Xəbər lenti

Sakinlərin səbirsizliklə gözlədiyi yol nə vaxt istifadəyə veriləcək?
Ölkə17:52 05.12.2017

Sakinlərin səbirsizliklə gözlədiyi yol nə vaxt istifadəyə veriləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda uzun müddətdir Binəqədi qəsəbəsinə gedən daim işlək olan yol təmirə bağlanıb. Bu yolun təmirə bağlanması ilə Binəqədi-Biləcəri, eyni zamanda, Biləcəri-Xırdalan yolu iflic vəziyyətə düşüb. Biləcərinin onsuzda bərbad olan yolları həddindən artıq yüklənmə səbəbindən dağılır.
Sakinləri isə bircə məqam maraqlandırır. Görəsən Binəqədi yolu nə zaman açılacaq? Minlərlə insanı maraqlandıran suala cavab tapmaq üçün "Azəravtoyol” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Ölkə.Az”a açıqlamasında bildirdi ki, son günlər intensiv yağan yağışlar Binəqədi yolunun tikintisi zamanı müəyyən maneələr yaradıb və işlər yubanıb. Onun sözlərinə görə, yağmurlu havada asfalt vurulması ləngiyib.
"Digər işlər öz axarı ilə gedir. İndi bir müddət keçməlidir ki, yer qurusun. Bundan sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam edəcək”, - deyə A.Nəcəfli bildirib.
Qurum rəsmisi iddia edir ki, Binəqədi yolu tam hazır olandan sonra heç bir problem yaşanmayacaq və yağışlar yağan zaman yol su ilə dolmayacaq: "Yeni yolun salınması zamanı mümkün olan nə tədbir vardısa, hamısını görmüşük. Yağış-kanalizasiya sistemi, drenaj boruları qoyulub. Binəqədi yolunun normal tikintisi üçün mümkün işlər görülüb. Yeni yol istifadəyə veriləndən sonra problem olmamalıdır. Bundan sonra yağış yağanda su yola dolmayacaq”.
Binəqədi yolunun nə zaman istifadəyə veriləcəyinə gəlincə, Anar Nəcəfli deyir ki, işlər 10 günə yekunlaşmalıdır: "Hazırda "Bakı Poladtökmə” zavodunun qarşısında yola asfalt-beton örtüyü döşənir. Oradan üzü Rəsulzadə qəsəbəsi istiqamətində işlər görülür. Yəni Binəqədi qəsəbəsinin girişindən bura qədər işlər tamamlanıb. Əgər hava yağmursuz keçərsə, Binəqədi yolu təxminən 10 günə istifadəyə tam hazır olacaq”.