İdman 09:00 11.05.2023

Sabiq “Neftçi”li: “Kubokda “Qəbələ”ni daha şanslı hesab edirəm”

Azərbaycan Premyer Liqasının 33-cü turunda "Turan Tovuz”a məğlub olan "Neftçi” xeyli qınaqlara məruz qaldı. Təbii ki, mövsümün əvvəlindən çempionluğa iddialı olan komandanın belə uduzması təkcə azarkeşlər deyil, futbol ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmadı. 

"Neftçi”nin və millimizin sabiq qapıçısı Cahangir Həsənzadə də komandanın uğursuzluğuna biganə qalmayıb. O, Qaynarinfo-ya açıqlamasında klubun bu vəziyyətdə olmamasının vacibliyini vurğulayıb:

"Neftçi” barəsində müzakirə olunmalı məsələlər həqiqətən çoxdur. Düşünürəm ki, bəzi məqamlar haqqında danışmağa dəyər. Çempionat başlayanda iddialı görünürdü. Bəzi transferlər həyata keçirmişdilər. Yeni baş məşqçi məsələsi var idi. Mövsüm onu göstərdi ki, komanda hələ öz oyununu tapa, fəlsəfəsini yeridə bilmir. "Qarabağ”da da açıq-aşkar məğlub olur. Mənim fikrimi bilmək istəyirsinizsə, açığı "Qarabağ” bu il son vaxtların heç də ən güclüsü deyil. Ancaq buna rəğmən, digər klublara nisbətən daha yaxşı perfomans sərgiləyirlər, oyun nümayiş etdirirlər. "Neftçi” bu sahədə digərlərinə uduzur və mövsüm sona yaxınlaşdıqca çempionluq mübarizəsindən özünü qopmuş hiss edir. Bu, açıq-aşkar görünür. Qazandıqları nəticənin onları daha yüksək yerlərə aparmayacaq deyə, bəlkə də həm məşqçi, həm də futbolçular psixoloji sıxıntılar yaşayırlar. "Neftçi” bu il qarşıya hər hansı titul qazanmaq məqsədi qoyubsa, bu, kubok ola bilər. Düşünürəm ki, var gücləri ilə məhz kubokun finalına hazırlaşırlar. Yenə də "Neftçi” kimi köklü komandanın axsamamalı olduğunu düşünürəm. Məğlubiyyət ola bilər, çünki heç kim bundan sığortalanmayıb. İddialı komanda motivasiyaya baxmayaraq, məğlubiyyətlərdən uzaq olmalıdır”.
 
O, azarkeşləri anladığını və "Neftçi”nin yeni mövsümdən etibarən özünə xəritə cızmalı olduğunu dedi:

"Azarkeşləri başa düşürəm. Mən "Neftçi”nin şərəfini qoruduğum zamanlarda da azarkeşlər belə məsələlərə həssaslıqla yanaşırdılar. Əsas olan nəticədir. Bu yoxdursa, əvvəlcə futbolçular, daha sonra "yuxarılar” sorğu-suala tutulur. Mənim nöqteyi-nəqəzirimi bilmək istəyirsinizsə, deyim ki, "Neftçi” hələ qurulmaqdadır. Düşünürəm ki, yollarını tapmaq üzrədirlər. Əslində kimisə qınamaq fikrim yoxdur, bu mən tərəfdən düzgün olmaz. Futbolçular əllərindən gələni əsirgəmir. Oyunlar onu göstərir. Bəzən zəif perfomans sərgiləyirlər. Heç bir rəhbərlik özünə düşmən deyil. Çünki istənilən mənfi nəticə bilavasitə onların adı ilə hallanır. Düşünümrəm ki, bilərəkdən nöqsanlara yol verirlər. Nöqsanları tez aradan qaldırmağa çalışırlar. Regekampf gələndə düşünürdük ki, yeni dəst-xətti olacaq və oyun üslubu ilə gözə çarpacaqlar. Zaman-zaman yaxşı oyunları olur. Bunu da qeyd etmək lazımdır. Nəticə yoxdursa, deməli, ya seleksiya düzgün aparılmayıb, ya da futbolçuları doğru şəkildə istiqamətləndirə bilmirlər. Nüanslar çoxdur, düşünürəm ki, "Neftçi” növbəti mövsüm üçün özünə xəritə cızmalıdırlar. Belə olmadığı halda, tez-tez edilən dəyişikliklər yaxşı nəticəyə gətirib çıxarmır. Görürük ki, belə komandaların nəticəsi ürəkaçan deyil”.

Həsənzadə kubokun finalında "Qəbələ”nin daha şanslı olduğunu söylədi:

"Kubokun finalında, düzü, "Qəbələ”ni daha şanslı hesab edirəm.  Çox qəşəng oyun göstərirlər. Görünən odur ki, baş məşqçi Elmar Baxşıyev vəhdət əldə bilib. Final oyunu həqiqətən çox maraqlı olacaq. Amma nəticə baxımdan kiminsə güclü və ya zəif olması rol oynamır. Kim daha istəkli olacaq, o da qələbə qazanacaq. Hər kəs büdcələri müqayisə edir. Bu büdcə ilə olan bir şey deyil. Finala layiq komandalardır, hər ikisi bəlli rəqibləri keçə-keçə finala qədər çıxıblar. Oyun üslubu baxımından "Qəbələ” iddialıdır”. Nəticə olaraq heç nə deyə bilmərəm”.

Səbuhi Həsənov