Bu gün Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Bu barədə virtualaz.org saytına sabiq hakimin vəkili Sadiq Rəsulov məlumat verib.
Vəkil Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayət verdiklərini və prosesin təxirə salınması ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinə ərizə ilə müraciət etdiklərini bildirib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Sabiq hakim məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin 27 may, 2015-ci il tarixli qərarına əsasən cinayət materiallar aidiyaatı üzrə Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.
Sabiq hakim nə istintaq, nə də məhkəmə prosesində ona elan olunmuş ittihamlarla razılaşmayıb.
Qaynar.info