İdman 16:59 08.12.2022

Son vaxtlar qələbə üzünə həsrət qalan “Turan Tovuz” Gəncəyə gedir - Kapitan nə düşünür?

Sabah Azərbaycan Kuboku çərçivəsində "Turan Tovuz” səfərdə "Kəpəz”in qonağı olacaq. Qərb təmsilçiləri arasında keçirilən bu prinsipial qarşılaşmanın təbii ki, öz marağı olacaq. Üstəlik qarşılaşmanın Azərbaycan Kuboku çərçivəsində baş tutması gərginlik və marağı bir qədər də artıracaq. Azərbaycan Premyer Liqasında da son vaxtlar işləri yaxşı getməyən komandalar qələbə üçün gözünü məhz sözügedən matça dikib. 

"Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Qaynarinfo-ya müsahibəsində sabahkı oyunla bağlı fikirlərini bildirməklə yanaşı, komandasının durumuna da toxunub:

- Sabah "Turan Tovuz” "Kəpəz”lə Azərbaycan Kuboku matçında üz-üzə gələcək. Bu oyunla bağlı düşüncələrin necədir?

- Çətin oyun olacaq. Səfərdə oynayacağıq. "Kəpəz”i izləmişik, evdə yaxşı çıxış edirlər. Biz də yaxşı hazırlşamışıq. Üstəlik derbi olması oyuna bir qədər də maraq qatır. Azərbaycan çempionatı elədir ki, uzun bir marafondur. Amma kubok iki oyundan ibarətdir. Diqqətli oynayıb yaxşı nəticə ilə qayıtmaq lazımdır. Belə olan halda evdə də yaxşı nəticə əldə edə bilərik. 

- Son turda "Zirə”yə 1:2 hesabı ilə məğlub oldunuz. Meydana çıxmasan da, oyunu izlədin yəqin ki. Məğlubiyyətə əsas səbəb kimi nəyi göstərmək olar?

- Real danışaq, heyətimiz elə də geniş deyil. Başqa klublarda 30 futbolçu olur. Biri oynamayanda başqasını meydana çıxara bilirlər. Əllərində "material” var. Bizdə 3-4 nəfər zədələnəndə çox əziyyət çəkirik. Elə futbolçularımız var ki, meydana zədəli halda çıxmışdılar. Onların yerini doldurmağa çətinlik çəkirik. Futbolçularımızdan Siyanda millidə zədələndi. Henridə, elə mənim özümdə də zədə var. "Sabah”la oyunda bu vəziyyətdə meydana çıxmışdım. Baş məşqçi "Zirə” ilə matçda məni əvəzləmək istəmirdi. Amma tam sağalmağım üçün istirahət verdi. Şükür, indi yaxşıyam, artıq iki gündür kollektiv məşqlərə qoşuluram. Baş məşqçi şans verəcəyi təqdirdə oynayacağam. Oduvanın zədəsi yüngül olsa da, meydana çıxdı. Buna rəğmən, düşünürəm ki, yaxşı mübarizə apardıq. Qol buraxandan sonra hücuma getməyə məcbur olduq. Rəqib də bundan istifadə edib ikinci qolu vurdu. 1:2 məğlub olduq, ancaq xal da qazana bilərdik.

- Ümumiyyətlə, komanda Azərbaycan çempionatında son vaxtlar qələbə üzünə həsrətdir. Komandada eniş var?

- Eniş olduğunu düşünmürəm. Bəzi oyunlarda heç-heçə etmişik. Kubokda "Şamaxı”nı məğlubiyyətə uğratdıq. Yeni yaranan komandadır. Uyğunlaşma gec olur. Zədəlilərimizin, cəzalılarımızın olması təsirini göstərir. Mövsüm başlayandan bəri ideal heyətlə oynamamışıq. Məcburiyyətdən hər dəfə neçə futbolçumuz dəyişir. Məsələn, Henri üçün, demək olar, mövsüm qapanıb. Təlim-məşq toplanışına qoşulub-qoşulmayacağı bilinmir. Gürcü futbolçumuz sağalıb, təki komandaya xeyir versin. İnşallah tam ideal heyətlə birlikdə oynayanda yaxşı nəticələr qazanarıq. 

- "Turan Tovuz”da zədə hallarına digər klublara nisbətən daha çox rast gəlinir. Demək olar, hər oyun problemlər yaşanır. Bunu zəif fiziki hazırlıqla əlaqələndirmək mümkündür? Ümumiyyətlə, komandada fiziki hazırlıq hansı səviyyədədir?

- Məşqçilər fiziki məşqlər haqqında birlikdə qərar verirlər. Fikrimcə, məsələ fiziki hazırlıq deyil. Baxın, bir tur sintetik, növbəti tur isə təbii örtüklü meydançada oynayırıq. Sintetikdən ota və ya əksinə keçəndə, valah, əziyyət çəkirik. Bel ağrıyır, ən çox da əzələlərdə dartılma olur. Kobudluğa görə zədə, topuğun şişməsi və sair kimi hallar az olur. Meydançanı dəyişəndə, bərpa olmaqda çətinlik çəkirik. Masaj, vitaminlər qəbul etsək də, bu mənada əziyyət çəkirik.  "Zirə” ilə oyundan sonra, sintetik örtükdə məşq edirik. Amma sabah gedib Gəncədə təbii ot üzərində oynayacağıq. Yenə qayıdıb sintetikaya gələcəyik. Daha sonra "Neftçi” və "Qəbələ” ilə oyunlarda təbii örtüklü meydançalara gedəcəyik. 

- Ən çox narazı qaldığınız meydança hansıdır?

- Meydançaların hamısı təbii ot örtüklü olsa yaxşıdır. Amma sintetik meydança o demək deyil ki, əlimizi aşağı salıb oynamayacağıq. Oyuna çıxanda belə şeyləri düşünmürsən. Ancaq istər-istəməz təsiri olur. 

- Çempionatın geridə qalan hissəsini analiz etsək, "Turan Tovuz”un hazırkı durumunu qənaətbəxş saymaq olar?

- Komanda sıfırdan yığılmışdı. Elə futbolçu var ki, başqa klubda az şans qazanırdı, amma gəlib burada daha çox oynayır. Legionerlərin uyğunlaşması məsələsi var. Bütün bunlara baxmayaraq, düşünürəm ki, pis nəticə deyil. Bəlkə də 5-6 xal daha çox yığa bilərdik. Yəni ümumilikdə 21-22 xalımız ola bilərdi. Belədə 4-5-ci pillələrdə olan komandalardan çox da geri düşməzdik. 

- "Turan Tovuz” mövsümə yaxşı başlamışdı. Bu, sizdə belə desək, "iştahanı” artırmışdı?

- Açığı, mövsümün əvvəlində bizə deyilməmişdi ki, komanda filan yeri tutmalı, Avroliqaya getməlidir. Məqsəd mübariz, döyüşkən kollektiv yaratmaqdır. Hər futbolçu komandasının uğurlu çıxış etməsini, Avroliqaya vəsiqə qazanmasını istəyər. Həm də digər klublarla bizim büdcənin arasında çox fərq var. Elə klub var ki, 11-12 legioner alıb. 5-i zədəli olanda digər 5-ni oynadır. Legioneri legioner əvəzləyir. Bizdə isə belə deyil.

- Bir kapitan kimi legionerlərlə bağlı fikirlərin necədir? Uyğunlaşa bilirlər?

- Onlar da bacardıqları qədər komandaya xeyir verməyə çalışırlar. Məşqlərdə ürəklə işləyirlər, həvəslidirlər. Məsələn, Siyandanın yaxşı karyerası olub. İstəyir ki, kömək etsin. Uduzanda pis olur. 

- Sabah "Kəpəz”ə qarşı matçda əsas heyətdə oynamaq şansın nə qədərdir? Baş məşqçi ilə bununla bağlı müzakirə aparmısınız?

- Heyət tam olaraq bilinmir. Məşqlərdə hamını yoxlayır. Çox güman oynayaram. Ağrılarım yoxdur, baş məşqçi razılıq versə, oynamağa tam hazıram. 

Səbuhi Həsənov