Avstraliyada keçirilən "Australian Open"ə buraxılmayan dünyanın 1 nömrəli raketka ustası Novak Cokoviçə görə beynəlxalq qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, sözügedən ölkəyə vizası ləğv olunan Cokoviçin deportasiya edilməsi ilə bağlı qərar çıxarılıb. Peyvənd tələblərini qarşılamadığı iddiası ilə tennisçi ölkəyə buraxılmayıb. Serbiyalı idmançı mühacirlərin saxlandığı otelə yerləşdirilib.
Baş verənlərlə bağlı Avstraliya Sərhəd Təhlükəsizliyi tərəfindən bəyanat da yayımlanıb. Bəyanatda Cokoviçin Avstraliyaya giriş tələblərinə cavab vermədiyi, müvafiq sübut təqdim edə bilmədiyi üçün vizasının ləğv olunduğu yazılıb. Bu vəziyyətdə olan insanların saxlanılaraq Avstraliyadan çıxarılacağı bildirilib.
Bu səbəbdən idmançı məhkəməyə müraciət edib. Onun vəkilləri viza ləğvi qərarına qarşı qanuni yollarla etiraz ediblər. Məhkəmədə hakim deportasiya prosesini üç gün təxirə salıb və məsələnin bazar ertəsi həll edilməsi haqda qərar çıxarıb. Avstraliyada COVİD-19-la bağlı qaydalara görə idmançıların yarışda iştirak etmək üçün ən azı iki doza peyvəndi və ya tibbi güzəşti olmalıdır. Serb tennisçi bu güzəştin ona verildiyini açıqlayıb və Avstraliyaya yollanıb.
Cokoviçin Avstraliyaya buraxılmaması Melbrunda yaşayan serbləri ayağa qaldırıb. Onlar tennisçinin saxlandığı təcridxananın qarşısına toplaşaraq dəstəklərini nümayiş etdiriblər. Onlar Serbiya bayraqları və "Novaka azadlıq” pankartları ilə səslərini hakimiyyətə çatdırmağa çalışıblar.
Novak Cokoviçin atası və anası da oğlunun yaşadıqlarına görə üsyan edib. Srdjan Cokovic Belqradda meqafonla meydana toplaşan kütləyə müraciət edib. Onlar oğullarının əsir götürüldüyünü, məhbus kimi immiqrant otelində, çirkli və yeməklərinin pis olduğu yerdə saxlanıldığını və bunun insanlığa sığmadığını bildiriblər.
Avstraliya mətbuatı Cokoviçin vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkdiyini yazıb.
Səbuhi Həsənov