
Siyasi məhbuslara mütəmadi qəzet çatdırılması hər zaman problem olub. Məhbuslar qəzetlərin verilməməsindən, gecikdirilməsindən hər zaman şikayət ediblər. Qeyd edək söhbət hökumət qəzetlərindən getmir. Bütün həbsxanalara hakimiyyətin mədhi ilə məşğul olan qəzetlər verilir.
Bugünlərdə Müsavat başqanının müavini Tofiq Yaqublu da qəzetlərin verilməməsindən narahatlıq keçirdiklərini və bu prosesin davam edəcəyi təqdirdə aclıq aksiyası keçiriəcklərini bəyan edib. Tofiq Yaqublunun qızı Nigar Yaqublu öz “facebook” səhifəsində atasının mesajını çatdırıb: “İqtidar ən yüksək səviyyədə bəyan edir ki, ölkədə siyasi məhbus yoxdur. 13 saylı cəzaçəkmə müəssisəsində girovluqda saxlanılan biz siyasi məhbuslar “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə abunə yazılsaq da həmin qəzetləri bizə vermirlər. Niyə “Səs”, “İki sahil” kimi qəzetləri dövlətin pulu hesabına məhbuslara təqdim edilir, ancaq öz şəxsi vəsaitimiz hesabına abunə yazıldığımız qəzetlər qadağan edilir? Bir az da dözəcəyik. Əgər qəzetlərimizi verməsələr aclıq aksiyasına başlayacagıq!"
Qaynar.info