"Növbəti mərhələlərdə 10-11 km-lik ərazinin delimitasiya və demarkasiyası üzrə müzakirələrə başlaya bilərlər".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yanvarın 16-da sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Ermənistan Dövlət Komissiyasının son görüşünü şərh edərkən deyib.
Tofiq Zülfüqarov bildirib ki, komissiyada müxtəlif sahələr üzrə müxtəlif mövzular müzakirə olunur:
"Burada məntiq var. Komissiyada müxtəlif sahələr üzrə müxtəlif mövzular müzakirə olunur. Bu baxımdan, komissiyanın əsasnaməsində də göstərilir ki, prosesin gedişində müxtəlif amil və faktorlar da nəzərdən keçirilir. Bu zaman iqtisadi, tarixi və s. amillər nəzərə alınır. Bu əsasnamənin mətnində göstərilib. Böyük bir işdir və onun ardıcıl şəkildə görülməsi şübhə doğurmur. Keçən müddətdə cəmi 11 km-lik ərazinin delimitasiya və demarkasiyası məsələsi öz həllini tapıb. İndi də təxminən növbəti 10-11 km-lik ərazinin delimitasiya və demarkasiya üzrə müzakirəsinə başlaya bilərlər. Komissiyanın işi irəliyə doğru bir faktordur. Bütün hallarda məsələdə tələsmək lazım deyil. Gələcəkdə, bəlkə bir ilə 10 km-lik ərazinin delimitasiya və demarkasiyasının başa çatması belə yaxşı hal olardı".
Həmsöhbətimiz prosesin illərlə uzanacağını da istisna etmir:
"Bütün hallarda təcrübə göstərir ki, bu illərlə, onillərlə uzana bilər. Azərbaycanın Gürcüstanla belə delimitasiya, demarkasiya prosesi yekunlaşmayıb. Yalnız Rusiya ilə yekunlaşıb. İranla ölkəmiz arasında quru sərhədində problem olmasa da, tərəflər arasında dəniz sərhədi hələ də müəyyən olunmalıdır".
Qeyd edək ki, 2025-ci il yanvarın 16da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın on birinci görüşü keçirilib.
Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.
Rüfət Sultan
Şərhlər