Cari mövsüm hakimliklə bağlı heç də az problemlər olmadı. Həm qış fasiləsinə qədər, həm də ondan sonrakı bir çox oyunlarda nəzərəçarpan səhvlər izlədik. Kubokun 1/4 final mərhələsi çərçivəsində baş tutan "Sabah” – "Neftçi” matçında baş verənlər isə daha çox diqqəti cəlb etdi.
Həm fasiləyə qədər, həm də ondan sonrakı oyunlarda hakim idarəçilikləri ilə bağlı sabiq FİFA referisi Rəhim Həsənov fikirlərini Qaynarinfo ilə bölşüb.
"Fasilədən sonra 1 tur və kubok oyunları olub. Ümumilikdə götürəndə düşünürəm ki, həm çempionat, həm də kubok oyunlarında idarəçilik kafidir. Baxdığım oyunlarda ürəkaçan heç nə görmədim”.
Həsənov "Sabah” – "Neftçi” matçında baş verənlərlə bağlı sualı bu cür cavablandırıb:
"Təkcə bu deyil, digər oyunlarda da vəziyyət eynidir. Fasilə zamanı komandalar kimi hakimlər də xaricdə təlim-məşq toplanışı keçirirdilər. Təəssüflər olsun ki, hakimlər təcrübə yığmaq zamanından düzgün istifadə etməyiblər. Sadəcə, boş məşqlər keçirməklə effekt olmur. Düşünürəm ki, problemin əsas qaynaqlandığı yer bu olub. Düzgün proses, hətta mən bildiyim qədər hakimlər təlim-məşq prosesi keçməyiblər. Heç Bakıda da məşq keçmədilər. İnsan nə qədər məşq etsə o qədər faydalıdır. Bir oyun 20-30 məşqə bərabərdir. Hakimlərin də çoxu həm yaş, həm də oyun baxımından təcrübəsizdir. Üstəgəl qış fasiləsində demək olar oyun idarə etmədilər. Qaldı ki, hansısa oyundan epizod şərh etməyə, hamısı göz qabağındadır. Bütün oyunların xronlogiyasını aparmaq düzgün olmaz. Düşünüdüyüm qədər ən böyük problem fasilədə təlim-məşq toplanışının olmamasından irəli gəlir”.
Sabiq FİFA referisi çempionatın qış fasiləsinə qədər olan hissəsini belə dəyərləndirib:
"Fasiləyə qədər itirilən xallar o qədər də gözə çarpmırdı. Amma fasilədən sonra hər bir xal önəm daşıyır. Heç kim kənarda qalmaq istəmir. İstər "Sabah” olsun, istərsə də digər komandalar. Onlar üçün kubokda bir pillə irəli gemək önəmlidir. O cümlədən "Keşlə” də irəli getməyi hədəfləmişdi. İstənilən uğur hər komanda üçün önəmlidir. Qış fasiləsindən əvvəl klublar bəzi səhvlərə göz yumurdular. Bundan sonra çox güman bütün səhvlər qloballaşacaq, müzakirə olunacaq. Azərbaycan çempionatında qərəzli idarəçilik yadıma gəlmir. Elə öz hakimlik etdiyim dönəmdən də misal gətirim. Belə fakt eşitmədiyim üçün nəsə danışmaq düzgün olmaz. İnanmıram indiki dönəmdə kimsə kiməsə qarşı qərəzli olsun. Çünki hakimlər peşəkar statusu alıblar və maaş sistemi ilə çalışırlar”.
Səbuhi Həsənov