Siyasi Büro üzvü ola bilməyən Morqun: Andropovun vurduğu daha bir siyasi
Onun iki dəfə Siyasi Büroya üzv olmaq şansı yaranıb. Mərkəzi
Komitəyə katib, yaxud da Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci
katib təyin olunacağı təqdirdə, o, vəzifə ranqına uyğun olaraq Siyasi Büroda təmsil
olunacaqdı. Amma Moskvadakı "böyüklərin” Ukraynaya atdıqları "böyük kötüklər”
Fyodor Morqunun siyasi karyerasına əngəl törədib. Hətta Leonid İliç Brejnevin
yaxın adamı sayılmasına baxmayaraq Morqunun yüksək vəzifəyə təyinatına mane
olmaq istəyənlər öz niyyətlərinə cata biliblər.
Maraqlıdır, niyə Fyodor Morqunun yüksək vəzifəyə təyin
olunması Kremldəki bəzi məmurları narahat edib?
Fyodor Morqun 1924-cü ildə Donetskdə anadan olub.
Dnepropetrovsk Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Sovet-alman
müharibəsinin iştirakçısı olub, ən ağır döyüşlərdə iştirak edib, 3 dəfə
yaralanıb.
Fyodor Morqun uzun illər Qazaxstanda kənd təsərrüfatı sahəsində
çalışıb və elə həmin illərdən də Brejnevlə yaxın münasibətləri yaranıb. 1962-ci
ildən Qazaxstanın Pavlodar vilayətinin ikinci katibi vəzifəsində işləyib.
Kənd təsərrüfatı sahəsi üzrə güclü mütəxəssis sayılan Morqun
1965-ci ildə Brejnevin təşəbbüsü ilə Mərkəzi Komitənin kənd təsərrüfatı şöbəsinə
sektor müdiri təyin edilib.
1969-cu ildə Morqun Qırğısıtana göndərilib və üç il
respublikanın Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində fəaliyyətini
davam etdirib.
1972-ci ildə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə
təlimatçı təyin edilən Morqun bir ildən sonra Poltava vilayətinə birinci katib
göndərilib.
Fyodor Morqun işlədiyi bütün vəzifələrdə ən yüksək nəticələr
əldə edib. Mərkəzi Komitənin iclaslarında Morqun haqqında həmişə yüksək fikirlər
söylənilib. 1977-ci ildə Brejnev ən yüksək iqtisadi göstəriciləri olan vilayətlərin
birinci katiblərini qəbul edəndə Fyodor Morqun da bu siyahıda olub. Baş katib əvvəlcə
onu tək qəbul edib. Müharibə və Qazaxstan illərini xatırladıqdan sonra Brejnev
Morqunla bağlı planlarını açıqlayıb:
- Fyodor Trofimoviç, Siyasi Büro sizin haqqınızda yüksək
fikirdədir. Biz belə düşünürük ki, siz öz gücünüzü ittifaq miqyasında realizə
etməlisiniz. Buna görə də fəaliyyətinizin Moskvada davam etdirilməsi ilə bağlı
variantlar seçirik. Siz buna hazır olun.
Sonra Brejnev Mixail Suslovu kabinetinə dəvət edib:
- Mixail Andreyeviç, Morqunu diqqətdə saxlayın. Yəqin ki,
onin haqqında siz də məlumatlısınız. Biz dəyərli kadrları irəli çəkməliyik.
Morqun ölkədə kənd təsərrüfatı üzrə ən güclü kadrdır.
Kadrlara qarşı kaprizli və qısqanc olan Suslov Morqun
haqqında müsbət fikirlərini söyləyib:
- Fyodor Morqun təkcə kənd təssərüfat sahəsində yox, elə
ideologiya sahəsində də ən fəal kommunistlərdən biridir. Onun fəaliyyəti Kremldə
həmişə diqqət mərkəzində olub.
Hər şeyə "mız” qoyan Suslovun dilindən bu fikirləri eşitmək
Brejnevin ürəyincə olub.
Amma hələ ki, münasib boş yer olmadığından Morqun fəaliyyətini
Poltavada davam etdirib.
1978-ci ilin oktybrında Mərkəzi Komitənin kənd təsərrüfatı məsələləri
üzrə katibi Fyodor Kulakovun qəfil ölümündən sonra onun boş qalmış vəzifəsinə
Morqunun və Krasnodar diyar Partiya Komitəsinin birinci katibi Medunovun namizədlikləri
irəli sürülüb. Hər iki birinci katibin şəxsi işləri Kremlə göndərilib. Adətən,
namizədlərin şəxsi işlərini Brejnevə Konstantin Çernenko təqdim edib.
Krasnodarın kurort şəhərlərindəki ticarət və ictimai iaşə obyektləri ilə bağlı
Kremlə daxil olan çoxsaylı şikayətlərə görə Medunovun namizədliyi geri
götürülüb. Morqun Mərkəzi Komitə katibi vəzifəsinə yeganə namizəd olub.
Bu təyinat hazırlığı məsələlərindən Yuri Andropov da xəbərdar
olub. Vəzifə ranqına görə Andropovun Mərkəzi Komitədə kadr məsələlərinə müdaxilə
etmək səlahiyyəti olmayıb. Yalnız Mərkəzi Komitənin sorğusu ilə DTK namizədin
keçmiş fəaliyyəti ilə bağlı probleminin olub-olmaması ilə bağlı arayış təqdim
etmək səlahiyyətində olub. Buna baxmayaraq Andropov vəzifə təyinatları zamanı
özünü kənarda saxlamayıb və bu müdaxiləyə Siyasi Büronun üzvü olması ilə haqq
qazandırıb. Qeyd edək ki, Andropov Beriyadan sonra DTK sədri kimi ikinci çəxs
olub ki, bu vəzifəni daşıyaraq Siyasi Büroda təmsil olunub.
Beləliklə, Andropov Morqunun Mərkəzi Komitəyə katib gətirilməsinə
mane olub. Öz gələcək baş katib olmaq arzusunu gerçəkləşdirmək üçün Andropov
Brejnevin kadrlarının Kremlə toplaşmasına mane olmağa cəhd edib və Morqun məsələsində
buna nail olub. O, Çernenko vasitəsilə Brejnevə təsir göstərib və Mineralnıe
Vodı şəhərində Brejnevlə Qorbaçovun görüşünü təşkil edib. Məsələ yerindəcə öz həllini
tapıb, Brejnev Qorbaçovun Mərkəzi Komitəyə katib gətirilməsinə razılıq verib.
Bir neçə ildən sonra Moskvada Qorbaçocla Morqun görüşəndə
Qorbaçov ona "üzrxahlıq” edib:
- Fyodor Trofimoviç, mən sizin namizədliyinizin irəli
sürüldüyünü bilirdim və buna qarşı heç bir mənfi fikrim də yox idi. Sadəcə, mən
Kommunist Partiyasının mənə göstərdiyi etimaddan imtina edə bilməzdim.
Morqun Qorbaçova sərt və soyuq cavab verib:
- Mənim də hər şey haqqında məlumatım var. Mən onsuz da həmin
vəzifədən imtina edəcəkdim.
Təbii ki, bu hadisələrdən sonra Qorbaçovla Morqun arasında
soyuq münasibətlər hökm sürüb. Sonralar Qorbaçov hakimiyyətə gəldikdən sonra
Ukrayna siyasi cəhətdən həssas bir bölgə olduğundan o, ehtiyatını əldən verməyib.
Onu ən çox narahat edən siyasi fiqurlardan biri Ukraynanın birinci katibi
Vladimir Şerbitski olub. 1988-1989-cu illərdə Qorbaçov Şerbitskiyə qarşı
mabarizə kampaniyasına start verib. Həmin ərəfədə qərb mətbuatı bu mövzuya
xüsusi yer ayırıb, yazılarda vurğulanıb ki, Şerbitski vəzifəsindən azad
olunacaq, onun yerinə isə real namizəd Fyodor Morqundur. Bu məqamda da Qorbaçov
öz xislətinə uyğun olaraq hiyləgər bir addım atıb. 1988-ci ildə o, SSRİ Təbiətin
Mühafizəsi Komitəsini təsis edib və Morqunu komitə sədri təyin edib. Beləliklə
də, Qorbaçov Morquna nazir statuslu vəzifə verərək onu zərərsizləşdirib, ən əsası
isə Ukraynadan uzaqlaşdırıb.
Fyodor Morqun bu vəzifədə bir il işləyib. O, 1989-cu ildə
Qorbaçovun da iştirak etdiyi Nazirlər Sovetinin iclasında ölkənin kənd təsərrüfatındakı
vəziyyəti sərt tənqid edib, heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan
yemin neft tullantılarından və kimyəvi maddələrdən hazırlanmasını cinayət
adlandırıb. Bu çıxışından sonra Morqun vəzifəsindən uzalaşdırılıb.
Ömrünün son illərini Fyodor Morqun Poltavada yaşayıb,
memuarlarını yazıb, ondan artıq kitabı çap olub.
2008-ci ildə 84 yaşlı Fyodor Morqun avtoqəzaya düşüb, həkimlər
onun həyatını xilas edə bilməyiblər...
Şərhlər