Xəbər lenti

Səncə döyəcəklər? - FOTO
Ölkə11:45 14.10.2013

Səncə döyəcəklər? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sevinc Çılğın

Ötən bazar Zirzəmiyə yığışdıq. Oda teatrına. “Səncə döyəcəklər?” adlı tamaşaya baxmağa. Əsər Matey Vişnekindir, Zamin Hacı tərcümə edib. (Tamaşa bitəndən sonra dönə-dönə soruşdum: - doğrudan müəllif əcnəbidir? Bəlkə bu bir ədəbi oyundur? Axı bu qədər...)

Zirzəmi. Arxada bir neçə stul, yerdə döşəkçələr (oturmaq üçün). Sadə səhnə. Adi geyimdə adamlar. Situasiyanı vurğulayan musiqi. Təbii dialoqlar. Uğurlu rol bölgüsü. Və aktyor oyunu.

İlqar Cahangir. O heç, onu bilirik, peşəkar və hissi ötürməkdə son dərəcə həssas aktyordur. Onun oyununu vəsf etməyə ehtiyac duymuram, bilənlər bilir. Ancaq gənc aktyorların, üstəlik həvəskar olduqlarını nəzərə alsaq, tək kəlmə ilə əla idilər. Bu tamaşadan 3D effekti aldım. Elmin Bədəlov qorxu hissini təkcə yaşamırdı, tamaşaçıya ötürürdü. O gərginliyi, qorxunu, həyəcanı tamaşa boyu adam hiss edirdi. Avtomatik olaraq düşünürdün: “Görəsən döyəcəklər?”

... Və qəribə bir şey oldu. Tamaşanın maraqlı məqamında azan verilməyə başladı. Bunun da planlı olduğunu, daha doğrusu, məhz bu odada səsləndiyini düşünən tamaşaçılar da oldu. Amma hər şey təsadüf idi. Əlbəttə ki, buna müxtəlif izahlar vermək olar. Məsələn, sanki Tanrı özü lazım bildiyi məqamda özünü xatırlatdı. Yaxud bu bir ironiya idi – adını müsəlman qoyan bir cəmiyyətdə bir bu qədər allahsızlıq...

Təxminən 35-40 dəqiqəlik tamaşanın yarıdan çoxunu gözyaşı içində izlədim. Tamaşa bitdi, İlqar Cahangir bir az danışdı. Tamaşaçı ilə yaradıcı heyətin doğmalığı, ünsiyyəti əla atmosfer yaratdı. (O danışırdı, ancaq mənim gözyaşım kəsmək bilmirdi.)

Nə isə... Gəldiyim qənaəti deyirəm;

Oda bizim reallığımızdır. Oda bizim güzgümüzdür. Oda bizə həqiqətimizi təqdim etdi. Bir var bilmək, bir də var görmək. Oda bizə bildiyimizi göstərdi. Sadəcə GÖSTƏRDİ! Afərin Odaya!

P.S. İlqar Cahangir bizə “Biz Odanı yaşadacağıq!” dedi. Elə hamı ürəyində “biz də!” pıçıldadı.