
“Şeron” musiqi qrupunun üzvü Tərlan Ələkbərov “Media forum” saytına açıqlama verib. O, qrup üzvlərinin döyüldüyü haqda iyunun 7-də mediada yayılan xəbərlərə toxunub.
Həmin xəbərlərdə deyilir ki, “Şeron” qrupunun üzvləri keçmiş deputat Hüseyn Abdullayevin bəstələdiyi “Susma” mahnısını oxuduqlarına görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar və orada zorakılığa məruz qalıblar.
Tərlan Ələkbərov deyib ki, yayılan xəbərlər əsassızdır: “Biz müğənniyik və oxuduğumuz mahnılar üçün heç kimdən icazə almırıq. “Şeron”un təzyiqə məruz qaldığı, qrup üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı, orada onlara bir daha Hüseyn Abdullayevin mahnılarını oxumamaq barədə xəbərdarlıq edildiyi haqda mediada yazılanlar yanlışdır.
“Susma” mahnısının internetdə yayılan, klip xarakterli videoya gəlincə, bu barədə suallarınızı Hüseyn Abdullayevə ünvanlamağınız düzgün olardı. Biz o mahnını oxuyanda mahnıya klip çəkilməmişdi. Sadəcə, sonradan mahnı üzərində video düzəldilib və internetə yerləşdirilib.
Biz 10 ildir ki, Hüseyn Abdullayevin mahnılarını oxuyuruq. “Susma”nı da vətənpərvərlik mövzusunda olduğu üçün sevə-sevə oxumuşuq. Klipin isə bizimlə əlaqəsi yoxdur.
Təsəvvür edin ki, Mübariz Tağıyevin “Ulu torpaq” mahnısını həmin klipin üzərinə qoysanız nə baş verər? Mövzu vətənpərvər mövzudur. Ancaq mahnıya başqa süjetlər klip kimi calanır. Mövzu tamam əks istiqamətə yönəldilir. Bu halda Mübariz Tağıyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmalıdır?”
“Susma” mahnısı internetdə müxalifətin siyasi aksiyalarından çəkilmiş görüntülərin əks olunduğu videonun müşayiəti ilə yayılıb.
Qaynar.info