
Dünyanın nüfuzlu qəzetlərindən olan “Nyu York Tayms”ın ədəbiyyat bölməsi məşhur yazıçılara konkret suallarla müraciət edir. Görkəmli yazıçılar bu rubrikada hazırda oxuduqları kitablar, onları təsirləndirən müəlliflər və başqa məsələlər barədə danışırlar. “Nyu York Tayms”ın müsahiblərindən biri əsərləri və şəxsiyyəti ilə daim gündəmdə olan Salman Rüşdü olub. Xüsusilə ədəbiyyatsevərlər üçün maraqlı olacağını nəzərə alıb, müsahibəni təqdim edirik.
- Hazırda yataq ucundakı komodunuzun üstündə hansı kitab var?
- Ta-Nehisi Koatesin təzəlikcə bitirdiyim və məni təsirləndirən “Dünya ilə mənim aramda” kitabı; onun böyründə Cek Vaterfordun “Çingiz xan” kitabı; yenidən kəşf eləmək üçün oxuduğum Con Didionun “Ağ albom”u; ən azından oxuyarkən məni qolf oyunu barədə düşünməyə vadar edən P.G. Vodhausun “Gufun qəlbi” kitabı və komodun üstündə bir müddət və yaxud həmişəlik qalacağı ehtimal edilən “Humboldun hədiyyəsi” kitabı.
- Sizə görə bütün dövlərin ən yaxşı romanı hansıdır?
- “Bütün dövrlər” uzun müddətdir. Bəzi günlər bu, bizim hamımızın içində yaşadığı Kafkanın dünyasıdır; bəzi vaxtlar bu, öz hüdudsuz təsəvvür dünyası və gözəl nəsriylə Dikkensdir. Amma yəqin ki, Ceyms Coys hamıdan daha ağır basır.
- Hansı cərəyanı oxuyanda siz məxsusi həzz alırsınız? Hansılardan yan keçirsiz?
- Mən həqiqətən oxuduqlarımı kataloqlaşdırmıram. Adətən hansısa səbəbdən diqqətimi cəlb edən kitabları oxuyuram. Amma indi bir janr var ki, işlə əlaqədar olaraq ona dalmışam. Nyu York Universitetindəki mühazirələrimlə bağlı çoxlu “nonfikşn romanlar” oxuyuram, So Meylerin “Gecə orduları”nı, Konellinin “Şindlerin siyahısı”nı, Kapotenin “Soyuq qan”ını və s.
Hansı janrlardan yan keçirəm? Pornoqrafiyadan, bu janrdır da, elə deyil?
- Ölüm fətvasından gizlənməyə çalışanda, axtardığınız hansısa xüsusi kitablar vardımı ki, sizə prosesi ötüşdürməkdə yardımçı olsunlar?
- Deməli, aydın səbəblərdən dolayı mən Maarifçilik dövrünün yazarlarına müraciət etdim. Volterin “Kandid”inə, Didronun “Fatalist Jak”ına, Russonun “Etiraflar”ına, həmçinin Con Stüart Millin “Azadlıq haqqında” əsərinə. Əlimin qüvvətdən düşməməsi üçün kitablar barədə revyular da yazırdım. Filip Rotun “Faktlar”ını çox bəynmişdim, Kurt Vonnequtun “Hokus Pokusu”unu o qədər də bəyənməmişdim, buna görə o, heç vaxt məni bağışlamadı, bu da məni kədərləndirdi, çünki mən onun digər kitablarına heyran idim: “Titanın sirenaları”na, “Pişik beşiyi”nə və əlbəttə ki, “Qəssabxana-Beş”ə.
- Sizi axırıncı dəfə güldürən kitab hansı olub?
- P.G. Vudhausun “Vusterlərin Şifrəsi”, hansı ki, özündə Kristoferin Hitçensin nitqini ehtiva edir və zənnimcə, bu, ingilis ədəbiyyatında nasizm əleyhinə yazılmış ən güclü həcvlərdən biridir:
“Sənin problemin odur ki, Spod, bir ovuc kəmağılın başını bişirib, onları qara köynəklərdə gəzdirməklə Londonun mənzərələrini korlayırsan və buna görə də özünü adam hesab eləyirsən. Sən onların “Eşq olsun Spoda!” qışqırıqlarını eşidirsən və elə güman eləyirsən ki, bu Xalqın Səsidir. Bu, sənin axmaq səhvini etdiyin məqamdır. Xalqın Səsi isə əslində belədir: “Bayraqlarının sayıyla lovğalanan o uzunqulaq Spoda bax! Sən indiyəcən belə uğurlu yoldan çıxaran görmüsənmi?”
Mən həm də deməliyəm ki, Kristofer Hitçenslə bağlı nə varsa, məni gülməyə vadar edir. Məndə çatışmayan gülüş ən çox Hitçlə bağlıdır.
- Sizi axırıncı dəfə ağladan kitab hansı olub?
- Mən oxuyarkən ağlamıram, həqiqətən, ancaq bir dəfə “Kloun Şalimar”da sevdiyim qəhrəmanın ölüm səhnəsində ağlamışdım.
- Sizi axırıncı dəfə qəzəbləndirən kitab hansı olub bəs?
- Xatırlaya bilmirəm. Adətən qəzəbləndirmə ehtimalı olan kitablardan yan keçirəm. Siyasətçilərlə bağlı kitablar adətən adamı əsəbləşdirir: Obamanın “Atamın arzuları” isə nadir istisnadır. Bir dəfə kitab mağazasında təsadüfən Donald Trampın kitabını görmüşdüm və dərhal da ordan aralanmışdım.
- Hindistanla bağlı sevdiyiniz kitablar hansılardır, hind və ya anqlo-hind müəlliflərin yazdığı?
- E.M. Forsterin yazdığı “Hindistana keçid”: Anita Desainin “Günün aydın işığı” və Suketu Mehtanın yazdığı “Maksimum şəhər” əsərləri.
- Sizin sevdiyiniz uydurma qəhraman varmı? Sevdiyiniz antiqəhraman və ya qurban?
Qəhrəman: heyvanların və ev quşlarının daxili orqanlarını məmnuniyyətlə yeyən cənab Leopold Blum. Baxmayaraq ki, o həm də antiqəhramandır. Daha çox qəhrəmanca qəhrəman... Hmm, mən o günlər daha çox Frodo pərəstişkarıydım, hərçənd cütlüyün arasında Sem Qamgi daha çox cəsur olanıydı.
Qurban: Bugünlərdə o qədər çox yaxşı qurbanlar var ki. Dikkensdə də bir neçə beləsi vardı. Yuriah Hip. Vekford Skuiers. Bu yaxınlardan isə Jozef Hellerin “Tut-22”dəki Milo Minderbinderin adını çəkmək olar.
- Uşaqlığınızda necə oxucuyduz? Sevdiyiniz kitablar və müəlliflər hansılardı?
- Mənim dövrümdə (yəqin elə indi də) Hindistandakı istənilən uşaq P.G.Vodhausun və Aqata Kristinin əsərlərindən doymaq bilmirdi. Mən onlardan dağlar boyda kitablar oxumuşam. Həmçinin Artur Rensomun “Qaranquşlar və Amazonlar”ını xoşlayırdım, çünki mənə heyratamiz gələn məqam ingilis uşaqlarına Distrikt Gölündə qayıqlarda oyunlar çıxarmağa icazə verilən azadlıq və onların macəraları idi, onlar böyüklərin nəzarəti olmadan başqa təhlükəli macəralar da yaşayırdılar.
- Bugünkü sizi siz edən bir kitabın adını çəksəydiniz, o hansı olardı?
- “Min bir gecə nağılları”
- Prezidentə bir kitabı oxumağı məsləhət görsəydiniz, o hansı olardı?
-“Min bir gecə nağılları”
- Tutalım, ədəbi nahar ziyafəti verirsiniz. Hansı üç yazıçını dəvət edərdiniz?
- Osteri, DeLillonu, Makevanı. Ölənlərdən Coysu, Prustu, Kafkanı.
- Alınmayıb, şişirdilib, sadəcə olaraq yaxşı deyil: belə bir kitab olubmu ki, xoşlayacağınızı güman etmisiz, amma xoşunuza gəlməyib. Axırıncı dəfə yarıda buraxdığınız kitab varmı?
- Xoşlayacağımı güman edib, xoşlamadığım: bunu deməyə həmişə tərəddüd eləmişəm, amma... “Midlmarş”. Yarıda qoyduğum: “Get nəzarətçini yerləşdir”.
- Kimə öz həyat hekayənizi yazdırmaq istərdiniz?
- Mən bunu artıq özüm yazmışam.
- Yazdığınız kitablardan hansını daha çox sevirsiniz, hansı sizin üçün daha mənalıdır?
- Oğullarım üçün yazdığım iki kitab: “Harun və Hekayələr dəryası” və “Luka və Həyat Ocağı”.
- Hansı kitablara təkrar, təkrar qayıdırsınız?
- Kafkaya, “Metamorfoz”a; Bellounun “Ogi Marşın Macəları”na; Borxesin “Uydurulmuş hekayələr”inə; Kalvinonun “Ağaclardakı baron”una; Qrassın “Tənəkə təbili”nə; Markezin “Yüz İllik Tənhalıq”ına; Angela Karterin “Qanlı Hücrə”sinə, Kristofer Loqun “Müharibə musiqisi”nə; Derek Valkotun “Omeros”una.
- Oxumadığınıza görə, xəcalət çəkdiyiniz kitab varmı?
- Mütaliəmdəki çoxsaylı boşluqlardan xəcalət çəkmək üçün mən artıq çox yaşlıyam. Zənnimcə, amma “Midlmarş”la münasibətimi yaxşılaşdırmalıyam.
- Növbəti dəfə hansı kitabı oxumağı planlaşdırırsınız?
- İndi daha çox təkrar mütaliə ilə məşğulam. Daha çox nonfikşn oxuyuram. Riçard Kapuçinksinin “İmperator”unu, Susan Orleanın “Orxideya oğrusu”nu, Katerin Bunun “Gözəl əbədiyyətlər arxasında” kitablarını oxumağı planlaşdırıram.
Tərcümə: Cavid Ramazanlı
Qaynarinfo.Az