Xəbər lenti

Sifətimizə vurulan altı sillə...
İdman14:34 14.10.2014

Sifətimizə vurulan altı sillə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Təməlsiz evin uçması və ya İslandiyadan nəyimiz əskikdi?


Amal Abuşov

Prinsipcə, sport7.az oxucusu millimizin Xorvatiyaya böyük hesabla məğlub olmasına təəccüblənməməlidi. Hələ İtaliyadakı qarşılaşmanın səhəri bütün olacaqları proqnozlaşdırmışdıq. Foqts və onun havadarları italyanlara minimal hesablı yenilgiyə sevinəndə, "bizimkilər yaxşı oynadı, 6 il bundan əvvəl daha çox buraxardıq” deyəndə biz acı-acı gülümsəyirdik.

Məğlubiyyət elə məğlubiyyətdi. Şərəfli məğlubiyyət axtaran adamlar xaraktersiz və qorxaq olurlar. Meydana daha az top buraxmağı düşüncəsiylə çıxan, rəqibin qapısının yerini belə bilməyən komanda bu cür biabırçılığa məhkumdu. Alman çalışdırıcının "qazandığı” uğurlar haqqında dediklərinin bircə adı var idi: YALAN! Biz də ötən yazımızda məsələni məhz bu cür araşdırmağa çalışmışdıq. "Foqts yalana nə vaxt doyacaq” sualı ətrafında fikirlərimizi bölüşmüşdük. Belə görürəm ki, almaniyalı qocanın doymaq fikri yoxdu.

Məlum məsələdi.

Bir halda ki, danışdığın yalanlarla sənə hər ay 100 min avrodan çox para qazandırır, niyə də o yalanlardan imtina edəsən? Herr Berti xorvatlarla oyundakı darmadağından sonra taktikasında kosmetik dəyişikliklər edib. AFFA-nı şantaj etmək yolu tutan hiyləgər qoca "bu vəziyyətdə Azərbaycan yığmasında öz gələcəyimi görmürəm. Menecerim AFFA ilə danışacaq” deyir.

"Bu vəziyyət” deyəndə o nəyi nəzərdə tutur? Foqts ətrafına kifayət qədər həmvətənini toplayıb, sağında-solunda almaniyalı məşqçilər var. Mahmud Qurbanovla Aslan Kərimovu isə heç yaxınına da buraxmır. Guya, AFFA başbilənləri yerli gənc məşqçilləri onun yanına təcrübə toplamağa göndəriblər. Bu faktın özü sübut edir ki, Foqts azərbaycanlı mütəxəssisləri bəyənmir, onların köməyinə hansısa formada ehtiyac duymamaqla bərabər, bizimkilərin məşqçi kimi yetişməsində maraqlı deyil. Ətrafında bir dəstə almaniyalı vəzir-vəkil saxlayan hiyləgər qoca yerli-yersiz "Neftçi”ylə "Qarabağ”ın bostanında daş atır, azərbaycanlı məşqçilərin və futbolçuların fərsiz olmasına işarə vurur.

Osiekdəki biabırçılıqdan sonra futbolçuların Foqtsa "torba tikdikləri” iddia olunur. Unutmaq lazım deyil ki, indi əvvəlki vaxtlar deyil. Dilini dinc qoymayan Mahir Şükürovla Vaqif Cavadovun milliyə çağrılmaması Foqtsun ixtiyar sahibi olmasından, AFFA-nın da sona qədər onu dəstəkləməsindən xəbər verirdi.

Futbolçular yaxşı başa düşür ki, meydandan kənarda buraxacaqları istənilən səhv onlara baha başa gələr. Herr Bertinin bircə işarəsi kifayət edər ki, AFFA istənilən futbolçunun başına "daş salsın”. Bir halda ki, Foqts özü getmək fikrinə düşüb, bu fürsəti dəyərləndirmək lazımdı. Bir də nə vaxt belə imkanımız olacaq?

Böyükhesablı yenilgi, millimizin qrupda 3-cü sıranı tutmasının faktiki qeyri-mümkün olması Foqtsdan can qurtarmaq üçün kifayət qədər ciddi əsaslar verib. Bu əsaslar bizim üçün həmişə mövcud olub. Qələm əhli və azarkeşlər onsuz da almaniyalı qocayla heç bir hədəfə çatmayacağımızı bilirdi. Artıq AFFA-da oturan başbilənlərin də qəflət yuxusundan oyanması lazımdı. Özünüzü və bu ölkənin milli formasını alçaltdığınız yetər. Futbolda qısa müddətə inkişafa nail olmağın mümkünsüzlüyünü iddia edənlər İslandiyanın keçdiyi yola baxsınlar. Siz Foqtsu bəh-bəhlə Azərbaycana gətirəndə İslandiya futbolu hansı vəziyyətdəydi? Son dünya çempionatının seçmə mərhələsində qrup ikincisi kimi "pley-off”a qatılan islandlar yeni tsiklə də fantastik start veriblər. 3 oyuna səkkiz qol vuran İslandiya yığması 9 xalla Hollandiya, Çexiya, Türkiyə kimi rəqiblərin olduğu qrupun lideridi. Özü də "qaynar bulaqlar ölkəsi”nin yığması dünən axşam Hiddinkli Hollandiyanı diz çökdürdü. Deməli, düzgün siyasət yürüdüləndə nəticəsi də olur.

Dünyada bizdən başqa ikinci bir ölkə yoxdu ki, milyonları istifadə müddəti ötmüş məşqçinin ayağının altına səpələsin, onun nazıyla oynasın, sonra da qapısını "aşsüzənə” döndərsinlər. AFFA-nın fərsiz idarəçiliyi sayəsində Azərbaycan futbolu təməli olmayan, fasadı ağardılmış binaya çevrilib. Belə bina isə gec-tez çökməyə, faciəyə səbəb olmağa məhkumdu. Süni meydançalar tikməklə, uşaqlar üçün top çiləmə festivalları keçirtməklə bizim başımızı qatır, milliyə isə ordan-burdan tapdıqları vecsiz əcnəbiləri doldururlar.

Xorvatların sifətimizə vurduğu altı sillə hamımızı oyatmalıdı. Silkələnmək və oyanmaq lazımdı.

Günü bu gün Foqts və ona havadarlıq edənlər Azərbaycan futbolundan getməlidi. Yoxsa, yeni sillələrə, yeni alçaldıcı məğlubiyyətlərə hazır olun. Unutmayın, bir gün bu "təməlsiz ev” yerlə-yeksan olub, çoxlarının başını öz qalıqları altında əzə bilər.


//sport7.az