
Mərkəzi Bank 2016-cı ilin 1-ci rübü üzrə tədiyyə balansı ilə bağlı məlumatları açıqlayıb. Məlum olub ki, bu, son 10 il üçün ən pis göstəricidir. Bununla bağlı iqtisadçı Rövşən Ağayev Facebook səhifəsində öz fikirlərini açıqlayıb:
“Mərkəzi Bank 2016-cı ilin 1-ci rübü üzrə tədiyyə balansı ilə bağlı məlumatları açıqlayıb.
Cari hesablar balansında son 10 ildə qeydə alınmayan ən böyük məbləğdə – 432.1 milyon dollar məbləğində defisit qeydə alınıb.
2015-ci ilin ilk rübündə 57.8 milyon, 2014-cü ilin yanvar-mart aylarında isə 3.3 milyard dollar profisit olmuşdu.
Tədiyyə balansının təhlili göstərir ki, hamı – istər ev təsərrüfatları, istərsə də biznes və hökumət sektoru qənaət rejiminə keçib.
Ev təsərrüfatlarının qənaəti özünü xaricdə turizmə xərclənən vəsaitlərin həcmində göstərir. Bu ilin 3 ayında xarici turizm xidmətlərinə 530 milyon dollar xərclənib – halbuki 2014-cü ilin eyni döründə bu məbləğ 814 milyon dollar, 2015-ci ildə 626 milyon dollar olmuşdu.
Biznes və hökumət sektorunun qənaət rejiminə keçməsi özünü xarici ölkələr tərəfindən göstərilən müxtəlif işgüzar xidmətlərə görə ödənişlərin kəskin azalmasından özünü göstərir. 2016-cı ildə həmin xidmətlərə 200 milyon dollar xərclənib – amma 2014-də 635 milyon dollar, 2015-də 331 milyon dollar xərclənmişdi.
Xaricdə yaşayan şəxslərin ailələrinə göndərdiyi pullar (remitanslar) da xeyli azalıb. Bu ilin ilk 3 ayında bu xətlə ölkəyə 179 milyon dollar daxil olub – əvvəlki 2 ildə həmin məbləğ 310-360 milyon dollar intervalında olmuşdu.
Neftin qiymətinin azalması Azərbaycan hökuməti ilə yanaşı xarici neft şirkətlərinin də mənfəətinin kəskin azalmasına səbəb olub. Belə ki, 2016-cı ilin 3 ayında beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin ölkədən çıxarılan həcmi (repatriasiyası) 313 milyon dollar olub – halbuki 2014-cü ildə 815 milyon dollar olmuşdu…”
Qaynarinfo.az