Xəbər lenti

Premyer Liqa məşqçiləri Qurban Qurbanovun yerinə olsaydı, nə edərdi?.. (SORĞU)
İdman07:24 28.02.2022

Premyer Liqa məşqçiləri Qurban Qurbanovun yerinə olsaydı, nə edərdi?.. (SORĞU)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutan "Qarabağ” – "Marsel” görüşündə Qurban Qurbanovun addımı bütün dünyada xüsusi rəğbətlə qarşılandı. Vadjinin əllə vurduğu qolu ləğv edirən Qurbanov bununla həm də Avropaya ədalət dərsi keçdi. Komandanın hesabda 0:1 geridə olduğu bir məqamda atılan bu addım şübhəsiz ki, uzun müddət yaddaşlarda qalacaq. 
Bəs bizim məşqçilər bu durumda hansı addımı atardı? Onlar Vadji və ya Qurban Qurbanovun yerinə olsaydılar, hansı qərarı qəbul edərdilər. Azərbaycan Premyer Liqasında çalışan bəzi məşqçilər Qaynarinfo-nun suallarını cavablandırıb.  
Sənan Qurbanov "Keşlə”nin çalışdırıcısı: 
 
"Çox çətin situasiya idi. Elə bir vəziyyətdə bu cür qərar vermək bir qədər ağırdır. Bunun üçün böyük təcrübən olmalıdır. Bu qərar böyük addımdır. Qurban müəllimin xasiyyətini bilirik. Həmişə bu cür addımları ilə yadda qalıb. Səhv etmirəmsə, Bakıda "İnter”lə oyunda penaltini kənara vurmuşdular. Olmayan penalti qeydə alınmışdı. Futbolçu ilə danışdılar, bu cür qərar qəbul etdilər. Qurban müəllim özünəməxsus qərar qəbul edi. Dürüstlüyü sevən insandır. Asan məsələ deyildi. Mən olsam, necə edərdim bilmirəm... Futbolçu həmin vaxt oyunun çində idi. Ona görə də bu suallara cavab vermək çətindir. Amma Vadji sanki əllə oynadığını etiraf etmək istəyirdi. Yəni, kənardan belə hiss olunurdu. Fikrimcə, həm də bir qədər təzyiqə düşdü deyə etiraf etdi. Amma həmin durum elə idi ki, futbolçu əsəbiləşib və emosionallığa qapılıb qolu əllə vurduğunu bildirməyə də bilərdi. Futbolçuların xarakteri müxtəlif olur”.
Murad Musayev, "Sabah”ın baş məşqçisi: 
 
"Dünən axşam mən də stadiondaydım. "Qarabağ” yüksək səviyyəli avropalı rəqibinə qarşı hər iki oyunda layiqli çıxış etdi. Baş verənlər Qurban Qurbanovun insani keyfiyyətlərindən xəbər verir. Baxmayaraq ki, həmin qol oyuna yeni təkan verə bilərdi. Meydanda hər iki komanda tərəfindən, həddindən çox kobud olmayan, ədalətli oyun sərgilənirdi. Ona görə də səhvi etiraf etmək yeganə düzgün qərar idi. Düşünürəm ki, mən də eyni addımı atardım”.
Elmar Baxşıyev, "Qəbələ”nin baş məşqçisi: 
"Dünən hocanın ediyi hərəkət bir daha göstərdi ki, futbolda ədalət deyilən bir şey var. O anda elə bir qərar vermək, Qurban Qurbanovun necə bir xarakterə və iradəyə malik olduğunu göstərir. Oyundan sonra danışmaq rahatdır. Həmin situasiyaya düşməlisən ki, necə qərar verə biləcəyini düşünəsən. Amma hocanın verdiyi qərar, məncə, doğru idi. Futbolçunun əllə oynadığını etiraf etməsi onun səmimiyyətindən irəli gəlir. Qurbanov da onun səmimiyyətinə inanıb, yanına çağırıb soruşdu. Doğrunu gizlətmək mümkün deyil. Hamı gördü ki, qolu əllə vurub. Ona görə də etiraf etdi. Hamı gördü ki, qərarı verən baş məşqçi oldu. Hakim görmürsə, həmin anı məşqçinin görməsi də mümkün deyil. Ona görə də futbolçunun dediyi sözə inanıblar. Əlbəttə, o, etiraf etməyə bilərdi. Ancaq doğrunu demək hər zaman vacibdir”.
Aftandil Hacıyev, "Səbail”in baş məşqçisi: 
"Zənnimcə, Qurban müəllim düzgün addım atdı. Bu durumda hakimi də düşünmək lazımdır. Çıxılmaz vəziyyətdə idi. VAR sistemi olmadığına görə qərar verməkdə çətinlik çəkirdi. "Marsel”in də futbolçuları həddindən artıq təzyiq etdilər. Ortada xoşagəlməz bir mənzərə var idi. Fikrimcə, Qurban Qurbanov düzgün qərarla ən yaxşı şəkildə bu məsələni həll etdi. "Marsel”in bu qədər təzyiq etməsi əminliklərindən irəli gəlirdi. Futbolçu da əllə oynadığını etiraf etdi. Belə halda futbolçular qayda pozuntusu görəndə sona qədər israrla hakimin qərarını dəyişməsini tələb edirlər.
Qurban Qurbanovun yerinə olsam, necə qərar verərdim? Bir qədər çətindir. Yəqin ki, mən də eyni şəkildə düşünüərdim. Oyunun yükünü nəzərə alsaq, o anda nə düşünəcəyini indidən demək çətindir. Bu hadisə hər birimiz üçün ibrət oldu. Faydalı oldu, məncə. Belə halla rastlaşmaq yaxşı deyil. Məsələ çox uzandı. Vadjinin epizodunda məsələnin çox uzanmamasına görə etiraf etmək daha məqsədəuyğun idi. Biri də var, başla vurmusan, top əlinə də dəyib qapıya daxil olur. Bu, fərqli situasiya olardı. Oyunun bu qədər dayanması, məsələnin gec həll olunması hardasa futbolçunun etirafına gətirib çıxardı. Hiss olunurdu ki, Vadji qol sevincini dərhal yaşamadı. Bəlkə də hakimin təcrübəsi çox olsaydı, Vadjinin sevinməməsini dərhal hiss edə bilərdi. Amma düşünürəm ki, həm Vadji, həm də "Qarabağ” üçün ən düzgün qərar oldu. Ədalətin tərəfdarı olduğumuzu dünyaya göstərməyin ən gözəl nümunəsi idi”.
Səbuhi Həsənov