Xəbər lenti

"Sabah"ın kapitanı: "Bəlkə də mənə simpatiyaları yoxdur..."
İdman12:57 24.08.2021

"Sabah"ın kapitanı: "Bəlkə də mənə simpatiyaları yoxdur..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqada yeni mövsümə uğursuz başlayan "Sabah" geridə qalan hər iki oyunda məğlub oldu. Ancaq ikinci turdan sonra yığmaların oyunlarına görə yaranan fasilə komandanın yenidən toparlanması üçün kifayət edəcək. Hər iki oyunla bağlı komandanın kapitanı Slavik Alxasovla danışdıq. 
Müdafiəçi Qaynarinfo-ya müsahibəsində həm komandasının, həm də yığmanın qarşıdan gələn oyunları ilə əlaqədar düşüncələrini bölüşüb, qələbə şanslarımızı dəyərləndirib. Bununla yanaşı, o, milliyə dəvət almamasının səbəbləri haqda da sauallarımızı cavablandırıb. 
- Mövsümə uğursuz başladınız. Geridə qalan iki oyunu həm özünüz, həm də komanda üçün necə xarakterizə edərdiniz?
- Çempionata yaxşı başlamaq istəyirdik, ancaq alınmadı. Hələ iki tur keçib. Qarşıda xeyli oyunlarımız var. Medallar uğrunda mübarizə aparıb, avrokuboklara vəsiqə qazanmaq niyyətindəyik. Kollektiv şəkildə buna inanırıq. İki oyun uduzmağımız o demək deyil ki, hər şey bitdi. Həm də yeni futbolçularımız var ki, uyğunlaşma prosesi keçir. Bundan əlavə, 4-5 aparıcı futbolçumuz oynamırdı. Onlar da gələndən sonra komandanın gücünü görəcəksiniz.
- Kapitan kimi necə düşünürsünüz, məğlubiyyətdə əsas rolu nə oynadı? Hansı çatışmazlıqlar özünü daha çox büruzə verir?
- Təlim-məşq toplanışını yüksək səviyyədə keçirmişik. Sadəcə, "Səbail"lə oyunda bir qədər bəxtsizlik oldu. Hücumları qola çevirib, son nöqtəni qoya bilmədik. "Sumqayıt"la oyunda da eyni hal yaşandı. Bunları unutmuşuq artıq. 20 günlük fasilə bizim üçün yaxşı oldu. Səhvlərimizin üzərində analiz aparıb, onları təkrarlamamağa çalışacağıq. 
- Ötən mövsüm Premyer Liqanı 5-ci pillədə bitirmişdiniz. Bu mövsüm komandanın mükafatçılar sırasına düşməsi üçün yetərli potensialı var?
- Əsas hədəfimiz medallar uğrunda oynamaq və avrokuboklara vəsiqə qazanmaqdır. Buna inanırıq. Komandanın potensialı bunu bacara biləcəyimizi göstərir. Qarşımıza ən azı medallar uğrunda mübarizə aparmaq məqsədi qoyulub. 
- "Sabah"dan milliyə dəvət alan futbolçular var. Belə başlanğıc hazırlıq dönəmində onlara necə təsir edə bilər?
- Xoşdur ki, bizim komandamızdan da milliyə namizədlər var. Onlara uğurlar arzulayıram. Yığmaya dəvət alırlarsa, canla-başla çalışıb oyunlara hazır olmalıdırlar. Peşəkar futbolçudurlar, inşallah belə başlanğıc onların hazırlıqlarına təsir etməyəcək. Çünki bu millidir. Dəvət alırsansa, hər şeyi unudub komandaya kömək etməlisən. 
- Yeri gəlmişkən, uzun müddətdir millidən ayrı düşmüsünüz, bunun səbəbi nədir?
- Səbəbini bilmirəm, vallah. Millidən həmişə dəvət gözləyirəm. "Keşlə"də oynadığım vaxtlardan yığmaya dəvət olunmuram. Yenə də öz üzərində çalışmaq lazımdır. Bəlkə də mənə simpatiyaları yoxdur. Ola bilər, məşqçinin oyun üslubuna uyğun gəlmirəm. 
- Yığmaya dəvət almamaqda ən çox günah özünüzdədir, yoxsa millinin məşqçiləri sizi görməzdən gəlir?
- Rəqabət oldu-olmadı, mən həmişə kənarda qalıram (gülür). Özümü günahlandırmıram, öz üzərimdə çalışmalıyam. Milliyə dəvət almıramsa, yəqin ki, problem məndədir. Məntiqlə belədir. Buna baxmayaraq, həmişə yığmada oynamağa hazıram. Çağırsalar, digərləri kimi canla-başla gedərəm. 
- Sentyabrda millimiz 3 matça çıxacaq. Bu oyunların hansında qələbə qazanmaq şansımız çoxdur?
- Çətin oyunlardır. Portuqaliya, Lüksemburq son illərdə yüksəlişdədir. İrlandiya futboluna da məndən yaxşı bələdsiniz. Ümumiyyətlə, milli üçün rahat oyun yoxdur. İnanırıq ki, maksimum nəticə qazanıb bizi sevindirəcəklər. Onlara ancaq uğurlar arzulaya bilərik. Heyətə baxdım, legioner həyatı yaşayan futbolçularımız yoxdur. "Qarabağ"la "Neftçi"nin futbolçuları hələ milliyə qoşulmayıb. İnşallah yaxşı olacaq.
Səbuhi Həsənov