
Dünyanın bir çox ölkələrində hər il oktyabr ayının birinci bazar ertəsi Beynəlxalq Həkimlər Günü kimi qeyd olunur.
Ölkədə səhiyyə sahəsindəki vəziyyət vətəndaşların böyük əksəriyyətini qane etmir. Xəstələrə səhv diaqnozun qoyulması, xəstənin yalnışlıqla ayağının kəsilməsi, adi əməliyyatların ölümlə nəticələnməsi, doğuş zamanı ana ölümünün baş verməsi və s. günümüzdə ən çox müzakirə olunan məsələlərdir. Səhiyyə sahəsində hazırda hansı işlər aparılır? Səhiyyəmizdəki durum həkimlərimizi qane edirmi? Qaynarinfo.Az-ın suallarına Azərbaycan uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl cavab verdi:

"Azərbaycanda səhiyyə sahəsindəki vəziyyət qaneedici deyil. Vəziyyətin düzəlməsi üçün müəyyən addımlar atılır. Bu addımların da nəticələrini görürük. Düzəlişlər və dəyişiklər var, amma bu düzəlmələrin sürəti məni qane etmir. Səhiyyə özü cəmiyyətimizin bir güzgüsüdür, parçasıdır. Cəmiyyətdə gedəcək müsbət addımlarla yanaşı səhiyyədə də paralel inkişaf edir. Hazırda bu sahədə hər şey dalana dirənib. Dövlət icbari tibbi sığorta ilə bağlı yeni layihəyə başlayır. Düzdür, icbari tibbi sığortanın şərtləri ilə hələ ki, tanış deyilik. Amma düşünürəm ki, icbari tibbi sığortanın tətbiqi səhiyyənin inkişafına təsir edəcək. Vətəndaşların tibbi xidmətlərə tam olaraq əl çatmaması başlıca problemdir. İcbari tibbi sığortanın tətbiqinin bu kimi problemlərin aradan qaldırmasına inanıram. Həkimlər təbii ki, aldıqları əməkhaqqı ilə dolana bilmir. Vətəndaşlar nə əziyyət çəkirsə, həkimlər də həmin problemlərlə üz-üzədir".
Pərvin Zeynal
Qaynarinfo.Az