Qış fasiləsində ən diqqətçəkən məqamlardan biri Eddi İsrafilovun "Neftçi”yə transferi oldu. Ötən gün flaqmanla rəsmi müqaviləyə imza atan millimizin sabiq üzvünün transferi birmənalı qarşılanmadı. Onun yeni komandasında uğurlu olub-olmayacağı sual altındadır. Bəs mütəxəssislər nə düşünür?
Azərbaycanın tanınmış məşqçilərindən olan Şahin Diniyev Eddinin "Neftçi”yə transferi haqda fikirlərini bildirib. O, Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"İlk növbədə "Xoş gəldin” deyirəm, həm Eddiyə, həm də "Neftçi”yə uğurlar arzulayıram. Nə qədər xeyir verəcəyini zaman göstərəcək. Yəqin ki, klub rəhbərliyi onu yaxından izləyib. Son oyunlarına baxaraq belə nəticəyə gəlib. Orta sahədə belə rəqabətin yaranması yaxşı haldır. "Neftçi”nin mərkəz xəttindəki futbolçular ən yaxşılardandır. Həm Kane, həm Mahmudov, həm də Sabir Buqrin üçün rəqabət yaradacaq bir futbolçudur. Futbolçu çox olanda rotasiya da etmək mümkündür. Eddinin hazırda hansı formada olmasından bixəbərəm deyə fikir bildirmək çətindir. Yəqin ki, oyunlarına baxandan sonra nəsə deyə bilərəm.
Şahin bəy futbolçunun milliyə qayıtmaq perspektivinə də toxundu:
"Eddinin milliyə qayıtmaq perspektivinə gəlincə, fikrimcə daha çox göz qabağında olacaq. Oyunlarını İspaniyada izləmək mümkün deyildisə, burada artıq onu daha yaxından görə biləcəklər. Yaxşı formada olacaqsa, milliyə daha asan şəkildə dəvət ediləcək. Diqqətdən kənarda qalması problem yarada bilər. Konkret faktlarla danışsaq, o, yığmaya ilk dəfə dəvət alanda xoş təəssürat yaranmışdı. Sonradan sanki "söndü” və milliyə xeyir verə bilmədi. Deyə bilmərəm ki, uğurlu oldu. Dmitri Nazarovun çox xeyri dəymişdi, nəinki Eddinin. Ola bilər ki, bu onun klubunda az şans qazanmasından irəli gəlirdi. Milliyə dəvət almamasına görə ilk növbədə özü günahkardır. Yenə də belə şansı var. "Neftçi” Premyer Liqada öndə gedən komandalardandır. Ümumiyyətlə "Qarabağ”la "Neftçi” yaxşı oyuna malik kollektivlərdir. Eddi "Neftçi”də millinin baş məşqçisinin gözü qarşısında olacaq. O, İspaniyada elə də böyük klublarda oynamırdı. İkinci liqada çıxış edirdi. Burada necə olacağını zaman göstərəcək”.
Səbuhi Həsənov