
Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ölkə ictimaiyyətinə müraciət ünvanlayıb.
Müraciətdə bildirilir: "Əsrlərdir Azərbaycanın taleyüklü anlarında hər zaman millətimizin və dövlətimizin milli mənafeyini hər şeydən öndə tutan, təmsil etdiyim Qarabağ Seyid Ocaqları adından bəyan edirəm ki, yaradılması yeni elan edilən Milli Şuranın əsl fikir ağaları Rusiyada fəaliyyət göstərən və ölkəmizin bütövlüyünü istəməyən zərərli qüvvələrdir. Rusiyada təhlükəli "beyin mərkəzləri"nin uzun illərdir ölkəmizdə sabitlikdən və siyasi mühitdən istifadə edərək öz təhlükəli oyunlarını həyata keçirmək üçün fürsət axtardıqları hər birimizə məlum idi. Ən acınacaqlı məqam isə odur ki, düşmən qüvvələrin təlimatı ilə tariximizdə ən şərəfli yerlərdən birini tutan Milli Şuranın adından sui-istifadə olunması həqarətdir, xəyanətdir. Açıq şəkildə bildirirəm ki, artıq neçə müddətdir istər Bakıda, istərsə də Moskvada bu təhlükəli layihənin ölkəmizdə həyata keçirilməsi üçün hansı "səylər" göstərildiyinin şahidi olmuşam. Hətta xaricdən ölkəmizə edilə biləcək təhdid və təhlükənin ünvanını mətbuatda açıq şəkildə göstərdim.
Ən utancverici hal və tarixdə unudulmayacaq hadisə isə ölkənin bir sıra müxalifət partiya rəhbərlərinin bu Şurada "milli birlik" adı altında təmsil olunmasıdır. Tam məsuliyyətimlə bildirirəm ki, bu birliyin yaradılmasının həqiqi müəllifləri tək Eldar Namazov və Rüstəm İbrahimbəyov deyil.
Bu Şuranın "milli" adlandırılması isə vətənimiz uğrunda tarix boyunca canından, qanından keçən şəhidlərimizin ruhuna təhqir kimi qəbul olunmalıdır. Təmsil etdiyim müqəddəs Seyid Ocaqlarına sevgisi və vəfası olan yüz minlərlə ölkə vətəndaşı adına bəyan edirəm ki, milli dövlətçiliyimizə təhlükə yarada biləcək bütün güclər qarşılarında bizləri görəcək.
Müxalifətdə təmsil olunan dəyərli ziyalılara, vətənpərvər gənclərə müraciət edərək bildirmək istəyirəm ki, Azərbaycanın bütövlüyü, doğma Qarabağımızın işğaldan azadlığı naminə başqa ölkələrin emissarlarının şəxsi qisası üçün yaradılan təhlükəli qurumlardan uzaq dursunlar. Sonrakı peşmançılığın fayda verməyəcəyini indidən özünüzə təlqin edin.
Hesab edirəm ki, dövlət orqanları, xüsusən Milli Təhlükəsizlik Nazirliyi müstəqilliyimiz üçün yaranmış bu təhlükəni nəzərə almalıdır.
Mən bu çağırışla həm uca yaradanın, həm də vətənimiz qarşısında vəfa borcumu yerinə yetirmək istədim".
Qaynar.info