
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası sentyabra qədər ziyarətçilərin üzünə bağlı olacaq. Səbəb rəsədxanada almaniyalı mütəxəssislər tərəfindən teleskoplarda güzgülərin yenilənməsidir.
Rəsədxananın direktoru Əyyub Kərimovun AzNews.az-a verdiyi məlumata görə, 1 həftə davam edəcək prosesdən sonra daha 15 gün ərzində yenilənmə prosesinin nəticələrini gözləmək lazım gələcək. Beləliklə rəsədxana ancaq sentyabr ayında qapılarını ziyarətçilər üçün açacaq.
Qeyd edək ki, bu il noyabrın 4-6-da rəsədxananın 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Konfransa MDB-nin böyük rəsədxanalarının rəhbərləri ilə yanaşı, bir sıra tanınmış alimlər dəvət olunacaq. Konfransda ŞAR- da 60- ildə aparılmış elmi-tədqiqat işləri barədə qısa məruzələr (Günəş fizikası, Günəş-Yer əlaqələri , ulduzlar fizikası və Günəş sistemi cisimləri) və dəvət olunmuş mütəxəssislər tərəfindən müasir astronomiyanın aktual problemlərinə həsr olunmuş mühazirələrin dinlənilməsi nəzərdə tutulur.
Qaynar.info