(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanıb)
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Nizami Gəncəvi
Zaman keçdikcə, qlobal istiləşmə, insanların sudan düzgün istifadə etməməsi həyatın var olmasının əsas səbəblərindən biri olan suyun azalmasına gətirib çıxarır.
Ekoloji təhlükəsizliyin təmin olunması üçün sudan səmərəli istifadə artıq çox vacib şərtlərdən biri olub. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, burda digər məsələ su ehtiyatlarının azalması, ekoloji tullantılar vasitə ilə çirkləndirilməsidir. Buraya Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən, transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının idarə olunması, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılması daxildir. Bundan başqa, atmosfer havasının çirklənməsi, stasionar mənbələrdən çirklənmələr, səyyar mənbələrdən çirklənmələr, torpaqların deqradasiyaya uğraması, yəni erroziya və şoranlaşma prosesləri, torpaqların tullantılarla çirkləndirilməsi, torpaq örtüyünün həddindən artıq otarılması da əsas ekoloji problemlərdən sayılır. Eyni zamanda, bərk məişət və sənaye, həmçinin, təhlükəli tullantıların tələb olunan səviyyədə utilizasiya olunmaması, tullantıların tam səviyyədə idarə edilməməsi, qeyri-qanuni poliqonların mövcudluğu, biomüxtəlifliyin, o cümlədən, flora, fauananın azalması əsas ekoloji problemlərdən hesab olunur.
Son bir neçə il ərzində Kür çayında suyun səviyyəsinin azalması isə çay ətrafı ərazilərdə yaşayıb, onun suyundan istifadə edən əhalinin suya olan ehtiyacını qarşılamaqda çətinlik yaradıb. Bunun üçün müxtəlif tədbirlər planı hazırlansa da, biz hələ də Kürün qurumaqda olduğunun şahidi oluruq. Hətta alimlər xəbərdarlıq edib ki, yaxın dövrlərdə bu ərazilərdə yaşayan insanlar köçürülə bilər.
Bəs burda əsas məsələ nədir? Bu problemin həlli üçün hansı addımlar atılmalıdır? İnsanlarda su mədəniyyəti, ekoloji mədəniyyətin formalaşması üçün hansı tədbirlər görmək lazımdır və s. kimi sualları Qaynarinfo "Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev ilə müzakirə edib:
Qlobal istiləşmə və onun yaratdığı problemlər
- Xosrov bəy, ölkəmizdə və bütün dünyada su mənbələrinin azalmasında əsas problemi nədə görürsünüz? Bununla bağlı həyəcan təbilinə ehtiyac varmı?
- Bildiyimiz kimi, ötən əsrin 50-ci illərindən sonra bütün dünyada qlobal istiləşmə gedir. Hələ bir neçə il əvvəldən məlumatlar verirdim ki, bizdə su qıtlığı çox ciddi məsələyə çevriləcək. Ümumi ölkə üzrə son əlli ildə bir dərəcə tempratur artıb, yağıntı da azalıb. Yağıntıların miqdarı azalanda da bu bizim ölkəmizdə də ilin iki-üç ayını Kürün suyunu qidalandıran bulaqların, çayların da suyu azalır. Nəticədə də Kür çayında suyun səviyyəsi azalır. İnsanlar bunu önəmsəməsə də, əslində bu, çox ciddi məsələdir. Bunun da qarşısını almaq da çox çətindir. Qısa müddətdə bunu eləmək mümkün deyil.
Əsas məsələ su ehtiyatlarından səmərəli istifadədir
- Deyirsiniz, bu, ciddi problemdir. Bəs bu problemin həlli üçün hansı işlər görülməlidir?
- Bu məsələnin həllində çıxış yolları müxtəlifdir. Əsas olan isə əlimizdə olan su ehtiyatlarından səmərəli istifadə eləməkdir. Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına malik ölkədir. Burda ümumi su ehtiyatının 32%-i Gürcüstanın payına, 28%-i Ermənistanın payına, cəmi 10%-i isə bizim payımıza düşür. Milli Elmlər Akademiyasının verdiyi məlumata görə, Azərbaycanın hazırda yeraltı və yerüstü olmaqla 35 milyard kub metr su ehtiyatı var. Qeyd edim ki, yayda buxarlanma yağıntıdan 2.7 dəfə çox olur. Bunun nəticəsində su ehtiyatının miqdarı 24 milyard kub metrə düşür. Bu da bizim ölkədə əsasən suvarmada ciddi problem yaradır.
- Suvarmada ciddi problem yarandığını deyirsiniz. Bildiyimiz kimi, hazırda dünya ölkələrində müxtəlif suvarma üsulları tətbiq edilir. Bizdə necə, bunun üçün hansı işləri görməliyik?
- Biz suvarmada da artıq ənənəvi suvarma sistemindən imtina etməliyik. Damcı və pivot suvarma üsuluna keçməliyik. Dünya ölkələri demişkən, damcı üsulu ilə suvarma İsrail metodur. Bu, sudan səmərəli istifadə eləməkdir. Burda su konkret bitkinin kökünə düşür. Suvarmada ikinci məsələ isə bizim bu suvarma ərazilərində olan kanalların hamısı torpaq mənşəlidir, beton kanallar deyil.
Su olmayandan sonra həyat yoxdur
- İllər keçdikcə Kürün suyu azalır. Bu haqda nə deyərdiniz? Alimlər hətta bu ərazilərdən bir vaxtlar insanların köçürüləcəyini də istisna etmir.
- Bəli, düzdür, o ərazilərdən insanların köçürülməsi kimi fikirlər tez-tez irəli sürülür. Hətta belə bir fikir var ki, ekvatora yaxın ərazidən ola bilsin ki, 300-400 milyona yaxın insan şimala tərəfə köçürülsün. Kürdə suyun həcmi azalır, bu vaxtda Xəzər dənizi gəlib Kürün suyuna qarışır. Bir çox əraziyə qədər gəlib çıxa bilir. Ancaq belə olanda vəziyyət qəlizləşir. Bu sulardan isə insanlar həm içməli su kimi, həm, suvarmada, heyvandarlıqda istifadə edirlər. Su olmayandan sonra həyat yoxdur.
Problem, həlli, görülən işlər...
- Xosrov bəy, bu problemin həlli nə vaxta mümkün olar?
- Bu məsələni yaxın vaxtda həll etmək qeyri mümkündür. Ancaq məsələnin həlli istiqamətində işlər görmək lazımdır. İlk növbədə yağıntının miqdarın artırmaq üçün yaşıllıqlar salınmalıdır. Daha sonra su anbarları yaradılmalıdır. Yağış sularını qışda su anbarlarına yığmaq lazımdır. Hər bir şəxs sudan səmərəli istifadə etməlidir. Biz arid (quraqlıq) ərazidə yaşayırıq. Bu məsələnin həlli yolu təkcə bizim üzərimizə düşmür. Təkcə Azərbaycanın problemi deyil, bu, regionun problemi olduğu üçün beynəlxalq təşkilatlar səviyyəsində işlər görülməlidir. Düzdür, Xəzər dənizinin suyunu da şirinləşdirmək olar, amma bu, çıxış yolu deyil. Çünki onu texniki su kimi istifadə eləmək olar və proses baha başa gəlir. Ona görə də bu, region üçün bir qlobal problemdir. Bu, regionun bütün ölkələrinin ekosisteminə təsir edəcək. Hətta qonşu İranda da bu məsələdə çox ciddi problemlər yaşanacaq.
Oksigendən sonra həyat üçün lazım olan ikinici element sudur
- Yağış sularından istifadə etmək olarmı? Bunun üçün hansı işlər görülməlidir?
- Yığılan yağış sularından suvarma və texniki məqsədlərlə istifadə etmək olar. Məsələn, şirin sularla avtomobil yuyurlar. Bu nə dərəcədə doğrudur? Bunu alternativ yolla həll etmək lazımdır. Məsələn, İsrail və Ərəb ölkələrinin bir çoxunda sudan təkrar istifadə edirlər. İstifadə olunan suyu dezenfeksiya edib təkrarən istifadəyə yararlı hala gətirirlər.
- Əsas məsələ bu istiqamətdə insanların maarifləndirlməsidir. Necə düşünürsüz, nələr etmək olar?
- Susuz həyat yoxdur. İnsan orqanizmi suyunun 25%-ni itirən kimi məhv olur. Oksigendən sonra həyat üçün lazım olan ikinici element sudur. Ancaq biz onun qədrini bilmirik. Suyun qədrini bilmək üçün ekoloji mədəniyyət, ekoloji etika olmalıdır. Elə insanlar var, suyu səmərəsiz istifadə edir, elə yerlər var ki, bir damcı suya həsrətdir. Su olmasa, bitkilər də olmayacaq, kənd təsərüffatı məhsulları olmayacaq. Su olmasa bitkidə hətta mayalanma da getmir. Bu da ərzaq qıtlığına gətirib çıxaracaq. Qiymətlər bahalaşacaq, bu da insanların həyatının bahalaşmasına gətirib çıxaracaq. Hər insana təxminən bir gündə 2.5-3 litr su lazımdır. Ayda isə 150-200 litr. Bu mövzuda insanları həm də maarifləndirməyə çox böyük ehtiyac var. Çünki insanlar elə başa düşür ki, bu su həmişə belə olacaq. Ancaq mən deyirəm ki, bir gün krantı açacağıq, su gəlməyəcək. İnsan ömrü boyu 50 tona qədər su içir. Bəs su olmasa nə olacaq? Su olmasa, həyat olmayacaq, ancaq biz onun qədrini bilmirik, dərk eləmirik. Ona görə də insanalar arasında çox güclü maaarifləndirmə işləri görmək lazımdır. Xüsusi ilə məktəblərdə, təhsil müəssələrində kiçik yaşlarından başlayaraq uşaqlarda ekoloji şüur formalaşdırmaq lazımdır. Əhalinin sayı artır, sudan istifadə artır. Ancaq su artmır. Əksinə azalır. Yer kürəsində 1.5 milyard insan su çatışmazlıqdan əziyyət çəkir. Bu, artıq ekoloji böhran deyil, ekoloji fəlakətə gətirib çıxaracaq.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.