
İslandiyalı müğənni, bəstəkar, aktrisa Byörk Qudmundsdottirin müasir musiqinin ən avanqard nümayəndələrindən biri sayılır. Byörkun 30-dan çox sinqlı dünyanın 40-dan çox pop çartında yer alıb.
İnnovativ vokalçılıq, kompozisiya yanaşmaları, eksperimentallıq və art istiqamətinə görə, o, tənqidçilərin böyük rəğbətini qazanıb; bir çoxları onu "öz nəslinin vacib və uzaqgörən musiqiçisi" və "son 30 ilin ən yaxşı qeyri-pop qadın vokalçısı" hesab edirlər. "Rolling Stones" jurnalı onu "Bütün zamanların ən yaxşı 100 müğənnisi" siyahısında 16-cı yerdə, "bütün zamanların ən yaxşı 100 mahnı bəstəcisi" siyahısında isə 81-ci yerdə göstərib. 2015-ci ildə “Time” jurnalı onu dünyanın ən nüfuzlu 100 şəxsi siyahısına daxil edib. Byörk həmçinin 2000-ci ildə Kann Film Festivalında “Qaranlıqda rəqs edən” filmindəki performansına görə, Ən Yaxşı Aktrisa nominasiyasında qalib olub. Bir neçə gün əvvəl, noyabrın 21 də o, 51 yaşını qeyd edirdi. Qaynarinfo.Az Byörkun həyat qanunlarını oxucularına təqdim edir.
Byörk Qudmundsdottirin həyat qanunları
• Mən qız formasında qan fəvvarəsiyəm
• İlk albomumu 11 yaşımda yazmışam. İslandiyada bir radio şou vardı, yaxşı bir şeylər düzüb qoşa bilən istənilən kəs orda çıxış edə bilərdi. Kim fokus göstərə bilirdi, gəlib fokus göstərirdi. Salto vura bilən gəlib salto vururdu. Mən isə oxuyurdum. Hətta məktəb avtobusunda belə. Hər yerdə. Həmişə. Bu mənim bacardığım yeganə şey idi. Nəsə, axırda bir bomba oğlan bunun fərqinə vardı, anama zəng elədi, pul təklif edərək, mənim albomumu çıxarmağı təklif elədi. Anam düşündükdən sonra “hə” dedi. Mənim amma fikrimi soruşan olmadı.
• İslandiyanı tərk edib İngiltərəyə yerləşəndə 18 yaşım vardı. Mən şokdaydım. Orada, dənizin arxasında qalan İslandiya kənd kilsəsi kimi sakit görünürdü. Hələ turist vizası bumu başlanmadığından, İngiltərədə küçədə gəzən əcnəbi insanları qorxudurdu. Mən gözlərim bərələ Londonu gəzib dolaşırdım və o, mənə elə çirkli, yapışqan görsənirdi ki, əllərimi gündə 5 dəfə yaxşıca sabunlayırdım. Hələ burada çiyələk də vardı – mən ilk dəfəydi çiyələk görürdüm.
• Bir vaxtlar mən dəhşət içində elə güman etmişəm ki, Hollivudda ancaq qara “Armani” geyinmək qəbul olunur, kim ki bu ehkamı pozur, tezliklə edam olunur. Orada olanda, içim içimi yeyirdi, elə bilirdim xırda istisnaları çıxmaq şərtiylə bu xalis həqiqətdir. Və Hollivud jurnalistlərinin əlindən gələn də elə ancaq bu barədə danışmaqdır.
• Dəb mənimçün faşizmdir. Dəb jurnalları diqtə edirlər: necə əmr edirlər elə ol, itaət et, itaət et, itaət et. Dəbdən kənar paltarı geyinmək bir qadının edə biləcəyi ən böyük cinayət sayıla bilər. Bu barədə elə yazırlar, elə bil bu dəqiqə səni aparıb mərkəzi meydanda edam edəcəklər.
• İkinci əl malları mağazasına girəndə, sanki özümü narkotik eyforiyasında hiss edirəm. Maskalanmış ovçu instinktim o andaca özünü biruzə verir.
• Amerikalı jurnalistlər məni çətin başa düşürlər. Harasa sevdiyim paltarı geyinib gedəndə, onlar dərhal mənim haqqımda iyrənc şeylər yazmağa başlayırlar. Onlara niyəsə elə gəlir ki, mənim yeganə dərdim-sərim Cennifer Enistona oxşamaqdır, ancaq işi əllərimlə korlayıram.
• Məşhur olmaq xoşuma gəlmir. Məşhur olmaq qulluqçuluq kimi bir şeydir. Tualet yumaq, ya da nəsə buna oxşar bir şey.
• Musiqiçi olmaq çox asandır. Evim musiqi alətləriylə dolub daşır. Musiqi mənim evimə hopub. Ancaq mən heç zaman premyeralara getmirəm, Paff Deddinin partilərində küllənmirəm.
• Musiqi mənim üçün mübahisəsiz elmi faktdır. Cəbr kimi.
• Texniki mükəmməlik kimi şeylərə hörmət edirəm. Breyk dans oynayan uşaqlara baxanda, tez-tez bu barədə düşünürəm. Burada hər şey texnikayla əlaqədardır: kim daha çox texnikdir, o qalib gəlir. Təbiətdə olduğu kimi: cənnət quşu ən parlaq lələklərinə görə digərlərindən daha çox şanslıdır. Mən buna hörmət edirəm, ancaq qəbul etmirəm. O kəslər ki, impulsiv və vəhşidirlər, heç zaman daha texniki və riyazi baxımdan dəqiq olanları ötə bilməyəcəklər.
• Mən ritm üçün darıxıram. 14 yaşım olanda, qız pank-qrupunda zərb alətində çalırdım. Günü bu gün də söhbət ritmdən düşəndə, lənət şeytana, dil boğaza qoya bilmirəm.
• Mənim üçün insanlıq – böyük bir məşəldir. Bunu mütləq qəbul etməliyik və bütün dinləri kənara tolazlamalıyıq. Mənə elə gəlir, dünya artıq dindarların özünəvurğunluğundan yorulub. Biz ritmə möhtac duyan heyvanlarıq. Biz büdpərəstlərik. Gəlin, sadəcə barabanlarımızı döyəcləyək.
• Əgər dünyanı dəyişmək şansım olsaydı, ilk növbədə dindən xilas olardım. Pis başlanğıc deyil məncə. Ən azından bu gün din ancaq nifrət və dağıdıcılıq yayır.
• Mən dini söhbətlərdə güclü deyiləm. Ancaq xristianlıqla bir qadın kimi mübahisə edə bilərəm. İldə 13 Ay ayının olduğunu hamı bilir. Bəzi şeylər də qadınların başına ildə 13 dəfə gəlir. Lakin xristianlıq mütləq ildə 12 ay tətbiq etməliydi. Bu mütləqiydi, vəssalam. Ona görə də, onlar bizi bir aydan məhrum etdilər.
• Mən futbola hər zaman büdpərəst məhsul bayramı kimi baxmışam. 11 spermatazoid yumurtalığı təmin eləmək üçün əlləşib vuruşur. Bu məqamda mənim qapıçıya hər zaman yazığım gəlib.
• Spontan ol və heç vaxt heç nəyi planlaşdırma. Mən belə edirəm.
• Fikirləşmirəm ki, 11 sentyabr hadisələrinə reaksiya vermək adıyla oturub mahnı yazmağa ehtiyac var. Məncə, oturmaq və başqa bir şey haqqında mahnı yazmaq lazımdır. Çünki, çox şükür dünyada Buşdan və Ben Ladendən də başqa şeylər var.
• Son vaxtlar xəbər saytlarında kifayət qədər çox vaxt keçirirəm, çünki bilmək istəyirəm dünyada nə baş verir. Hər halda iş elə yerə çatıb ki, supermodellər də öz aralarında beynəlxalq siyasətdən danışırlar. Bundan artıq qaçmaq mümkün deyil. Və mən İslam barədə daha çox öyrənməyə çalışıram.
• Heç vaxt siyasi bəyənatlarla çıxış etməyəcəm, çünki bu məsələdə çox naşıyam. Ancaq mən siyasətlə yalnız fon rejimində maraqlananlar üçün asanca çıxış edə bilərəm.
• Zənnimcə, hər insanın bir missiyası var. Mənim missiyam işi tez, lap tez görməkdir. Mən 900 min müxtəlif şeyi sınaqdan keçirmişəm ki, hamısını sınaqdan keçirdiyimə əmin olum.
• Duetləri sevmirəm, kimləsə birgə işləməyi sevmirəm. Bunun üçün sadəcə olaraq vaxtım yoxdur. Hətta mənim 500 yaşım olsaydı belə, mən yenə də bunlardan uzaq durmağa çalışardım. Musiqilərimin 90%-ini özüm ərsəyə gətirmişəm, gələcəkdə də yalnız bu rəqəmin artmasını istəyərdim.
• Heç vaxt hip-hopla məşğul olmayacam. Hətta İslandiya üçün belə.
• İslandiya su fincanında bir daş kimidir. Bu daş suyun altında da ola bilər, üstündə də, o hətta köpüklər də çıxara bilər. Ancaq o heç zaman öz seçimini dərk edə bilməz. O, elə gördüyü işi görür.
• Qeyd dəftərçələrimi ortalıqda qoyub getməkdən qorxmuram. İsland dili adlanan xüsusi sirli şifrəm olandan sonra heç nə barədə ehtiyat etməyə bilərəm.
• Mənə elə gəlir, İslandiyada bir çoxları məni ingilis dilini başa düşmədiklərinə görə sevmirlər.
• Bütün islandlar kimi mən də içməyi sevirəm. Bir qayda olaraq, mən tez-tez içmirəm, amma içəndə əsl Armageddon olur.
• Məncə, rəqsdən yorulub əldən düşənədək və tamamilə özündən çıxanadək içmirsənsə, içməyin adı yoxdur.
• Bütün darıxdırıcı kitablarda siz asanlıqla belə şeylər oxuya bilərsiniz: 40 yaşlarında artıq sağlamlıq barədə düşünməyin vaxtıdır və tutalım, gecələr bir az qırmızı şərab içmək lazımdır. Damarlar, təzyiq, ürək əzələsi, hər cür cəfəngiyat. Amma gecələr mən biraz qırmızı şərab içəndə, səhərlər dünyanı ağ-qara görməyə başlayıram. Rəng görmürəm ümumiyyətlə. İçmək, rəqs etmək, kiminsə dalına ilişdirmək və fişəng atmaq – budur sağlamlıq. Əlbəttə, əndazəni aşmaq olmaz. Ayda bir neşə dəfə kifayətdir. Mən özümü bax belə tətmin etməyə çalışıram: ayda iki dəfə. Ancaq mən gözləyə bilmirəm. Ona görə də növbəti dəfə özümdən çıxanda fikirləşirəm: rədd olsun sağlamlıq və verilən bütün sözlər, əhdlər.
• Mən yalnız yorğun olanda özümün xoşuna gəlmirəm. Məsələn, heç vaxt özümə belə deməmişəm: bu gün mən gözəl olmaq istəyirəm. Sadəcə olaraq, yorğun görünmək istəmirəm. Əgər siz mənə birində eybəcər, digərində yorğun göründüyüm şəkli göstərsəniz, mən yalnız ikincisindən narahat olaram.
• Başdan ayağa qırmızı geyinən qızlardan bərbad heç nə ola bilməz.
• İlahi, interneti hifz elə. Maraqlıdır, bütün bu biznesmenlər, vəkillər, bütün bu iyrənclik və qusuntu musiqini asılı, nəzarətdə saxlamağı düşünür və hesablama aparırdılar ki, qəfildən internet ortaya çıxdı və onların bütün cəhdlərini qısa səssiz tıklayışla əvəz etdi.
• Bunu etiraf etmək qəribədir, ancaq mən hər zaman fermer olmaq istəmişəm.
Tərcümə: Cavid Ramazanlı
Qaynarinfo.Az