
Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızı işdən uzaqlaşdırılıb.
Bu barədə Mia.az saytı məlumat yayıb. Sayta daxil olan məlumata görə, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudasını da işdən çıxarıb: "Şəmsəddin Hacıyevin qudası, daha dəqiqi, qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da vəzifəsindən azad etdi. Yeni rektor keçmiş rektorun qudası ilə yanaşı, onun bir neçə həmyerlisini və Universitetdəki istedadlar qrupuna rəhbərlik edən qızı Çeşmə xanımı da işdən uzaqlaşdırıb».
Məsələ ilə bağlı Ş.Hacıyevlə əlaqə yaratmaq mümkün olmayıb. Sabiq dekan Müzəffər Məmmədov isə mobil telefonuna edilən zəngə cavab verməyib.
"Qafqazinfo" xəbər verir ki, Şəmsəddin Hacıyevin qızı Çeşmə Hacıyeva YAP Gənclər Birliyinin sədri Seymur Orucovun həyat yoldaşıdır.
***
Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızının universitetdəki postlarından uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Deputat Teleqraf.com-a açıqlamasında bildirib ki, yeni rəhbərlik ADİU-da islahatlar aparır: "Mənim universitetdə iki qohumum işləyir. Qardaşımın qudası Müzəffər Məmmədov və qızım Çeşmə xanım orada çalışırlar. Müzəffər Məmmədovun yerinə başqa adam təyin olunub. Qızım isə adi qrup rəhbəridir, işini davam etdirir".
Qaynar.info