Xəbər lenti

Serb menecer "Xəzər Lənkəran"ı günahlandırdı: "Qoy, Elnuru buraxsınlar"
İdman11:11 12.02.2016

Serb menecer "Xəzər Lənkəran"ı günahlandırdı: "Qoy, Elnuru buraxsınlar"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xəzər Lənkəran"ın transferə çıxardığı Elnur Cəfərovun Serbiyanın "Spartak" klubundan təklif aldığını qeyd etmişdik. Lakin bu keçidin alınması düyünə düşüb. Belə ki, "Xəzər Lənkəran"ın öz yetirməsinə görə istədiyi pulu Subotitsa təmsilçisi vermək istəmir.

Qaynar.info bu məsələni araşdırmaq qərarına gəlib. Əldə etdiyimiz məlumata görə, "Xəzər Lənkəran" serblərdən bu transferin baş tutması üçün 50 min dollar təzminat istəyir. Serbiya Superliqa təmsilçisi isə cəmi 10 min dollar verməyə razıdır.

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə pul məbləğini təsdiqləməsə də, bunları saytımıza dedi: "Bizə "Spartak" rəsmi şəkildə müraciət etməyib. Menecerlər vasitəsilə şifahi müraciət olunub. Elnur Cəfərov klubumuzun yetişdirdiyi ən istedadlı futbolçulardan biridir. Onu da satmasaq, kimi satacağıq?"

Bu transfer üçün qollarını çırmalayan vaxtı ilə "Qarabağ"da oynamış, indi isə menecerliklə məşğul olan serbiyalı Boyan İliç isə transferin baş tutmamasına görə "Xəzər Lənkəran"ı günahlandırır: "Xəzər Lənkəran" futbolçunu buraxmaq istəmir. "Spartak" isə müəyyən qədər pul ödəmək istəyir. Lakin klub bu məbləğlə razı deyil. Bizim isə itirməyə vaxtımız yoxdur. Xarici klub azərbaycanlı futbolçunu istəyirsə, üstəlik, buna görə pul ödəyirsə, bu, "Xəzər Lənkəran" üçün stimul olmalıdır. Çempionatızdakı səviyyənin kəskin şəkildə aşağı düşdüyü hazırkı durumda bu sizin futbolunuz üçün yaxşı haldır. Qoy, onu buraxsınlar. Biz daha kimisə narahat etməyəcəyik. Şərtlərimizi irəli sürmüşük. Cavab gözləyirik".

Qeyd edək ki, 18 yaşlı cinah hücumçusu olan Elnur Cəfərov ötən seçmə mərhələnin son oyununda - Bolqarıstanla görüşdə (0:3) əsas millimizdə debüt edib.

Qaynar.info