Xəbər lenti

Sponsorları Azərbaycan futbolundan qaçırdan səbəblər
İdman08:41 25.06.2020

Sponsorları Azərbaycan futbolundan qaçırdan səbəblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün saytımızda yayımlanan Azərbaycan futbolunun sponsor problemi ilə bağlı araşdırmamız böyük marağa səbəb olub. 
Ölkə futbolunda müxtəlif sahələrdə - hakim, marketinq, klub meneceri və sonuncu dəfə "Simurq" klubunda çalışmış Zöhrab Əliyev yazıda futbol adamlarının səsləndirdiyi fikirlərə etiraz edib. 
Marketinq işləri üzrə mütəxəssis bu günə kimi ölkə futboluna gələn sponsorların qaçmasının və bu gün şirkətlərin klublarımıza yaxın gəlməməsinin səbəbini Sport7.az-a açıqlayıb: 
"İlk növbədə onu demək istəyirəm ki, ölkəmizdə kifayət qədər sponsor var idi. Təbii ki, pandemiya dövründə heç bir tərəfdaş, sponsor futbola yaxın durmaz. Ancaq bu proseslər başlamamış müxtəlif şirkətləri futbola və ümumi olaraq idmana cəlb etmək mümkün idi. 
Sual ondan ibarətdir ki, buna cəhd olubmu?! Olubsa, nə qədər peşəkarcasına təkliflər hazırlanıb və öncədən bazar araşdırması aparılıbmı?!
Bir az əvvələ, 2008-2011-ci illərə qayıdaq. Düz 11 il əvvəl futbolumuza ilk dəfə iri şirkəti sponsor olaraq cəlb etmişdim. Bir dünya avtomobil markası bizim federasiya ilə əməkdaşlığa başladı. Növbəti ildə isə bir neçə şirkət bizim cempionata və yığma komandaya tərəfdaş olaraq qoşuldu. Ən böyük uğurum isə, 2010-cu ildə ölkə çempionatının adını tender yolu ilə marketinq bazarına çıxararaq titul sponsorunun müəyyən olunması idi. 
Bildiyiniz kimi, bank sektorundan olan şirkət ölkə çempionatının adını aldı. Böyük maliyyə axını başladı və müxtəlif tədbirlər həyata keçirildi. Hətta jurnalistlər Türkiyə derbisinə aparıldı. Və bir sıra şeylər.
Ancaq vaxt keçdikcə sponsorlar futbolumuzdan imtina etməyə başladı. Səbəb isə çox sadə idi. Marketinqin qaydası var, cəlb etdikdən sonra müştərini saxlamaq. 
Bank ilə müqavilə bağlananda mətbuat konfransında söz verildi ki, gələn maliyyə Şuşa stadionunun tikilməsi üçün nəzərdə tutulur. Ancaq nədənsə bu mövzunu araşdıran jurnalist olmadı... Nəyə görə?! Çünki komandalarla avrokuboklara, milli komanda, hakimlər ilə səfərlərə getmək daha vacib idi. Bəli, araşdırma olsaydı, indi maliyyənin hara getdiyi bəlli olardı. Dünyanın iri idman təşkilatları bununla bağlı daim hesabat verir və araşdırmaya ehtiyac qalmır. Və o zaman inkişaf olur.
Bildiyim qədərilə, müştəri ilə işləmək lazımdır. Bəs sponsorların inciməməsi və bizim futbola daha yaxın olsunlar deyə bu üç ildə hansı işlər görüldü? Heç bir addım atılmadı. Nə hesabatlar göndərildi, nə məlumat verildi və ən əsası isə futbolmuzda heç bir nailiyyət olmadı. Bütün sponsorlara pulların hara getdiyi qaranlıq qaldı. Nailiyyət deyəndə, biznes və marketinq hissəsini nəzərdə tuturam. 
Azarkeş artımı olmadı, əksinə ciddi azalma oldu. Əvvələr çempionat və avrokubok oyunlarına maraq çox böyük idi. İndi isə vəziyyət o dərəcəyə çatıb ki, hətta dünya ikincisi olan Xorvatiya ilə oyuna cəmi 5000 nəfər gəlir. Ancaq bir vaxtlar bu rəqəmləri adi ölkə çempionatı oyununda görmək olardı. Televiziyada daim yayım problemleri yaranırdı. Bəzi klublar stadionda adi banner yerləşdirmək istəmirdi. Əsasnamə ilə 25 faiz PFL-ə aid idi. Ancaq görünür ki, əsasnaməni heç açıb oxumurdular.  
İndi isə ən primitiv marketinq addımı deyim... Avrokuboklara o qədər futbola aid olmayan adamlar aparıldı ki! Niyə sponsor olan nümayəndə və ya potensial sponsor ola bilən adamları aparmırdılar?! Plan üzrə işlər görülməlidir ki, sponsorların sayı artsın. Plana ciddi nəzarət olunmalı və icrası barədə daim məlumat verilməlidir. 
Yuxarıda göstərdiyim addımlar strategiya deməkdir. Bilirəm, bunun üçün peşakar kadrlar lazımdır. Hansına ki, peşəkarcasına iş görməyə və nəyisə yaxşı tərəfə dəyişməsinə imkan verilsin. Onsuz da özü pis tərəfə dəyişdi. 
Aydın görünür ki, qohumluq və dostluq zamanı çoxdan bitib. İşləyərək nəticə əldə etmək vaxtıdır. Ən azından bunu Avropa klubları 100 il öncə anlayıblar və nəticəni görürlər. Və çoxu dövlət dəstəyindən asılı olmayan klublardır. Bəs bizdə?"
İllərdir futboldan uzaq qalan Zöhrab bəydən futboldan getməsinin səbəbini də soruşduq: 
"İndiyə kimi yadımdadır. 2011-ci il idi. "Bakı" - "Xəzər Lənkəran" arasında Kubokun final oyununa bir gün qalmışdı. Bütün işlər görüldü, biletlər satıldı, sponsorlar tapıldı, lotoreya üçün pulsuz maşın danışdım... Sonu isə acınacaqlı. Kənardan iki nəfər gətirdilər və dedilər ki, tədbiri bu adamlar keçirəcək. Mən belə addımları qəbul etmirəm. Kimsə iş xatirinə susa bilər, amma mən heç vaxt. Dedim, bütün işləri görmüşük, hər şey hazırdır, bunlar niyə gəliblər?! Oyuna da 20 saat qalıb. Mənə cavab verdilər ki, narazısansa, gedə bilərsən. Mən də getdim (gülür)... Peşəkarlıq və qürur başqa bir şeydir. İşdə mənə dost lazım deyil, nəticə lazımdır.
Kubokun finalı hamının yadındadır. Dolu tribunaları müsbət hal kimi qəbul edirəm. Yəni gördüyüm iş və biabırçı vəziyyət. Həm klub medalın arxasınca çıxmadı, həm də ölkə himni futbolçular meydana çıxmamış səsləndi. Yaxşı ki, mən artıq həmin anda yox idim. Əslində, kiməsə bunlar xırda detal kimi görsənir, ancaq istənilən biznes proyekt, tədbir xırda detallardan ibarətdir. 
Təsəvvür edin ki, artıq 10 il keçib və mən hələ də sponsor gətirdiyimə görə öz pulumu almamışam (gülür)... Mən yenidən qazandım və bundan sonra da qazana bilərəm. Ancaq bu yaşananlar mənim üçün bir məktəb oldu. Bəli, neqativ bir məktəb. Ancaq çalışıram, hər şeyə pozitiv baxım.  
Futbolda olan nağıllar bitmək üzrədir. İstənilən marketinq sahəsində hədəf qoyulur, təəssüf ki, bizdə isə hədəf sadəcə işə gəlib vaxt keçirməkdən ibarətdir".
İncikliyi böyük olsa da, onun yenidən futbola qayıtma ehtimalının olub-olmadığını da öyrəndik:
"Futbola olan sevgim sərhədsizdir. Futbola o vaxt qayıtmaq olar ki, inkişaf üçün şərait olsun. İntriqa ilə məşğul olmağa vaxtım yoxdur. Hazırda çalışdığım şirkət hər cür tələbatımı ödəyir. Belə olan halda futbola niyə qayıdım? Burada qohumluq, dostluq sonuncu yerdədir. Ancaq iş prosesi maraqlandırır və mənə bu lazımdır".
Röya Kərimli