Xəbər lenti

Sorğu Harrisin debatda qalib gəldiyini göstərdi: Bəs reallıq necədir? - Kofliktoloq fərqli düşünür
Dünya 16:03 11.09.2024

Sorğu Harrisin debatda qalib gəldiyini göstərdi: Bəs reallıq necədir? - Kofliktoloq fərqli düşünür

"Fikrimcə, ilk debatdan Tramp qalib çıxdı". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-da prezidentliyə namizədlər Donald Trampla Kamala Harris arasında dünən baş tutan ilk debatı şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, Trampla Harrisin debatı gözlənildiyi kimi diqqətçəkən bir debat olub:

"Debatdan öncə Kamala Harrisin həyəcanlı olduğu hiss olunurdu. Belə olmasaydı, debatdan bir neçə gün öncə onu simulyativ şəkildə imitasiya etməzdi. Bu da onu göstərir ki, demokratların namizədi respublikaçıların namizədindən çəkinir. Ona görə də debata xüsusi hazırlaşıb. 



Debata gəlincə, qarşılıqlı zərbələr gördük. Hər bir tərəf qarşı tərəfin "Axilles dabanı"nı axtarırdı. Tramp təcrübəli siyasətçi kimi Harrisi Bayden adminstrasiyasında olaraq vədlərə əməl etməməkdə ciddi arqumentlərlə ittiham etdi. Bu sual da Harrisi çaşdırdı. Harris də öz növbəsində Trampı onun keçmişilə ittiham etməyə çalışırdı. O, Trampı Rusiyanın adamı kimi ittiham etdi. Bir sözlə, proses hər ikisinin debata xüsusi olaraq hazırlaşdığını ortaya qoydu və kəskinliyilə seçildi. 

Bütün bunları nəzərə aldıqda ilk debatın Trampın xeyrinə olduğunu düşünmək olar. Çünki o daha diri arqumentlərlə Harrisi tənqid etməyə nail oldu. O, Harrislə müqayisədə daha üstün göründü".  

Qeyd edək ki, ötən gün ABŞ-da prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib. ABŞ-ın keçmiş prezidenti və indiki vitse-prezidenti bir sıra daxili siyasi məsələləri, eyni zamanda Ukrayna da daxil olmaqla, xarici siyasəti də müzakirə ediblər. 90 dəqiqə davam etməli olan debat bir qədər uzanıb, xüsusilə də Trampın uzun-uzadı cavablarına görə. CNN-in hesablamalarına görə, keçmiş prezident ümumilikdə 43 dəqiqə, rəqibi isə 37,5 dəqiqə danışıb.

Ümumiyyətlə, müzakirələrdə xarici siyasət mövzularından çox iqtisadiyyat, miqrantlarla bağlı problemlər, abortların qadağan edilməsi, demokratiyanın qorunması və hakimiyyətin sülh yolu ilə ötürülməsi, tibb və s. kimi daxili siyasət məsələləri müzakirə olunub. Bununla belə, debat zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsi, İsraillə HƏMAS arasındakı münaqişəyə də diqqət ayrılıb. 

Qeyd edək ki, CNN-in ekspress sorğunda iştirak respondentlərinin 44%-i Demokratların nümayəndəsi Kamala Harrisin ABŞ prezidentlik debatında qalib gəldiyinə inanır. 40% respublikaçı isə Donald Trampın daha yaxşı olduğunu düşünür.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->