Xəbər lenti

Sənan Qurbanov: "Keşlə"nin çempionluğa iddia etməsi hələ tezdir"
İdman14:03 17.08.2021

Sənan Qurbanov: "Keşlə"nin çempionluğa iddia etməsi hələ tezdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında yeni mövsümə uğursuz başlayan komandalardan  biri də "Keşlə" oldu. Konfrans Liqasından sonra yeni mövsümə də məğlubiyyətlə başlayan Sənan Qurbanovun komandası ilk görüşdə "Sumqayıt"da 0:2 hesabı ilə yenildi. "Keşlə"nin hazırlığı, məğlubiyyətin səbəblərini, qarşıdakı planlarını öyrənmək üçün baş məşqçi Sənan Qurbanovla danışdıq.
Sənan bəy Qaynarinfo-ya müsahibəsində hədəflərini açıqlamaqla yanaşı bir sıra məsələlərə toxundu.
- Mövsümə məğlubiyyətlə başladınız. Ümumiyyətlə belə bir başlanğıcın qarşıdakı oyunlarda futbolçulara hər hansı təsiri ola bilərmi?
- Əlbəttə, istəməzdik ki, məğlubiyyətlə başlayaq. Ancaq hazırlıq dönəmi, futbolçuların işə yanaşması məni qane edir. Oyuna nəzər salsaq futbolçularımız pis təsir bağışlamadı. Qol şanslarımız oldu, yerinə yetirə bilmədik. İstənilən halda məğlubiyyət xoş deyil. Mütləq toparlanmalıyıq. Qarşımızda uzun marafon var. Səhvlər üzərində işləməliyik. Növbəti oyunlarda bizə qələbələr lazımdır. Pozitivliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik. 
- Konfrans Liqasındakı məğlubiyyətdən sonra komandanın psixoloji hazırlığı necə idi? Mövsümün ilk matçındakı məğlubiyyətə təsir etdimi?
- Həmin gün "Soçi" daha hazırlıqlı idi. Oyundan oyuna daha da yaxşı çıxış etməyimiz onu göstərirdi ki, hələ hazırlıq dönəmini keçirik. İkinci matçda daha yaxşı təsir bağışladıq. "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. Ancaq məğlub olmamalı idik. Bilirik ki, irəliləyiş var. Sadəcə, qol imkanlarını yerinə yetirsək, istədiyimiz nəticəni əldə edə bilərik.
- Real yanaşsaq, "Keşlə" bu mövsüm çempionluğa iddia edəcəkmi?
- Xeyr, çempionluq haqqında danışmaq hələ tezdir. Heyətimiz qısadır. Çalışırıq yaxşı kollektiv yaradaq və əlbəttə ki, yüksək yerlər uğrunda mübarizə aparaq. Real danışsaq, "Keşlə"nin çempionluğa iddia etməsi hələ tezdir.
- O zaman komandanın durumu nəyə ümid verir? 
- Komandanın durumu həm kubok oyunlarında, həm də Premyer Liqada yaxşı yerlər uğrunda mübarizə aparmağa imkan verir.
- Yeni transferlər "Keşlə"yə Konfrans Liqasında kömək edə bilmədi. O cümlədən yeni mövsümün ilk matçında da özlərini yaxşı tərəfdən göstərmədilər. Onlarla bağlı hansı fikirdəsiniz?
- Büdcəmizə uyğun transferlər etmişik. Bahalı futbolçular deyil, amma potensiallarına inanıb almışıq. Bir oyunla qiyam etməyək. Qarşıda uzun marafon, həm də onların uyğunlaşma dövrü var. Komanda şəklində ideal formadan uzağıq. Gündən günə daha yaxşıya doğru addımlar atırıq. Potensiallarına inanırıq. O futbolçuları, əvvəlki komandalarında izləyəndən sonra transfer etmişik. Ona görə də daha yaxşı olacaqlarına ümidlərimiz var. 
- UEFA Konfrans Liqasında iştiraka görə kluba 450 min avro ayırdı. "Keşlə"də yaxın günlərdə yeni futbolçular görə bilərik?
- Xeyr, komandamıza ayrılan büdcə var idi. Artıq bu məsələni qapatmışıq. Bizim üçün transfer pəncərəsi bağlanıb. Qışda nələr olacaq, bunu zaman göstərəcək. Büdcəyə uyğun hərəkət edirik. Ona görə də hazırda hər hansı transferdən danışmaq yersiz olardı. 
- Sizin "Keşlə" ilə anlaşmanız bu yaya qədər idi. Yeni müqavilə barədə rəhbərliklə müzakirələr aparmısınız?
- Avrokuboklardan əvvəl müqaviləni yeniləmişik. İşbirliyimiz davam edir. Yeni müqaviləm gələn yaya, çempionatın sonuna qədərdir. 
Səbuhi Həsənov