Xəbər lenti

Sabiqlər şansları dəyərləndirdi: “Marsel”lə açıq futbol oynamaq ağılsızlıq olar”
İdman06:35 17.02.2022

Sabiqlər şansları dəyərləndirdi: “Marsel”lə açıq futbol oynamaq ağılsızlıq olar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa nəhəngi "Marsel”in qonağı olacaq. Təbii ki, maraqlı qarşılaşma gözlənilir. Bəs "Qarabağ”ın sabiq futbolçuları adlı-sanlı rəqib qarşısında şansları necə dəyərləndirir?
Sabiqlər Qaynarinfo-ya açıqlamalarında maraqlı fikirlər səsləndirdilər.
İlqar Qurbanov:
"Sözsüz ki, "Qarabağ” tarix yazdı. İnşallah, davamını da gətirər. "Marsel” çətin rəqibdir, çox yaxşı futbolçulara malikdir. Sürətli hücumları, amma müdafiədə bir qədər boşluqları var. Kobud səhvlərə yol verirlər. İndividual cəhətdən futbolçuların keyfiyyəti çox yüksəkdir. Səhv bağışlamayan komandadır. "Qarabağ” səfərdə yaxşı nəticə qazansa, inanıram ki, evdə gözəl oyun nümayiş etdirəcək. Hansı şəkildə oynamağa gəlincə, "Qarabağ” sırf müdafiəni yaxşı bacarmır. Daha doğrusu, bu, "Qarabağ”ın oyun üslubu deyil. 90 dəqiqə boyunca müdafiədə oturmayacaq. "Marsel”in bir iki matçına baxmışam, arxaya göndərilən toplarda bəzən çətinlik çəkirlər. Yəqin ki, "Qarabağ” rəqibi yaxşı analiz edib, bundan yararlanacaq. Sistem baxımından demək olar, oxşar komandadırlar. Məncə, maraqlı oyun olacaq. Təxmini hesab proqnozlarım yoxdur. Amma böyük hesab gözləmirəm. Qarşılıqlı qollar ola bilər”.
Emin İmaməliyev:
 
"Qeyd etdiyiniz kimi, "Marsel” top-5 ölkə çempionatlarından birini təmsil edir. Tarixi, kökü olan klubdur. Nə qədər çətin olsa da, mənə elə gəlir, "Qarabağ”ın yetərli təcrübəsi var. 7-8 ildir ard-arda qruplara düşürlər. Bu il də qrup mərhələsini adladı. Çətin oyun olacaq. Buna baxmayaraq, yaxşı nəticə əldə edəcəyinə inanıram. "Marsel” ağır rəqibdir. Fransa çempionatında ikinci pillədədir, yaxşı oyun nümayiş etdirir. "Qarabağ”a inamımız böyükdür, sərfəli nəticə qazanacağına ümidlərimiz var. Belədə, ikinci oyunda daha rahat olar. Komandanın necə oynayacağını yəqin ki, məşqçilər korpusu futbolçulara çatdıracaq. Güclü, zəif tərəflərini yəqin ki, oyunçulara bildirəcəklər. 2-3 tur əvvəl "Marsel”in oyununa baxmışdım. Hərəkətli, aqressiv komandadır. Mübarizə aparmağı xoşlayır. Ancaq "Qarabağ”ın da öz oyun üslubu var. Topa nəzarət etməyi xoşlayırlar. Öz oyunlarını nümayiş etdirsələr… Yəqin ki, "Marsel”in də bizdən çəkinəcək yerləri var. Hər halda neçə ildir "Qarabağ” Avropada oynayır. Düzdür, oyundan-oyuna fikirləşərsən ki, rəqibdə hansısa mövqelər zəifdir. Elə oyun var ki, zəif gördüyün mövqedə futbolçular daha güclü çıxış edər və sən yanılarsan. Əsas odur ki, "Qarabağ” öz oyununu göstərsin. Bilirik ki, orada ermənipərəstlər çoxdur. Təxribat, təzyiqlər mümkündür. Bildiyimə görə, ermənilərin çoxluq təşkil etdiyi Marsel, Monpelye şəhərləri bir-birinə yaxındırlar. Açıq sözümdür, həqiqətən inanıram ki, "Qarabağ” sərfəli nəticə ilə qayıdacaq. İnanırsız, heç uduzmaq ağlımdan keçmir. "Qarabağ” istənilən rəqibə qarşı oynaya bilir.
Deməzdim, Avroliqa ilə Konfrans Liqası arasında böyük fərq var. Çünki burada da əksəriyyət Avropa komandasıdır. "Omoniya”, "Bazel” yaxud "Kayrat” olsun fərq etməz, Avroliqada oynaya biləcək gücdədirlər. Düşünümrəm ki, Konfrans Liqası bir qədər geri qalır. Ancaq hazırda futbolda zəif rəqib anlayışı yoxdur. İstənilən klub ən azı müdafiə olunmağı bacarır”.
Rəşad Sadiqov:
"Şans az da olsa var. "Marsel” hazırda Fransa çempionatında ikinci yerdədir. Yaxşı, PSJ ilə dirəşən komandadır. "Qarabağa” çox çətin olacaq. Amma komandanın oynadığı futbol da göz qabağındadır. Ona görə də şans var. Açığı, "Marsel”in hansısa oyunun izləməmişəm, yalnız fraqmentlərə baxmışam. Adından başqa, Fransa çempionatında ikinci pillədədir. Deməli, yaxşı oynayırlar. Kim desə ki, "Qarabağ” açıq futbol oynasa qazanacaq, bu mümkün deyil. İstər "Qarabağ”, istərsə də Azərbaycanın başqa klubu olsun, "Marsel”lə açıq futbol oynamaq qeyri-mümkündür. Rəqib buna imkan verməz. Məcbursan ki, əks-hücumlarla oynayasan. Yəqin "Qarabağ” da bu taktikaya üstünlük verəcək. Başqa variant olmayacaq. Rəqibə yalnız boşluq yaxalamaqla qol vurmaq olar. "Marsel”lə başabaş, açıq futbol oynamaq, məncə ağılsızlıq olar. Bakıda bu rəqibə qarşı açıq oynamaq mümkündür, amma Fransada təhlükəlidir. Böyük hesab olacağına inanmıram. "Qarabağ”ın gücü bəllidir, neçə illərdir Avroliqanın qrupunda oynayır. Futbolda hər şey ola bilər, amma "Qarabağ” elə "Qarabağ”dır. Komandanın inkişafı göz qabağındadır. Neçə illərdir çalışırlar, qruplara düşürlər. Əziyyətlərinin bəhrəsini görürlər. Düzdür, Avroliqanın qruplarındakı rəqiblərlə Konfrans Liqasındakılar fərqlidir. Özünüz də görürdünüz, Avroliqada kimlərlə rəqib olurdular. "Tottenhem”, "İnter” kimi güclü komandalar düşürdü. Səviyyə fərqləri həddindən artıq çox olurdu. Heç kim deyə bilməz ki, eynidir. Konfrans Liqasında isə nisbətən zəif rəqiblər oldu. Amma bu, "Qarabağ”ın oynadığı futbola xələl gətirməməlidir. Heyət baxımından bəlkə də "Qarabağ” Avroliqada çıxış etdiyi mövsümlərə nisbətən bu il daha güclüdür”.
Səbuhi Həsənov