Xəbər lenti

Sahibkarların
Ekonomiks 15:05 31.10.2025

Sahibkarların "kartdan-karta" istəyi, çeksiz alış-veriş... - Azad sahibkarlıq necə kölgələnir?

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)
 
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi müasir bazar münasibətlərinin əsas prioritetlərindən biridir. Lakin bu anlayış bəzən yanlış dəyərləndirilir. Bəzi sahibkarlar "azad sahibkarlıq" prinsipini qanundankənar, nəzarətsiz fəaliyyət kimi qəbul edirlər ki, bu da həm dövlətin vergi siyasətinə, həm də istehlakçı hüquqlarına ziddir.

Hazırda bəzi mağazalarda ödəniş zamanı vətəndaşlardan kartdan-karta pul göndərməsi tələb olunur. Satıcılar "post-terminal yoxdur" bəhanəsi gətirərək, kart nömrəsini mağazanın divarında açıq şəkildə göstərməkdən belə çəkinmirlər. Eyni zamanda, onlar kassa çeki təqdim etmir, alıcı tələb etdikdə isə "endirim etmişik, ona görə çek verə bilmirik" cavabı ilə məsələni bağlayırlar.

Belə hallarda ortaya bir neçə sual çıxır. Məsələn, bu vəziyyətdə hansı müştəri hüquqları işə düşməlidir? Çeksiz satış alıcının hüquqlarını necə pozur və alıcı özünü necə qorumalıdır? Bu kimi hallarının qarşısını almaq üçün Vergilər Xidməti hansı mexanizmləri tətbiq etməlidir? Azad sahibkarlığın təşviqi şəffaf ödəniş sistemləri ilə necə uzlaşdırılmalıdır?

Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, mağazalar kartdan-karta ödəniş istəməklə vergidən yayınırlar:
 


"Kartdan-karta əməliyyat ödənişi təsdiq etmir. Bu cür əməliyyat sadəcə kart sahibinə pul göndərildiyini göstərir. Amma bunun nəyə görə edildiyi, hansı xidmətin və ya məhsulun müqabilində aparıldığı müəyyən edilmir. Bu zaman həmin dövriyyədən vergi tutulmur.

Satıcılar isə vergidən yayınmaq üçün kartdan-karta ödəniş etməyə üstünlük verirlər. Çünki həmin dövriyyə vergiyə cəlb olunmur. Bu kartlar çox vaxt fərdi şəxslərin adına olur. Müştəri isə hər hansı problem yarandıqda karta ödəniş etdiyini sübut edə bilmir. Alıcının məhsulun alışı ilə bağlı hüquqları formalaşa bilər, lakin sabah ödənişi geri tələb etmək və ya şikayət etmək istədikdə ciddi sübut çatışmazlığı yaranır".

İqtisadçı əlavə edib ki, məhsulun çek olmadan satılmasının məsuliyyəti tam şəkildə satıcının üzərindədir:

"Alıcının bununla bağlı məsuliyyəti yoxdur. Lakin çek olmasa, məhsulun həmin mağazadan alındığını sübut etmək çətin olacaq. Ona görə də müştəri mütləq şəkildə mağazadan çek tələb etməlidir. Hökumət də bunu tövsiyə edir: satıcıya deyilir ki, çek verməlisən, müştəriyə isə deyilir ki, çekini tələb etməlisən. Əgər alıcı satıcı ilə qeyri-qanuni münasibətə girirsə, sonra da bu problemi hökumətdən həll etməsini gözləyirsə, bu, yanlış yanaşmadır".

Ekspert bildirib ki, Vergi Xidməti bu cür halların qarşısını almaq üçün artıq tədbirlər görür:

"Vergi Məcəlləsində belə sahibkarlarla bağlı kifayət qədər sərt cəzalanma mexanizmləri var. Belə ki, alıcılara kassa çeki təqdim edilməməsi və ya nəzarət-kassa aparatlarından istifadə edilməməsinə görə ticarət və xidmət obyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq olunur:

- Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə - 1 000 manat,
- Eyni il ərzində ikinci dəfə aşkar edildikdə - 3 000 manat,
- Üç və daha çox dəfə pozuntu baş verərsə - 6 000 manat cərimə tətbiq olunur.

Vergidən yayınma halı aşkarlandıqda isə yayınan məbləğin 50 faizi qədər əlavə cərimə müəyyən edilir. Gecikdirilən ödənişlərə görə isə dəbbə pulu hesablanır".

Xalid Kərimli son olaraq vurğulayıb ki, bəzən sahibkarlar bu cür qeyri-rəsmi əməliyyatları "azad sahibkarlıq" anlayışı ilə əsaslandırmağa çalışırlar. Halbuki azad sahibkarlıq qanun çərçivəsində azad fəaliyyət deməkdir:

"Bir çox sahibkar bu cür işləyir və nəticədə vergidən yayınır. Bu, kölgə iqtisadiyyatını artırır. Vətəndaşlar da bu prosesə dəstək verirsə, situasiya daha da çətinləşir. Sahibkarlar bilməlidirlər ki, etdikləri bu qanunsuzluqlar aşkarlanarsa, onları ciddi cəza tədbirləri gözləyir. Belə hallar yoxlamalar zamanı üzə çıxmasa belə, səyyar vergi yoxlamaları nəticəsində aşkarlana bilər ki, bu da sahibkar üçün ciddi maliyyə itkilərinə səbəb ola bilər".
 
Günay İlqarqızı

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->