"Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının tam fiaskosu ilə başa çatdı. Paşinyan ümid etdiyi heç nəyə nail ola bilmədi, hətta humanitar blokda müzakirələr zamanı ən azı bir beçə hərbi cinayətkarı geri almağı belə bacarmadı. Ancaq ermənilər hesab edirdilər ki, Soçi görüşü postmüharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər. Onlar 12-14 sentyabr təxribatı zamanı döyüş meydanında da dönüş yarada biləcəklərinə inanmşdılar”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlər arasında keçirilən üçtərəfli görüşün yekunlarını şərh edərkən deyib. Onun sözlərinə görə, Soçi fiaskosu 12-14 sentyabr iflasının diplomatik variantı kimi yadda qaldı:
"Məsələ ondadır ki, ermənilər Söçi görüşü öncəsi üç əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdılar. Bunlardan biri Praqa görüşündən sonra Ermənistana Aİ- nin sülhməramlı missiya göndərməsi, ikincisi Ermənistanın KTMK-dan çıxması ilə bağlı açıq mövqenin ortaya qoyuması və məsələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü isə Xankəndində dırnaqarası uğurlu mitinq təşkil edə bilmələri idi. Paşinyan hesab edirdi ki, bütün bunlar Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələridir. Putin Paşinyanın Qərbə daha çox meyl etməsinin qarşısını almaq, Ermənistanın KTMK-da qalması üçün cəlbedici şərtlər formalaşdırmaq üçün Paşinyana müəyyən güzəştlər edilməsi üçün Azərbaycana təzyiq edəcək. Xankəndində Rusiya və Ermənistanın birgə təşkil etdiyi mitinq isə bu mövqeyə ictimai dəstək kimi təqdim ediləcək. Paşinyan düşünürdü ki, bu dəfə Ermənistana zopa yox kökə düşəcək. Ancaq bunların heç biri olmadı. Azərbaycan Prezidenti əvvəlcədən məsələni birdəfəlik və konkret həll etdi”.
Deputat hesab edir ki, Qarabağ problemi tarixə qovuşub:
"Problem iki il bundan əvvəl həll edilib. Əslində, bu Azərbaycanın ikinci nidası idi. Birinci nidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar. İkinci nidadan sonra isə yenə bənzər hadisələr bir qədər başqa formada təkrarlana bilər. Məsələn, Azərbaycan Qarabağımızda müstəqilliyimizi və suverenliyimiz şübhə altına alan şüarlar səsləndirən mitinq iştirakçılarını hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi əməliyyat keçirə bilər. Başqa ölkə, yəni Ermənistan vətəndaşlarının kütləvi şəkildə sərhədlərimizi pozaraq Qarabağa gəlib konstitusiyon qruluşumuza qarşı aksiya təşkil etdiklərinə görə Laçın yolunda nəzarət keçid məntəqəsi qurmaqla bu yoldan yalnız Qarabağda Azərbaycan qanunları ilə yaşayan ermənilərin keçidinə icazə verə bilər. Nəticədə bu yol humanitar yoldur və Azərbaycan vətəndaşlarının kommunikasiyası üçün nəzərdə tutulub. Üçüncü ölkələrin vətəndaşları isə Azərbaycana yalnız viza alaraq gələ bilərlər. Beləliklə, ermənilər 2020-ci ilə qədər onlara təklif edilənləri indi arzuladıqları kimi, 2020-ci ildən sonra onlara verilənləri 2022-ci il 12-14 sentyabrdan sonra arzuladıqları kimi, indi təkilf olunan sülhü də qısa müddətdən sonra əl-əl gəzməli olarlar”.
Hikmət Babaoğlu deyir ki, ermənilər Soçi görüşü fiaskosundan yaxşı dərs çıxarmalı, yeni reallığı qəbul etməlidirlər:
"Əks təqdirdə, Azərbaycanın indi təklif etdiyi sülh şərtlərini bərpa etməsi üçün özləri yalvaracaqlar”.
Bahar Rüstəmli
Şərhlər