Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Emiliya Əmirəliyevanın məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.
Məhkəmə yolu ilə müəyyən edilib ki, Emiliya Əmirəliyeva 2014-cü il, avqust ayının 22-də Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7, mənzil 33-də qeyri-rəsmi nikah münasibətində olduğu Nicat Orucova bıçaqla xəsarət yetirib.
Hadisəyə səbəb Nicat Orucovun onu başqa kişilərlə görüşməkdə ittiham etməsi olub. Əsəblərini cilovlaya bilməyən qadın isə bıçağa əl atıb.
Törətdiyi cinayətə görə E.Əmirəliyevaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Emiliya Əmirəliyeva ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində təxminən bir il öncə Nicatla çay evlərinin birində tanış olduqlarını, sonradan bu tanışlığın isti münasibətə çevrildiyini göstərib: “Hadisə baş verən gün Nicat zəng vurub görüşmək istədiyini dedi. Etiraz etmədim. Nicat məni evdən götürüb “Yeganə” şadlıq evinin yaxınlığındakı kafelərdən birinə apardı. Orada yeyib-içəndən sonra evə getmək üçün Nicatın idarə etdiyi maşına əyləşdim. Yolda aramızda qısqanclıq zəminində mübahisə baş verdi. Mübahisə zamanı Nicat bir neçə dəfə yumruqla başıma vurdu. Onun bu hərəkətinə bərk əsəbiləşdim və maşından düşüb bacımgilə getdim. Baş verənləri bacıma danışdım və xahiş etdim ki, Nicata zəng vurub evə çağırsın, bizi barışdırsın. Nicat dostu Hacı ilə birlikdə bacımgilə gəldi, yenidən söhbət etmək üçün qonaq otağına keçdik. Artıq səhər açılırdı. Nicat yenidən məni təhqir erməyə başladı. Onun təhqirlərinə dözməyib mətbəxdən götürdüyüm bıçaqla Nicatı vurdum. Bacım Hacı ilə köməkləşib Nicatı xəstəxanaya apardılar”.
Təqsirləndirilən şəxs ifadəsində tutduğu əməldən peşmançılıq çəkdiyini, himayəsində azyaşlı uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş edib.
Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Nicat Orucov eyni məzmunlu ifadə verib. O, əlavə olaraq ifadəsində xəstəxanaya aparılarkən Emiliyaya problem yaranmasın deyə həkimlərə “Şamaxinka” adlanan ərazidə özü-özünü bıçaqla vurduğunu göstərib. N.Orucov Emiliyanı bağışladığını, ona qarşı iddia və tələbinin olmadığını deyib.
Məhkəmə Emiliya Əmirəliyevanın 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Amma barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın çəkilməsi azyaşlı qızı Xədicə Əmirəliyevanın 8 yaşına çatanadək təxirə salınıb.
Qaynar.info