Cənubi Koreyanın paytaxtı Seulda keçirilən qayayadırmanma üzrə Asiya çempionatının finalında hicabsız yarışdıqdan sonra haqqında bir çox iddialar səsləndirən iranlı qayayadırmanan Elnaz Rekabi komandası ilə birlikdə Tehrana qayıdıb.
Qaynarinfo xəbər verir ki, səhər saatlarında Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında Elnaz Rekabini qarşılamaq üçün böyük izdiham toplanıb. Hava limanının terminallarından birinə qara papaq və saçını örtən qara kapüşonla girərkən görüntülənən Rekabi oraya toplaşan insanlar tərəfindən gül-çiçəklə qarşılanıb.
Hava limanında mətbuata açıqlama verən Elnaz, Seulda keçirilən yarışmanın final mərhələsində gözlənilməz çağırışa görə hicab taxmağı unutduğunu deyib. Bununla yanaşı idmançı gərginliyə görə İran xalqından üzr istəyib və ölkəsinə rahatlıqla qayıtdığını söyləyib.
İranda çadra qaydalarına əməl etmədiyi üçün saxlanılan, daha sonra dünyasını dəyişən Məhsa Əmininin ölümündən sonra başlayan etirazların davam etdiyi bir vaxtda, idmançının yarışın final mərhələsinə hicabsız qatılması diqqət çəkmişdi. Bəzi mənbələrdə ölkədəki etirazlara dəstək kimi şərh edilən bu vəziyyətə görə Rekabinin ölkəyə qayıdandan sonra həbs olunacağı iddia edilib. İngiltərədə yerləşən fars dilində yayımlanan media qurumları matçdan sonra Rekabinin pasportunun və telefonunun əlindən alındığını, ondan xəbər olmadığını iddia etmişdi.
Mövzu ilə bağlı yazılı açıqlama verən Beynəlxalq Dırmanma İdmanları Federasiyası, Rekabinin vəziyyətindən tam xəbərdar olduqlarını və onunla bağlı İran Alpinizm Federasiyası ilə əlaqə saxladıqlarını açıqlayıb.
Səbuhi Həsənov