü ələ aldı. Həm hücumlarımızın qarşısı alındı, həm də həmin cinahlardan irəli atıldılar. Demək olar, hər iki qol həmin cinahdan vuruldu.
Ümumilikdə "Qarabağ” üçün heç nə itirlməyib. Bu bir təcrübə idi. Bəlkə də belə olmağı məsləhətdir. Qarşıdakı oyunlara baxmaq lazımdır. Rəqiblərimiz ciddidir, amma buna baxmayaraq, futbolda hər şey olur. İstənilən halda "Qarabağ”a təşəkkürlər düşür ki, 8 komandalı bir çempionatda oynaya-oynaya o yerlərə qədər gedib çıxıb. Çox təqdirəlayiq və alqışlanası addımlardır.
Komanda olaraq "Qarabağ” yaxşı vəziyyətdədir. Xayme Romeronun, Bədavi Hüseynovun zədələnməsi bir qədər sıxıntılar yaradıb. Bilirik ki, Maksim Medvedyev mərkəz müdafiəçisi deyil. Cinahda daha effektli oynayır. Buna baxmayaraq, Abbas Hüseynovu qazanmışıq. Düşüncələrimə görə, "Qarabağ”ın bir stopperə və rəqibini birəbir keçə biləcək hücumçuya ehtiyacı var. Düzdür, Vadjinin çox böyük üstünlükləri var - açılmaları, sürəti, çevikliyi. Ancaq haradasa Zubir kimi texnikası olan hücumçu lazımdır ki, rəqibini birəbir keçə bilsin. Deyək ki, burada "Bazel”i darmadağın etdik. Amma İsveçrədə nələr dəyişdi? Məncə, dəyişən yalnız bir şey oldu ki, "Qarabağ”ı düzgün analiz etdilər. Hansı ki, ən qorxulu "silahımız” olan Zubiri zərərsizləşdirdilər. Demək olar, Zubir heç nə etmədi. Bu da həmin analizin təsiri idi. Elə bir hücumçu lazımdır ki, yaradıcılığı, uzun topları götürə biləcək keyfiyyətə malik olsun. Məsələn, rəqib sənin texniki keyfiyyətlərini analiz edirsə, fiziki durumdan istifadə edəsən. Yəni elə alternativ olmalıdır ki, rəqibləri çaşqın duruma salasan”.
Səbuhi Həsənov