
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, deputat Hacı Qalib Salahzadə “POSAT” bağ-tikinti kooperativinin 28 nəfər üzvünün torpaq şikayətinə aydınlıq gətirib.
Deputat açıqlamasında həmin şəxslərin torpaq iddialarının əsassız olduğunu deyərək, bu məsələ ilə bağlı şantaj olunduğunu bəyan edib.
Q.Salahzadə kooperativ işçilərinin iddia etdikləri torpaq sahələrinin dünyasını dəyişən nənəsinə aid olduğunu deyib. “Həmin ”POSAT" bağ-tikinti kooperativi 4 hektar yerini paylayıb və bu söhbətin üstündən 25 il keçib. İndi yenidən belə bir məsələ qaldırıblar. Bu barədə məhkəmənin də qərarı var. Mənim bu söhbətlərdən xəbərim olmayıb. 10 gündür ki, belə bir söhbətin olmasından xəbər tutmuşam. Həmin yer 30 ildən çoxdur ki, nənəm rəhmətliyin yeridir. Orada ailə yaşayır. Həmin torpağı Zəfəran sovxozu o vaxt verib nənəmə. Özü də ki, şikayət edənlər, 28 yox, 26 nəfərdirlər. Kooperativin əvvəlki sədri hazırda sağdır, Rüstəmov Tofiq, o vaxt torpağı o paylayıb, öz üzvlərinə, baş mühəndis Ruhi Sadıqovun qolu ilə. Torpaq vaxtilə onların öz işçiləri arasında bölünüb. Bunlar hamısı təşkil olunmuş məsələlərdi".