Xəbər lenti

Sığınacağa gələn uşağa təkrar zorakılıq yaşatmaq nədən xəbər verir?
Ölkə 11:34 02.06.2022

Sığınacağa gələn uşağa təkrar zorakılıq yaşatmaq nədən xəbər verir?

"Bu uşaq zorakılıq üzündən sığınacağa gəlibsə, ona təkrar zorakılıq yaşatmaq nədən xəbər verir? Uşaqlara qarşı zorakılıq ciddi məsələdir və yolverilməzdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” qadınlar ictimai birliyinin sədri Mehriban Zeynalova "Sevgi Evi" qadın və uşaq sığınacağında baş verən hadisədən danışarkən deyib. Onun sözlərinə görə, istəlinən halda sığınacaqlar uşaqların davranışının dəyişilməsinə xidmət etməlidir: 

"Sığınacağa uşaq ona görə verilir ki, onlar qaydasına salınsın, uşağın davranışı üzərində iş getsin. Bu proses də səbir tələb edir, bundan əlavə psixoloqun iştirakı da lazımdır”. 

Sədr bildirib ki, sözügedən sığınacaqda nə baş verdiyini demək çətindir:

"Çünki bəzi hallarda sığınacaqlar digər sığınacaqlara məlumat vermir və verməyə də bilər. Bir az bundan öncə bu məsələ müzakirə olunurdu və sığınacaqlarda monitorinqlər aparıldığı deyildi. Belə hallar sığınacaqlarda işçi heyəti hazırlıqlı olmayanda baş verə bilər. Ümumiyyətlə, sığınacaqların qaydaları, hazırlıqlı işçi personalı olmalıdır. Biz bilmirik onlarda vəziyyət necəydi, amma ora yeni açılmışdı. Mən bilən böyük təcrübələri də yox idi. Bu yolverilməzdir və normal hadisə deyil”.

Qeyd edək ki, "Sevgi Evi" qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədənində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->