
Keçmiş müxalifət fəalı, hazırda ABŞ vətəndaşı olan Səid Nuri ötən gecə Azərbaycandan çıxarılıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə Səid Nuri Facebook səhifəsində yazıb ki, o, Azərbaycandan çıxarılır. "Saat 5-də zəng edib dedilər ki, bir də buralara gəlməmək şərti ilə, ölkədən çızxmalısan. Təyyarənin salonuna qədər müşayiət etdilər".
Bir gün əvvəl internetdə Səid Nurini intim həyatı haqqında video və fotomateriallar yayılmışdı.
S.Nuri məsələyə münasibət bildirərəkən demişdi ki, heç bir narahatlığı yoxdur: “Ötən ilin may ayında mən rəfiqəmlə Azərbaycana gəlmişdim. Bizim münasibətlərimiz sirr deyildi. Görünür, hakimiyyət bu yolla mənə təzyiq göstərməyi qərara alıb”.
“Turan İA”-nın müxbiri ilə söhbətində o bildirib ki, kadrlar İçəri Şəhərdəki otellərdən birində çəkilib.
Bununla belə, Nuri onun adından bu kadrların guya Moskvada çəkilməsi və bunun arxasında Rusiya xüsusi xidmətlərinin durması haqqında KİV-ə göndərilmiş məlumatları təkzib edib. “Bütün bunlar yalandır”, - deyə o bildirib.
Xatırladaq ki, xəstə atasına baş çəkmək üçün Bakıda olan Nuri bir həftə əvvəl ölkədən buraxılmayıb. Sonradan prokurorluq Nurinin bir sıra QHT-lərə qarşı cinayət işi üzrə şahid qismində keçdiyini və ifadə verməli olduğunu bildirib.
S.Nuri 8 ildir ki, ABŞ-da daimi yaşayır.
Qaynar.info