Piştaxtaları rəngli yaz-yay meyvələri bəzəyib, gözümüzü oxşasa da, qiymətlər alıcının cibinə uyğun gəlmir. Yaz meyvələrinin bitməsinə az qalmağına baxmayaraq, hələ də bazarda ən yaxşı halda gilasın, əriyin, alçanın qiyməti 3-4 manatdır. Amma bazar və marketlərdə bu meyvələrə 11-12 manata da rast gəlmək olur.
Bəs bu il qiymətlərin nəzərəçarpacaq dərəcədə bahalaşmasına səbəb nədir?
Qaynarinfo mövzuya aydınlıq gətirmək üçün bazardakı vəziyyəti araşdırıb, satıcılar, alıcılar və sahə mütəxəssisləri ilə söhbətləşib.
Bazardakı qiymətləri öyrənmək üçün əməkdaşlarımız şəhərin müxtəlif məntəqələrində yerləşən meyvə-tərəvəz piştaxtalarına baş çəkib, satıcılar və alıcılarla söhbət edib. Alıcılar qiymətlərdən narazılıq edərək bildirib ki, bu il qiymətlər keçənilkindən bahadır: "Hər meyvədə ən azı 1 manat bahalaşma var”.
Satıcılar da alıcıların sözünü təsdiqləyib. Bildiriblər ki, onlar elə topdansatış məntəqələrindən meyvə və tərəvəzi bu qiymətə aldıqları üçün baha da satmağa məcburdur: "Qiymət keçənilkindən yuxarı, müştərilərin də alıcılıq qabiliyyəti zəifdir. Əgər ötən illərdə qış tədarükü üçün daha çox alınırdısa, bu il belə alıcılara az-az rast gəlmək olur. Çox adam meyvəni dadımlıq alır”.
Xaçmazlı sahibkar isə saytımıza açıqlaması zamanı bildirib ki, məhsulun bazara çıxarılmasında bir sıra problemlərlə üzləşirlər:
"Hazırda Xaçmazda gilasın topdansatışı ilə bağlı iki bazar fəaliyyət göstərir. Onlardan biri "soyuducu” adlanır. O bazarda məhsul soyuduculara yığılır, daha sonra oradan satılmaq üçün müxtəlif bazarlara, şəhərlərə, ölkələrə, xüsusi ilə Rusiyaya aparılır. Bu bazarda alıcıların "Öküz ürəyi” kimi tanıdığı "Napaleon” sortunun topdansatış qiymətinin bir kilosu ən yaxşı halda 5 manata təklif edilir. "Napaleon”un digər sotlarına gəlincə, 1 kilosunun qiyməti 5-8 manat arasında dəyişir. Onun üçün də fermer əvvəl bazara yaxınlaşmalı, qiyməti razılaşdığı halda xüsusi meyvə kasetləri almalıdır. Rayonda ən böyük gilas bağları Qoçaqlı kəndində salınıb. Meyvələr yığılır və bazara axşam saatlarında gətirilir. Bazarda gilasın qiymətləri sorta görə dəyişir və hər gün fərqlənir.
İkinci bazarda isə aşağı sort meyvələr, xüsusi ilə "vişnə” adı altında tanınan gilas sortları satılır. Bu bazarda albalının ən ucuzunun qiyməti iki manatdan başlayır. Bu iki bazar həmin meyvələrin topdansatışı üçün fəaliyyət göstərir. Ən bahalı gilas sortu isə "Romanovka”dır ki, qiyməti 10 manatdan başlayır”.
Mövzu ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu il meyvələrin ən çox qıt olan illərindən biridir:
"Biz piştaxtalarda meyvələri görürük və bizə elə gəlir ki, meyvə boldur. Əslində bu il meyvə bol deyil, kifayət qədər qıtdır. Ona görə də bahadır”.
Akif Nəsirli qeyd edib ki, artıq iki ildir, yaz və yay aylarında ölkədə qeyri-sabit, kənd təsərrüfatı üçün əlverişsiz hava şəraiti keçir:
"Bu cür hava bağlarda məhsuldarlığın aşağı olmasına şərait yaradır. Erkən yazda, çiçək vaxtı yağan yağış tozlanmanı pozur. Tutmuş barı dolu döyür, güclü külək əsir, meyvələrin bir hissəsi yetişməmiş ağacdan tökülür. Bütün bunlar hamısı məhsuldarlığa təsir edir. Məhsuldarlıq aşağı olanda isə bazarda təklif azalır, tələb təklifi üstələyir, nəticədə qiymətlər qalxır”.
Həmsöhbətimiz bu sahədə olan başqa problemlərə də toxunub:
"Logistikada, məhsulun bazara çatdırılmasında da problemlər var. Bölgələrdən xüsusi ilə Bakı bazarına qədər gələn məhsulun bazara gəlməsində, fermerin birbaşa bazara girməsində problem var. Bunlar hamısı da qiymətə təsir edir. Bu problem əvvəlki illərdə də var idi, amma indi yeganə dəyişən məsələ hava şəraitinin qeyri-sabit və kənd təsərrüfatı üçün əlverişsiz keçməsidir. Hazırda havanın tempraturu artmır, bir həftə dalbadal tempraturun 30 dərəcə olduğunu görmürük. May ayının 3-cü dekadasında yığılıb bitən ağ ərik tam yetişməyib. Bazarlarda ağ ərik 6-7 manatdır, amma məhsul tam yetişməyib. Bizim istidən hər nə qədər xoşumuz gəlməsə də, meyvələrin yetişməsi üçün aşağısı 25-30 dərəcə isti olmalıdır. Bütün bu amillərin fonunda, nəticədə də bazarlarda meyvələrin qiyməti aşırı dərəcədə yüksək olur”.
Günay İlqarqızı
Şərhlər