Xəbər lenti

Şəhid əsgərin medalı anasına verildi - FOTOLAR
Ölkə12:10 23.07.2016

Şəhid əsgərin medalı anasına verildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1993-ci il təvəllüdlü Vahabzadə Mikayıl Yaqub oğlunun layiq görüldüyü  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailəsinə təqdim olunub.

APA-nın xəbərinə görə bununla bağlı İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov çıxış ediblər, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlardan danışıblar.

Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və İsmayıllı rayonunun Maçaxı kəndindəki məzarlıqda dəfn edilən Mikayıl Vahabzadənin daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib.

Daha sonra şəhidin layiq görüldüyü medal onun anasına təqdim olunub. Şəhidin atası Yaqub Vahabzadə torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, onun qalib əsgər kimi şəhid olduğunu söyləyib.

Qeyd edək ki, ailənin böyük oğlu olan Mikayıl Vahabzadə  Sumqayıt Dövlət Universitetini bitirdikdən sonra 2015-ci ilin iyulunda İsmayıllı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Qaynarinfo.Az