
Şirvan şəhərinin sakini, II qrup əlil Rafiq Qədirov məktub göndərərək prezident İlham Əliyevə səslənib.
O yazır ki, atası Rza Qədirov 1993-cü ildə Şirvan Yağ-Piy ASC-də işlədiyi sexdə faciəli surətdə həlak olub: “Onun öhdəsində şəhid qardaşım Mirzəxanın 2, mərhum qardaşım Məzahirin 1 övladı vardı. Bu şəxslər Mülki Məcəllənin 1121 maddəsi ilə verilən hüquqdan (Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi) məhrum olunublar. Yalnız atamın vəfatından 10 il sonra həmin müavinətin ödənməsinə nail olduq. Lakin 2009-cu ilin yanvar ayında müavinəti dayandırıblar.
Cavabdeh təşkilat qanunun tələblərini kobudcasına pozub. Mülki Məcəlləyə görə, on səkkiz yaşından yuxarı tələbələrə əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsilini bitirənədək (lakin ən çoxu 23 yaşınadək) müavinət verilməlidir.
Qardaşım oğlu Ceyhun Qədirlinin rəsmi nümayəndəsi olaraq Şirvan Şəhər Məhkəməsində dayandırılmış müavinətin bərpa edilməsinə dair iddia qaldırdıq. Məhkəmə ədalətli qətnamə qəbul etdi. Lakin qarşı tərəf apellyasiya şikayəti verdi. Şirvan Apellyasiya Məhkəməsi də şəhər məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Qarşı tərəf Ali Məhkəməyə şikayəti də uduzdu. Müavinətin verilməsi üçün üç instansiya məhkəməsinin qətnaməsi olsa da, cavabdeh təşkilat çox süründürməçiliyə yol verir”.
Şikayətçi bildirir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib və 1 yanvar 2009-cu ildən 1 iyul 2014-cü ilə kimi Ceyhun Qədirliyə çatacaq müavinət hesablanıb, lakin Şirvan Yağ-Piy ASC-nin varisi olan MKT-İK MMC-nin Şirvan filialı borcu ödəməkdən imtina edir: “Möhtərəm prezident, Sizə inanırıq və səmimi müraciət edərək bizim ailəyə qarşı qanunazidd hərəkətlərin qarşısının alınmasına yardımçı olmağınızı istəyirik”. (media forum)
Qaynar.info