Millinin Qazaxıstana məğlubiyyəti təbii ki, hər kəsi üzdü. Daha doğrusu, qarşıdakı oyunlarda nəyəsə nail olacağımıza ümid yeri qoymadı. Nəinki mərhələ adlamaq, heç ikinci, üçüncü pilləni də tutacağımıza ümid yoxdur. Elə mütəxəssislər də belə düşünür.
Azərbaycanın tanınmış veteran futbolçularından olan Samir Ələkbərov da narazılığını açıq şəkildə bildirib. O, Qaynarinfo-ya müsahibəsində bunları söyləyib:
"Bilmirsən, nə deyəsən. De Byazi çox böyük ümidlərlə gəlmişdi. Albaniya yığmasını Avropa çempionatına çıxarmışdı. Amma bir şeyi unutdular ki, Albaniya Avropa çempionatının final mərhələsinə necə getdi. Yəqin xəbəriniz var, alçaq ermənilər matçda nə oyun çıxarmışdılar. Səhəri gün həmin Ermənistan millisinin - onsuz da onlar həmişə satqın olublar - neçə oyunçu və məşqçisini futboldan ömürlük azad etdilər. Bir dəfə şans düşdü, isifadə etdilər, De Byazini də göyə qaldırdılar. Elə bildilər ki, gəlib Azərbaycanı da Avropa çempionatına çıxaracaq. Bu suala İcraiyyə Komitəsi cavab verə bilər. Çünki baş məşqçi ilə müqavilə müddətini onlar uzadıb. Yerli məşqçiyə şans yaradayadılar. Məni də baş məşqçi təyin etsələr 0:2 uduzacaqdım (gülür). Yerli futbolçulara bələdik. İnanıram ki, Belarusla oyunda qələbə qazanarlar. Qrupdan çıxmaq istəyirsənsə, yalnız qələbə qazanmalısan. Açığı, heç buna ümid də yoxdur. Slovakiya varsa, çətin olacaq. Onlar çox güclüdürlər”.
Ələkbərov De Byazi ilə yanaşı, AFFA-da çalışan veteran futbolçuları da günahlandırdı:
"Həmişə danışırlar, amma iş görən yoxdur. AFFA-dakı veteran futbolçular məndən də, sizdən də yaxşı bilirlər çıxış yolunu. Vallah bilirlər, sadəcə işləmirlər. Ürəklərini qoymurlar, sırf futbolla yaşamırlar. Onlar ağıllı adamlardır, sadəcə sözlərini deyə bilmirlər. İşinizi itirməkdən qorxursunuz? Axı siz futbolu məndən də yaxşı bilirsiniz. Deyirdik ki, assosasiyada futbolu bilənlər işləmir. Bu gün bütün şöbələrdə, hətta İcraiyyə Komitəsində də keçmiş futbolçular var. Məşqçilər Şurası futbol adamlarından ibarətdir. Sözlərini desələr, vallah düzələr, amma danışmırlar. Ona görə də sonda acınacaqlı nəticələrlə üzləşirik. Sonra, yazırlar ki, "demişdik”. Əməl etmək lazımdır. Ortada iş yoxdur, birləşsələr, vallah yaxşı yığma formalaşdırarlar. Yerli məşqçilərlə, uşaqlarla yaxşı nəticələr əldə etmək olar”.
Veteran futbolçu çempionatda komandaların sayının çoxaldılmasının vacibliyini vurğulayır:
"Komandaların sayını çoxaldıb yerli uşaqlara üstünlük vermək lazımdır. Əyani sübut kimi Region Liqasını gördünüz. Necə maraq, ajiotaj var idi. Regionlara üstünlük vermək lazımdır, bunu məndən də yaxşı bilirlər. Əvəzedicilərin çempionatını bərpa etmək, Birinci Divizionda sayı artırmaq lazımdır. Belədə işsiz qalan məşqçilər də işləyəcək. İl ərzində hər komanadadan ən azı bir nəfər çıxacaq. Bunun üçün 5 institut bitirmək lazım deyil. Mən hazırda uşaq futbolundayam, görürəm ki, ölkədə necə istedadlı oyunçular var. Amma sonradan itib-batırlar. 19-20 yaşına çatanda futboldan uzaqlaşırlar. Mən "Sportinq Baku” futbol məktəbində çalışıram. Gəlsinlər, görsünlər ki, uşaq futbolunda işi necə qurmaq lazımdır. Bunlar isə kor-koranə davam edirlər. İş də görməlisən axı. 55 yaşım var, bütün günü günün altında meydançalardayam. Bəs digərləri niyə özlərinə əziyyət vermir? Hamı kabinet, kreslo istəyir. Hərə öz işini görməlidir”.
Millimizin sabiq üzvü bir neçə gün əvvəl keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunan, limit və əvəzetmə ilə bağlı qərarlara da münasibətini bildirdi:
"Heç nə dəyişməyəcək. Həmin şeylər qaldı, guya nə dəyişiklik oldu? Vallah hamısı ləğv olunmalıdır. Uşaq 18 yaşında oynayırsa, şərait yaradılmalıdır. Ukrayna millisinin heyətində Mudrik var, 18 yaşındadı, "Şaxtyor”da oynayır. Bax, budur inkişaf. Biz 30 yaşı olan futbolçulara deyirik ki, "perspektivlidir”. Nə perpektiv? Yol açın cavanlara. İnkişaf budur, limiti dəyişməklə nə olacaq? 18-19 yaşlı uşaqları meydançaya buraxmalısan. 7+4-ün əvəzinə təklif verərdim ki, 7 yerli futbolçu oynasın, 3 nəfər də yaxşı legioner. Uzağa getməyək, "Qalatasaray” UEFA kubokunu qazananda 7 türk futbolçu ilə birlikdə cəmi 3 əcnəbi - Georgi Hacı, Georgi Popesku və Kapone oynayırdı. Bu 3 nəfər oyunu həll edirdi”.
Ələkbərov geridə qalan mövsümlə bağlı düşüncələrini də bölüşdü:
"Məni təəccübləndirəcək heç nə baş vermədi. "Sumqayıt” avrokuboklara vəsiqə qazananda dedilər inkişaf var. Bu gün isə "Sumqayıt” sonuncu pillələrdə gedir. Onsuz da avrokuboklara 4 komanda gedir. Yenilik görmədim. "Qarabağ” çempionluğa gedirdi, "Nefçi” ikinci oldu. Yalnız "Zirə”nin oyununda bir az komanda şəklində futbol gördüm. Finala qədər gəldilər, avrokubolara vəsiqə qazandılar. "Zirə” bu il hamını üstələdi”.
Veteran futbolçu vaxtilə çıxış etdiyi "Neftçi”nin baş məşqçisi Samir Abasova şans verilməsinin tərəfdarı olduğunu bildirdi:
"Deyəsən "Neftçi”də Samir Abasovla bağlı nəsə problem var. Vallah, Samiri komandada saxlamaq lazımdır. 5 il əvvəlki "Neftçi”nin nəticələrinə baxın. Bu il "Qarabağ”a "dirəndilər". Şans versinlər, "Qarabağ”ın yolu ilə getsin. İkisi də bizim klubdur. Elə bilirsiniz, yeni məşqçi gəlsə, nəsə olacaq? "Qarabağ”la birlikdə "Zirə”yə, "Neftçi”yə, "Qəbələ”yə də ümid bəsləyirik. Mən optimist insanam, həmişə nəsə gözləmişəm. Nə vaxt klublarımız güclü olacaqsa, yığmadan da nəticə gözləyə bilərik”.
Səbuhi Həsənov