Xəbər lenti

“Silk Vey Vest” 2 avroya İrlandiya şirkətini, 170 milyona təyyarəsini alıb
Ekonomiks 10:33 25.09.2025

“Silk Vey Vest” 2 avroya İrlandiya şirkətini, 170 milyona təyyarəsini alıb

"Silk Vey Vest Aviaşirkəti” MMC 2024-cü ildə donanmasını genişləndirmək üçün mühüm addım atıb.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, aviaşirkət İrlandiyada qeydiyyatdan keçmiş "STLC Europe Seven Leasing Limited” şirkətinin bütün nizamnamə kapitalını rəmzi olaraq 2 avro ödəməklə əldə edib. Bununla birlikdə həmin şirkətin bütün hüquq və öhdəlikləri də "Silk Vey Vest”in üzərinə keçib.

Belə ki, 2023-cü ildə İrlandiya şirkəti "Boeing 747” yük təyyarəsini "Silk Vey Vest”ə icarəyə verib. Sonradan təyyarənin sahibi ana şirkətinə qarşı sanksiyalar tətbiq edildiyi üçün icarə müqaviləsi ləğv edilib. Nəticədə "Silk Vey Vest” artıq həmin təyyarəyə görə 138 milyon manatlıq borc öhdəliyindən azad olub. Təyyarəni geri qaytararkən nəzərdə tutulan təmir və çatdırılma xərcləri də ləğv edilib, bu da əlavə 30,4 milyon manat gəlir gətirib. 

2024-cü ilin fevralında "Silk Vey Vest” həmin "Boeing 747” yük təyyarəsinə tam sahib olmaq qərarına gəlib. İrlandiya şirkətini aldıqdan sonra onun 51,9 milyon manatlıq borcunu dərhal ödəyib, əlavə olaraq 120,6 milyon manatlıq iki kredit öhdəliyini üzərinə götürüb.

Ümumilikdə, İrlandiya şirkətini və ona aid yük təyyarəsini satın almaq üçün "Silk Vey Vest” 170 milyon manat xərc çəkib. 

Qeyd edək ki, "Silk Vey Vest”in səhmlərinin 98%-i "Silk Way Aviaşirkəti” MMC-yə və 2%-lik hissəsi isə "Silk Way Development” MMC-yə aiddir. Ümumilikdə isə aviaşirkət "Silk Vey Group”a daxil olmaqla Zaur Axundovun nəzarəti altındadır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->